İsa Həbibbəyli: Tofiq Bakıxanov müasir Azərbaycan mədəniyyətinin ən görkəmli simalarından biridir

156

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti bu fikirləri görkəmli bəstəkar Tofiq Bakıxanovun yaradıcılığının 60, Avropanın bir çox ölkələrində  tamaşaya qoyulmuş “Xəzər balladası” baletinin isə 50 illiyinə həsr edilmiş tədbirdə çıxış edərkən səsləndirib. Natiq qeyd edib ki, biz Üzeyir bəy Hacıbəyli kimi musiqi dahisinin qarşısında sənət imtahanı vermiş, bir neçə il Qara Qarayev kimi korifey sənətkardan dərs almış, son 60–70 ilin ən görkəmli musiqi xadimləri ilə çiyin-çiyinə işləmiş Tofiq Bakıxanovla eyni zalda əyləşdiyimizə, eyni tədbirdə iştirak etdiyimizə görə xoşbəxtik.

Xatırladaq ki, Xalq artisti, professor, Prezident təqaüdçüsü Tofiq Bakıxanovun bütün yubileyləri kimi, bu əlamətdar gün də Mədəniyyət Nazirliyinin xətti ilə təşkil edilib. Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalında ( Kapellhaus) keçirilən “Mahnı gecəsi”ndə çıxış edən  musiqi ifaçılarını Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib. Kollektivin bədii rəhbəri və baş dirijoru, Xalq artisti, professor Ağaverdi Paşayev, konsertdəki musiqi nömrələrinin dirijoru isə İlahə Hüseynova olub.

İkihissəli konsert proqramının ilk bölməsindən əvvəl Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, ikinci bölmədən əvvəl isə Əməkdar jurnalist İttifaq Mirzəbəyli çıxış edərək  Tofiq Bakıxanov yaradıcılığının müxtəlif istiqamətləri barədə söz açıblar.  Əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova və Sahib Paşazadə, eləcə də, solistlərdən Kazım Fəxri Nicat, Cavid Hüseynov, Vüsalə Əsgərova, Leyla Dadaşova  və Sevinc Aleksandriya bəstəkarın müxtəlif illərdə qələmə alınmış əsərlərini ustalıqla ifa ediblər.

Tədbirin musiqili hissəsi başa çatdıqdan sonra  akademik İsa Həbibbəyli və professor Tofiq Bakıxanov mikrofona bərabər yaxınlaşıblar. İsa Həbibbəyli  görkəmli bəstəkarın uğurlarını sadalamaqla yanaşı, ona yeni yaradıcılıq uğurları arzulayıb. Tofiq Bakıxanov isə tədbirin təşkilatçılarına, ifaçılara, qonaqlara, mətbuat təmsilçilərinə öz minnətdarlığını bildirib. Bəstəkar qeyd edib ki, musiqi yaradıcılığının ən populyar janrlarından olan mahnılar iki nəfərin – bəstəkarla şairin birgə yaradıcılığı sayəsində ərsəyə gəlir:
“Ona görə də bu gün ifa edilən  mahnılardan dördünün müəllifinin zalda olması məni olduqca sevindirdi. İsa Həbibbəylinin, Şahin Fazilin, Ramiq Muxtarın və İttifaq Mirzəbəylinin sözlərinə yazılmış mahnıların böyük alqışlarla qarşılandığını görəndə xeyli məmnun oldum”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: