Yanvarın 13-də İspaniya La Liqasının 19-cu turunun növbəti oyunları keçirilib.
NUHÇIXAN xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri “Barselona” doğma azarkeşlər önündə 16-cı yerdə qərarlaşan “Eybar” komandasını qonaq edib. Görüş “Barselona”nın 3:0 hesablı qələbəsi ilə baş çatıb.
Qarşılaşmanın favoriti sayılan meydan sahibləri rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Qarşılaşmanın 19-cu dəqiqəsində Filip Koutinyonun başladığı hücumu Luis Suares dəqiq zərbə ilə tamamlayıb – 1:0. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra hücumların sayını artıran kataloniyalılar hesab arasındakı fərqi iki topa çatdırıblar. Belə ki, müdafiəçilərin səhvini Lionel Messi bağışlamayıb – 2:0. Oyunda son nöqtəni dublun rəsmiləşdirən Luis Suares qoyub – 3:0. Beləliklə, bu qələbədən sonra “Barselona” xalların sayını 43-ə çatdıraraq liderliyi qoruyub saxlayıb. Turnir cədvəlində əsas izləyicisi “Atletiko Madrid” isə 38 xalla ikinci yerdədir.