Daylaqlı kəndi xoş günlərini yaşayır

250

Ulu dağların  ətəyinə sığınan kəndlərimizin  bugünkü mənzərəsinə baxdıqca onların bir neçə il öncəki görkəmini xatırlayanlar bu gün də o nimdaş evlərin görkəmini, uçuq-sökük yolların bərbadlığını, torpaqdan uzaq düşmüş, zəhmətə yadırğamış camaatın yoxsul vəziyyətini unutmayıblar.  Bəli, on illər öncə kəndlərimizin belə bir miskin görkəmi var idi.  İndi ölkəmizdə elə bir bölgə, rayon, qəsəbə və kənd yoxdur ki, orada iqtisadi inkişafın dinamikası duyulmasın, hiss edilməsin. O kəndlər bu gün abadlığı, çıraqban evləri, könülaçan mənzərəsi ilə göz oxşayır. Yenidən kəndə  dönən insanların zəhməti ilə hər yerdə bir həyat qaynarlığı duyulur. Bağlarda, qollu-budaqlı meyvə ağaclarının kölgəsində belə şəhər rahatlığı yaradılıb. Kəndlərdə yaxşı gün-güzəran üçün yaradılan şəraitlə, dövlətimizin hərtərəfli qayğısıyla gözləri gülür, üzləri nurlanır  insanların.  Geniş quruculuq və abadlıq işlərini görəndə qəlblərini fərəh hissi bürüyür. Şahbuzun  Daylaqlı kəndi də bu qayğıdan, diqqətdən kənarda qalmamışdır. 

Kəndə göstərilən qayğı nəticəsində  sakinlərin məişət şəraiti yaxşılaşdırılıb, onların rahat yaşayışı üçün qaz, elektrik, rabitə xətti də çəkilib. Suyu, rahat yolu olan kənddə yaxşı yaşayış üçün lazım olan bütün işlər görülüb. İki mərtəbədən ibarət olan kənd mərkəzində dövlət qurumları üçün nümunəvi iş şəraiti yaradılıb. Mərkəzdə rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün iş otaqları, klub və iclas zalı istifadəyə verilib.

Daylaqlıda yeni xidmət mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları var. Burada bir neçə kənd sakini işlə təmin olunub.

Kənddə avtomobillərin rahat hərəkəti üçün 4 kilometrlik kənddaxili yollar yenidən qurulub, 7 su keçidi qoyulub, beton kanal çəkilib. Rabitə və elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 1100 metr məsafədə fiber-optik, 1270 metr rabitə və 3 kilometr yeni elektrik xətti də çəkilib.

Təhsilə göstərilən dövlət qayğısından Daylaqlı kəndinə də pay düşüb. Əvvəllər uçuq-sökük, heç bir tələbə cavab verməyən köhnə məktəb binasının yerində 2016-cı ildə yaraşıqlı, müasir tələblərə cavab verən, gözoxşayan üçmərtəbəli, 168 yerlik bina ucaldılıb.

Kəndin iqtisadiyyatı da inkişaf etdirilib. Burada hər ailənin özünün əkin sahəsi var. Torpaqdan və iqlimdən asılı olaraq, burada daha çox kartof becərilir.  Bununla yanaşı, bütün bostan bitkilərinin əkilməsi, yetişdirilməsi, məhsul bolluğuna nail olunması üçün Daylaqlı torpaqları istifadəyə yararlıdır. Bunu sakinlərin zəhmətlə əldə etdikləri kənd təsərrüfatı məhsullarını rayonumuzda təşkil olunmuş yarmarkalarda satışa çıxarmaları, alıcı çoxluğu, alıcı razılığı qazanmaları da sübut edir. Dövlətimiz tərəfindən kəndliyə göstərilən qayğıdan, yaradılan şəraitdən hər bir kənd sakini istifadə edərək daha çox məhsul istehsal etməyə çalışır. Kəndin münbit torpaqları taxıl üçün də çox yararlıdır. Bu səbəbdən taxılçılığın inkişaf etdirildiyi kəndlərimiz sırasında Daylaqlı kəndinin də adı çəkilir.

Kənddə həm də heyvandarlıq və quşçuluq inkişaf etdirilib. Sakinlərin şəxsi təsərrüfatlarında bəslədikləri sağlam mal-qaradan alınan qatıq, şor, süd, pendir, yağ, xama, ət  kimi məhsullar əhalinin təmiz ekoloji məhsullara olan tələbatını ödəyir. 

Doğrudan da kənd sakinlərinin həyat tərzi, dolanışıq səviyyəsi  bir daha onu göstərir ki, rayonun digər kəndləri kimi, Daylaqlı kənd sakinləri də xoş, firavan, rahat həyat sürürlər.

Hicran Əliyeva

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: