Konfrans iştirakçıları  Naxçıvanla tanış olublar

165

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində keçirilən “Türk-islam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri”nin 2-ci beynəlxalq konfransının iştirakçıları muxtar respublikanın tarixi abidələri, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olublar.
Konfrans iştirakçılarının səfər təəssüratlarını oxucularımıza təqdim edirik.

Fırat Purtaş – TÜRKSOY-un Baş katibinin müavini, professor, doktor: – Əvvəlcə onu qeyd edim ki, türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulmasında müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin böyük rolu olub. O, həmişə türk xalqları ədəbiyyatlarının dünəninə, bu gününə, qarşılıqlı əlaqələrinə, Türk dünyasının məşhur yazarlarının yaradıcılığına, bir sözlə, türk xalqlarının söz sənətinə böyük diqqət yetirib.
Bu gün Türk dünyasının UNESCO-su və türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat olaraq dahi rəhbərin doğulub boya-başa çatdığı, doğma və bir o qədər də əziz olan Naxçıvanda olmaqdan ayrı bir qürur və sevinc hissi duyuruq.
Bu il yaradılmasının 25-ci ili tamam olan TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) İslam Mədəniyyətinin Paytaxtı Naxçıvanda və bu əhəmiyyətli tədbirin keçirildiyi ali təhsil ocağı “Naxçıvan” Universitetində “Türk-islam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri”nin II Beynəlxalq konfransını gerçəkləşdirir. Bu konfransın “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış mərasimi ərəfəsində təşkil edilməsinin əhəmiyyəti çox böyükdür. Çünki qədim tarixi və mədəniyyəti olan diyarınız İslam aləmi və Türk dünyasında böyük bir mövqeyə malik olmaqla, özündə türk-islam mədəniyyətinin zənginliklərini birləşdirir. Qabaqcıl şəxsiyyətlər yetişdirən bu müqəddəs məkan, əminəm ki, gələcəkdə də türk-islam mədəniyyəti sahəsində əməkdaşlığın artırılmasında mühüm rol oynayacaq. Biz gələcəyimizi birlikdə inşa etmək istəyiriksə, keçmişimizdən güc almalıyıq, türk-islam mədəniyyəti üçün vacib əsərlər qoyub gedən qabaqcıl şəxsiyyətlərin, irfan məktəbi alimlərinin əsərləri ilə yaxından tanış olmalıyıq. Xüsusilə də gələcəyimiz olan gənclərin bütün bunlardan xəbərdar olması çox vacibdir. Bu baxımdan bugünkü konfransın çox böyük faydası olacaq.
İnanıram ki, TÜRKSOY-un rəhbərliyi altında irfan məktəbinə dair fikir mübadilələri bundan sonra da genişlənəcək, müsəlman ziyalılarından İsmayıl bəy Qaspıralının da ifadə etdiyi kimi: “Dildə, fikirdə, işdə bir” olmağımız üçün göstərilən səylərə kömək edəcəkdir. Türk dünyası olaraq bizim bundan sonrakı vəzifəmiz irfan məktəbinə sahib çıxmaq, mədəniyyət dəyərlərimizi qoruyub saxlamaq və ən əsası gələcəkdə də bu məktəbin davamçılarını yetişdirməkdir.
Kojogeldi Kuluyev – TÜRKSOY-un Qırğızıstan təmsilçisi: – Naxçıvana ilk dəfədir, gəlirəm. Bu şəhər çox xoşuma gəldi, təmizliyi və gözəlliyi ilk tanışlıqda məni valeh etdi. Həqiqətən, Naxçıvan tarixi, mədəniyyəti ilə Türk dünyasında önəmli yerə malikdir. Biz burada “Türk-islam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etdik. Konfransda Naxçıvandan, Türkiyədən və digər türk dövlətlərindən elm adamlarının maraqlı çıxışları oldu. Mən isə “Türk dünyası ədəbiyyatında Çingiz Aytmatovun imzası” mövzusunda çıxış etdim. Düşünürəm ki, bu konfrans hamı üçün maraqlı və faydalı oldu. Digər tərəfdən Naxçıvan şəhəri bu il İslam Mədəniyyətinin Paytaxtı statusunu daşıyır. Bununla bağlı da möhtəşəm bir tədbir keçirildi. Bu tədbirlərin hər ikisi bir daha Naxçıvanın Türk və İslam dünyasındakı mövqeyini göstərir.
Naxçıvanın tarixi zənginliyi belə deməyə əsas verir ki, gələcəkdə bu qədim şəhər Türk dünyasının da mədəniyyət paytaxtı ola bilər və sözün həqiqi mənasında, buna layiqdir. Ümumi qənaətim isə belədir ki, Naxçıvan bizim hər birimiz üçün doğma məkandır.
Oğuzxan Aydın – Ankara Yıldırım Bəyazit Universiteti, doktor: – Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması çox böyük hadisədir. Bu münasibətlə Türkiyə Cümhuriyyətinin bir təmsilçisi kimi Şərqin qapısı Naxçıvanda olmaqdan çox böyük qürur duyuram. Çünki duyğuları, düşüncələri, adətləri eyni olan iki xalqın nümayəndələri arasında bundan gözəl hiss ola bilməz.
Naxçıvan İSESCO-nun bu böyük layihəsinin təsadüfən paytaxtı seçilməyib. Hər şeydən əvvəl, Naxçıvan dünyanın bəzəyi, Türk dünyasının döyünən qəlbidir. Bura Nuh yurdu, müqəddəs məkandır. Konfransdakı çıxışlarımız, keçirdiyimiz görüşlər və tanış olduğumuz tarixi zənginliklər İslam Mədəniyyətinin Paytaxtı olan Naxçıvan haqqında zəngin təəssüratlarımızın yaranmasına səbəb oldu. Düşünürəm ki, bu gün buradakı bütün qonaqlar Naxçıvanı yenidən kəşf etdilər.
Askar Turganbayev – TÜRKSOY-un Qazaxıstan təmsilçisi: – Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Azərbaycanın qədim diyarı Naxçıvanda Türk və İslam dünyası üçün böyük əhəmiyyət kəsb edən tədbirlərdə iştirak etmək bizim üçün çox qürurvericidir. Çünki Naxçıvanın həm Türk dünyasında, həm də İslam dünyasında böyük yeri var. Beş min il bundan əvvəl burada şəhər mədəniyyətinin formalaşması, sonrakı dövrlərdə elm, ticarət və mədəniyyətin inkişaf etməsi, Böyük İpək Yolunun üzərində yerləşməsi Naxçıvanın Şərqlə Qərb arasındakı rolunu daha da gücləndirib.
Naxçıvan tarixin bütün dövrlərində Türk dünyasına, ümumilikdə isə bəşər tarixinə böyük töhfələr verib, görkəmli şəxsiyyətlər bəxş edib. İslamın yayılmasından sonrakı dövrdə isə Naxçıvan İslam mədəniyyətinin inkişafında böyük rol oynayıb. Bu gün Naxçıvandakı türk-islam abidələri bu zəngin tarixi keçmişi bir daha göstərir. Konfransda da bu qədim diyarın zəngin tarixi, mədəni irsi haqqında maraqlı fikirlər söylənildi. Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi Naxçıvanın Türk dünyasına yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır.
Digər tərəfdən mən şəhərlə bağlı qənaətlərimi bölüşmək istəyirəm. Səfər müddətində biz Naxçıvan şəhərini də gəzdik, buradakı tarixi abidələrlə, muzeylərlə tanış olduq. Şəhər çox təmiz və gözəldir. Həyat burada sakitcə öz axarında davam edir. Şəhərin simasında qədimlik və müasirlik əhəngdarlıq təşkil edir. Arxitektura cəhətdən çox nizamlıdır. Hiss olunur ki, Naxçıvanda tarixə böyük sevgi ilə yanaşılır, müasirlik elementlərindən qədərində istifadə olunur. Ümumiyyətlə, Naxçıvanın müasir siması, həyat tərzi yaddaşımızdan uzun müddət silinməyəcək.

“Şərq qapısı” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: