Hesablama Palatasında gələn il üçün iş planının layihəsi təsdiq olunub

120

Azərbaycan Respublikası Hesablama Palatasının kollegiya iclasında palatanın 2019-cu il üçün iş planının layihəsi müzakirə edilərək təsdiq olunub.

Palatanın mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, iclasda beynəlxalq təcrübədə Ali Audit Qurumlarının (AAQ) iş planlarının hazırlanması, ISSAI standartlarının bu sahədə müəyyən etdiyi istiqamətlər və prinsiplər barədə icmal-analitik şöbə tərəfindən təqdimat edilib. AAQ-ların beynəlxalq standartları olan ISSAI 10-da (AAQ-ların Müstəqilliyi haqqında Mexiko Bəyannaməsi), həmçinin, ISSAI 11-də (AAQ-ın müstəqilliyinə dair tövsiyələr və qabaqcıl təcrübələr) göstərilib ki, AAQ-lar audit məsələlərinin seçilməsində, öz nəzarət tədbirlərini planlaşdırma, proqramlaşdırma, hesabatvermə və tövsiyələrin icra vəziyyətini izləmədə öz qurumlarının təşkili və idarə edilməsində sərbəstdirlər və müdaxilədən azaddırlar. Bundan əlavə qeyd olunub ki, İş planının ictimailəşdirilməsi, onun barəsində ümumi məlumatın verilməsi üçün ISSAI 20 standartına (Şəffaflıq və hesabatlılıq prinsipləri) görə AAQ öz səlahiyyətləri, missiyaları, təşkilati quruluşları, strategiyaları haqqında məlumatları, qanunvericilik və icraedici orqanlar daxil olmaqla müxtəlif maraqlı tərəflərlə əlaqələrini ictimaiyyətə açıqlamalıdırlar.

Daha sonra iclasa rəhbərlik edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Hesablama Palatasının 2019-cu il üçün İş Planının hüquqi əsasları, qanunvericiliyin iş planı üzrə müəyyən etdiyi tələblər, cari ilin sentyabr ayında qüvvəyə minmiş “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq növbəti ildə Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti üzrə tədbirləri, o cümlədən audit, analitik və monitorinq fəaliyyəti üzrə müəyyən edilən tədbirlər, eləcə də audit fəaliyyətinin maliyyə, səmərəlilik və uyğunluq növləri üzrə planlaşdırılması barədə ətraflı məlumat verib.

Bundan əlavə, iclasda Hesablama Palatasının 2019-cu il üçün İş Planında fəaliyyət üzrə rəy və hesabatın hazırlanması, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının layihələrinə və icrasına rəylərin hazırlanması, yeni Qanuna uyğun olaraq dövlət büdcəsinin icrasının təhlili ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yarımillik və illik məlumatın hazırlanması, həmçinin növbəti ildə Hesablama Palatasının fəaliyyətinin təşkili üzrə normativ-metodiki, maddi-texniki, informasiya təminatı və beynəlxalq fəaliyyəti üzrə nəzərdə tutulan tədbirlərdən danışılıb.

Kollegiyada həyata keçirilmiş nəzarət tədbirləri – Ağcabədi Regional Mədəniyyət İdarəsinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair; dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Balakən Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair hesabatlar da müzakirə olunub

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.

Sonda Hesablama Palatasının sədri V.Gülməmmədov növbəti il İş planında birinci rüb üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətlə və səmərəli keçirilməsini təmin etmək məqsədilə, o cümlədən iş planında nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirlərinin icra müddətindən asılı olaraq onların planlaşdırılması, eləcə də nəzarət tədbiri keçiriləcək kənar dövlət maliyyə nəzarətinin obyekti və həmin obyektin fəaliyyəti barədə zəruri məlumatların əldə olunması, nəzarət tədbirinin məqsədinin və miqyasının müəyyənləşdirilməsi işlərinə başlanılması ilə bağlı tapşırıqlar verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: