Hər bir ölkənin inkişafını təmin edən başlıca şərtlərdən biri təhsildir

244

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.

Ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası Azərbaycanda ixtisaslı milli kadrların hazırlanmasının əsasını qoymuş, iqtisadi potensial inkişaf etdirilmiş, sosial­mədəni, elm-təhsil və milli-mənəvi dəyərlər dirçəldilmiş, bu yolla gələcək müstəqillik üçün etibarlı zəmin yaradılmışdır. Dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmiş, bu sahədə kompleks islahatlar həyata keçirilmişdir. “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”, – deyən ulu öndərin təhsil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən təhsil sistemində yenidənqurmanın həyata keçirilməsi, həm təhsil alanlar, həm də təhsil verənlər üçün əlverişli şəraitin yaradılması, təhsilin inkişafı istiqamətində dövlət proqramları və sərəncamların imzalanması təhsilimizin daha da inkişaf etdirilməsinə xidmət göstərir.

Naxçıvan Muxtar Respublikasında da bütün sahələrlə yanaşı təhsil sistemində də görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil siyasəti çox uğurla davam etdirilməkdədir. Bunun ifadəsidir ki, son 23 ildə muxtar respublikada 200-dən çox təhsil müəssisəsi öz fəaliyyətini müasir tədris şəraiti yaradılmış məktəblərdə davam etdirir. Quruculuq tədbirləri 2018-ci ildə də geniş vüsət alıb. İlin ötən dövrü ərzində 3 ümumtəhsil məktəbi üçün yeni binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu tədbirlər muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrini də əhatə edir. Belə ki, cari ilin may ayının 16-da Naxçıvan Müəllimlər İnstitutunun tədris kompleksi, sentyabrın 13-də isə Tibb Kollecinin binası istifadəyə verilib. Hazırda Naxçıvan şəhər 5 nömrəli, Şərur rayon Kosacan, Kərimbəyli, Babək rayon Aşağı Buzqov, Yuxarı Buzqov, Ordubad rayon Dəstə, Culfa rayon Qazançı kənd tam orta məktəblərində tikinti və yenidənqurma işləri davam etdirilir. Eyni zamanda Ordubad Rayon Uşaq-Gənclər İdman Məktəbi, Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzləri üçün müasir şərait yaradılır.

Müasir informasiya mühitinin yaradılması, gənclərin informasiya cəmiyyətinə hazırlanmasını təmin etmək üçün bu gün informasiya və kommunikasiya texnologiyalarının ən son nailiyyətləri təhsil müəssisələrinə tətbiq edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası bütün təhsil müəssisələrində təhsilin keyfiyyətinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmiş, yeni təlim üsullarının tətbiqinə əlverişli imkan yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər.

Muxtar respublikamızda ümumtəhsil məktəblərinin kitabxana şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi və şagirdlərin dərsliklərlə təminatı da diqqət mərkəzində saxlanılır. 2005-ci ildən indiyədək məktəblərə 2 milyon 710 min 741 nüxsə dərslik paylanılıb.

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların təhsilinə də ciddi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq 2017-2018-ci tədris ilində ümumtəhsil məktəblərinə 932 sağlamlıq imkanı məhdud uşaq cəlb edilmişdir. Onların 88-i birinci sinif təhsilini başa vurub. 103 sağlamlıq imkanı məhdud uşaq məktəbdənkənar tərbiyə müəssisələrinə cəlb olunub.

Təhsil müəssisələrində oxunması zəruri olan kitablardan ibarət sərgilər hazırlanıb, bu kitabların mütaliəsi və müzakirəsinin keçirilməsi təmin edilib. Bunlar isə gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasında mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqlarının artırılması təhsilə, təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsidir. Bu sərəncam müəllimlərin işə məsuliyyətlərini bir daha artırıb.

Bu ildən etibarən pedaqoji kadrların işə qəbulu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilir. Bu, ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatında əvvəlki illərdə yol verilmiş nöqsanların aradan qaldırılması və bu prosesin şəffaf həyata keçirilməsində mühüm rol oynamaqdadır.

Təhsilə göstərilən dövlət qayğısı və yaradılmış şərait nəticəsində şagirdlərin təhsilə marağı artmış, ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələri ilbəil yaxşılaşmışdır. 2018-ci ildə tam orta təhsil bazasından Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla məzunlardan 2519-u, yaxud 84 faizi ali məktəblərə qəbul üçün sənəd vermişdir. Ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda iştirak edən məzunlardan 1554-ü ali təhsil müəssisələrinə, 227-si müxtəlif ali hərbi məktəblərə qəbul olmuşlar. Ümumilikdə 1781 nəfər, yaxud sənəd verənlərin 71 faizi ali məktəb tələbəsi adını qazanmışdır.

Muxtar respublikamızda fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahəyə marağı artırmışdır. Bu il muxtar respublikanın ümumtəhsil məktəblərindən ümumi orta təhsil bazası üzrə 1185, tam orta təhsil bazası üzrə isə 320 olmaqla 1505 məzun orta ixtisas məktəblərinə qəbul üçün sənəd vermiş və onlardan 615-i tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul olanların 331-i, yaxud 21,5 faizi 500-700 arası bal toplamışdır. Bu il ali məktəblərə qəbulda muxtar respublikanın 118 məktəbinin məzunları 500-700 arası yüksək nəticə göstərmişdir. Həmçinin 500-700 arası bal toplayan məzunlardan 182-si muxtar respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil almağa üstünlük vermişlər.

Muxtar respublikamızın ali təhsil müəssisələrində yaradılan yüksək təhsil şəraitinin nəticəsidir ki, abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük verirlər. 2018-ci ildə 1170 nəfər ixtisas seçimi zamanı Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçmişlər ki, onlardan da 744-ü Naxçıvan Dövlət Universitetinə, 215-i “Naxçıvan” Universitetinə, 211-i isə Naxçıvan Müəllimlər İnstitutuna qəbul olmuşlar.

O da qeyd olunmalıdır ki, 2017-2018-ci tədris ilində məzunlardan 13-ü “Qızıl”, 11-i “Gümüş” medallara, 151-i isə fərqlənmə attestatına layiq görülmüşdür. Həmin məzunlar onlara göstərilən etimadı doğrultmuş, “Qızıl” və “Gümüş” medallara layiq görülənlər qəbul imtahanlarında 620-695, fərqlənmə attestatına layiq görülənlər isə 500-700 arası bal toplamışlar.

Muxtar respublikada hər il yüksək bal toplayan tələbələrlə Ali Məclis Sədrinin görüşünün keçirilməsi bir ənənə şəklini alıb. Avqust ayının 20-də ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrlə görüşdə Ali Məclisin Sədri demişdir: “Bu gün ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası ölkəmizin intellektual potensialının yüksəlişinə öz töhfəsini verir. Artıq Azərbaycan dünyada təkcə sabitliyin təmin olunduğu və iqtisadiyyatı inkişaf edən ölkə kimi yox, həm də elm və təhsil ölkəsi kimi tanınır. Naxçıvan Muxtar Respublikasında da təhsil quruculuğu əsas vəzifələr sırasındadır. İstər ümumtəhsil, peşə, istərsə də orta ixtisas və ali təhsil məktəblərində yaradılan şərait hərtərəfli inkişaf edən, formalaşmış gəncliyin yetişməsinə hesablanıb. Yeni texnologiyaların və distant təhsilin tətbiqi, müasir tədris metodlarından istifadə dünya təhsil sisteminə inteqrasiyanı sürətləndirib. Ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan 5337 kompüter və 600-dən artıq elektron lövhə quraşdırılmış, şagirdlərin istifadəsinə zəngin fonda malik kitabxanalar, laboratoriyalar və fənn kabinələri verilmişdir. Təhsilə göstərilən davamlı qayğının və müasir yanaşmanın nəticəsidir ki, tədrisin keyfiyyət göstəriciləri xeyli yüksəlmişdir. Hər il ali məktəbə qəbul olunanların və yüksək bal toplayanların sayının artması bunu bir daha təsdiq edir”.

Muxtar respublikada aparılan uğurlu ordu quruculuğu gənclərin hərbi təhsil sahəsinə marağını xeyli artırmış, Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 490 şagird sənəd vermişdir. Onlardan 328-i hərbi tibbi komissiyadan keçərək imtahanlarda iştirak etmək hüququ qazanmışdır. Həmin şagirdlərdən 29-u Hərbi Liseyə qəbul olmuşdur. Bununla yanaşı, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən liseylərə də qəbul uğurlu nəticələrlə başa çatıb. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul üçün 388, Qızlar Liseyinə isə 213 şagird sənəd vermişdir. İmtahanın nəticələrinə əsasən 60 şagird Naxçıvan Qızlar Liseyinə, 60 şagird Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olmuşlar.

Muxtar respublikamızda hər il Bilik Günü yüksək əhval-ruhiyyə ilə qeyd olunur, əlamətdar gündə təhsil ocaqları öz qapılarını şagird və tələbələrin üzünə açır. Bu gün yaradılan şərait, təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısı övladını ilk dəfə məktəbə göndərən hər bir valideyndə onun yaxşı təhsil alacağına, gələcəyinin etibarlı əllərdə olduğuna əminlik yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: