Monakoda “Bakı-2019” UEFA Avropa Liqasının loqosu təqdim olunub

227

Avqustun 31-də Monakoda “Bakı-2019” UEFA Avropa Liqasının loqosunun təqdimatı olub.

NUHÇIXAN AFFA-nın saytına istinadla xəbər verir ki, loqoda UEFA Avropa Liqasının kuboku Bakının lokal xüsusiyyətlərini əks etdirən ecazkar arxitektura nümunələrinin fonunda təsvir olunub. Loqonun dizaynında Azərbaycan Dövlət Akademik Filarmoniyası, Alov Qüllələri, Qız Qalası, Heydər Əliyev Mərkəzi və Hökumət Evi kimi məşhur tikililərin təsvirindən istifadə olunub. Loqonun brendinqi Avropa qitəsini və Azərbaycanın paytaxtı Bakı şəhərini əhatə edəcək yarışın dinamik təbiətini və coğrafi xüsusiyyətlərini tərənnüm edir.

Azərbaycan dünyada “Odlar Yurdu” kimi tanınır. Buna görə də loqoda “A” hərfi alov dilimləri formasında oyularaq dizayn edilib.

“Buta” naxışı isə milli geyimlərimizdə, xalçaçılıqda, eləcə də toxuculuq sənayesində çox istifadə edilir. Bundan ilhamlanaraq, UEFA Avropa Liqası üçün gələcəkdə müxtəlif dizayn işlərində istifadə edilə biləcək xüsusi “Buta” naxışı hazırlanıb.

“Bakı-2019” finalı üçün yeni mövsümün başlanğıcında təqdim edilən əsas dizayn elementlərindən də istifadə olunaraq hazırlanmış xüsusi loqo Bakı şəhərinin qədim və müasir xüsusiyyətlərini əks etdirir. Avropanın gələcək futbol turnirlərində və yarışlarında, eləcə də müxtəlif təqdimatlarda və reklam işlərində loqonun daha da təkmilləşdirilməsi qarşıya qoyulan məqsədlərdəndir.

Yeni loqonun brendiqi UEFA-nın marketinq tərəfdaşlığı, həmçinin TEAM Marketing AG və Turquoise brendinq agentliklərinin əməkdaşlığı ilə hazırlanıb.

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA Avropa Liqasının qrup mərhələsinin Monakoda keçiriləcək püşkatma mərasimindən əvvəl Bakı şəhərinin qitənin ikinci mötəbər futbol tədbirinə ev sahibliyi etməsi ilə bağlı açıqlama verərək deyib: “Nüfuzuna görə ikinci ən böyük klublararası futbol turnirinin – UEFA Avropa Liqasının final oyunu təşkilati baxımdan AFFA üçün ilk təcrübə deyil. 2012-ci ildə FIFA U-17 qızlar arasında dünya çempionatı, 2016-cı ildə isə UEFA U-17 Avropa çempionatı ölkəmizdə keçirilib. Amma söhbət bir mötəbər oyundan və çox nüfuzlu klub turnirinin final qarşılaşmasından gedirsə, təbii ki, UEFA Avropa Liqasının final matçı həm AFFA, həm paytaxtımız, həm də Bakı Olimpiya Stadionu üçün möhtəşəm bir ilkdir. Bu oyunun ev sahibi hüququnun əldə olunması, hazırlıq işlərinin görülməsi prosesində dövlətimizin, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik.

Prezidentin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq, 2019-cu il mayın 29-da keçiriləcək final oyununa hazırlıq davam edir. İnanırıq ki, Bakıda keçiriləcək final oyunu UEFA Avropa Liqası turnirinin indiyədək keçirilmiş final qarşılaşmaları arasında ən yaxşılardan biri, bəlkə də birincisi olacaq”.

UEFA Avropa Liqası turnirinin bu gün keçiriləcək püşkatma mərasiminin Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Elxan Məmmədov deyib: “Qarabağ” növbəti dəfə ölkəmizin futbol ictimaiyyətini sevindirərək qrup mərhələsinə vəsiqə qazanıb. Bu həm də o anlama gəlir ki, gələn ilin mayında Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda “Qarabağ”ın da çıxış etmək şansı var. Bu, bizim böyük arzumuzdur. Ölkəmizin futbolsevərləri ilə birgə “Qarabağ”ı finalda görmək arzumuzun gerçəkləşməsi ümidlə UEFA Avropa Liqasının bu mövsümünü daha həyəcanla izləyəcəyik. Düşünürəm ki, finalda hansı komandaların çıxış etməsindən asılı olmayaraq, azarkeşlər Bakıda əsl futbol bayramı yaşaya biləcəklər. Bakı şəhərinin gözəlliyini görmək, Bakı Olimpiya Stadionunun əzəmətini hiss etmək istəyən komandalar Avropa Liqasının 2019-cu ildə keçiriləcək final qarşılaşmasına vəsiqə qazanmaq üçün səylərini əsirgəməyəcəklər. Mübarizə, gözəllik və əzəmət görmək istəyən komandalar, söz sizindir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: