Günay Əfəndiyeva: Naxçıvan təkcə Azərbaycanın deyil, türk dünyasının elm və mədəniyyət mərkəzlərindən birinə çevrilib

339

Son illər Naxçıvan şəhəri təkcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının mühüm elm, mədəniyyət və maarifçilik mərkəzlərindən birinə çevrilib. Burada qədim eposlarımızın qəhrəmanları Dədə Qorqudun, Koroğlunun heykəlləri ilə yanaşı, əslən Naxçıvandan olan türk dünyasının görkəmli ədəbiyyat və incəsənət xadimləri Əcəmi Naxçıvani, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Bəhruz Kəngərli və digər görkəmli şəxsiyyətlərin xatirələri yaşadılır. Bu şəhər türk dünyasının böyük oğlu, onun inkişafına, güclənməsinə hər zaman dəstək olan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vətənidir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunda çıxışında deyib.

Fondun fəaliyyətindən və həyata keçirdiyi layihələrdən bəhs edən G.Əfəndiyeva iki ay öncə Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi münasibətilə bu gözəl şəhərin möhtəşəm Heydər Əliyev Sarayında keçirilən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” kamera orkestrinin təntənəli təqdimat mərasimindən danışıb.

Çıxışında gənclərə müraciət edən Fondun rəhbəri sahib olduğumuz mədəniyyətin qorunması və dünyada təbliğində gənclərdən çox şeyin asılı olduğunu bildirib. O, həmçinin dağılma təhlükəsi ilə üzləşən bir çox tarixi abidələrin, o cümlədən Dağlıq Qarabağ və işğal altında olan digər ərazilərdəki abidələrin məhv olmasının qarşısını almaq üçün gənc nəslin üzərinə böyük vəzifə düşdüyünü qeyd edib.

G.Əfəndiyeva Fond tərəfindən türk dünyası gənclərini bir araya toplamaq, bir-biriləri ilə daha da yaxından tanış etmək məqsədilə quruma üzv olan türkdilli ölkələrdən cəlb olunacaq gənclər üçün təşkil ediləcək düşərgə layihəsi üzərində işlər aparıldığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: