Sentyabrın 14-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Şuradan NUHÇIXAN-a verilən məlumata görə, iclasda teleradio yayımçılarının yeni mövsümə hazırlıq vəziyyəti, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” 1 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun və kabel şəbəkəsi (İP TV) yayımı zamanı qanunvericiliyin icra vəziyyəti müzakirə olunub.
İclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun 12.2, 14.1.4-cü maddələrinin tələblərinin teleradio yayımçıları tərəfindən icra edilmədiyi vurğulanıb, edilmiş xəbərdarlıqdan sonra müvafiq tədbirlərin görülmədiyi təqdirdə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilib. İclasda, eyni zamanda, kabel şəbəkəsi yayımçıları tərəfindən teleradio təşkilatlarının razılığı olmadan onların verilişlərindən (proqramlarından) istifadə edilməsinə və ya mülkiyyətçilərin razılığı olmadan proqramların (verilişlərin) yayımlanmasına, köçürülməsinə (tirajının çoxaldılmasına), satılmasına və ya kütləvi nümayişinə görə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı məsələ müzakirə edilib.