Gözəlliklər seyrəngahı- Yaylaq

229

Hər fəslin öz  gözəlliyi var. Yaşadığımz yay fəsli həm də yaylaq mövsümüdür. Ustad Aşıq  Ələsgər fəsilləri vəsf edərkən yazırdı: “Yayda yaylağımdı, qışda oylağım, yazda seyrəngahımdı  bu dağlar mənim”…

Kükü dağların qoynuna sığınan Şahbuz rayonunun səfalı kəndlərindəndir. Şahbuzun  Qanlıgölü, Keçəldağına gedən yol  bu kənddən keçir. Bu yol yaz-yay aylarında füsunkar mənzərəli, qonaq-qaralı olur.

Bir yay səhərində hava hələ yenicə  işıqlananda    Keçəldağ və Qanlığöl  yaylağına  yol aldıq.    Rayonunun bu istiqamətdə sonuncu kəndi olan Küküdən uzaqlaşıb  yaylaq istiqamətinə  üz tutduqda dağların üstündən keçən yoldan aşağıda  dibi görünməz dərələrin arasında salınmış kəndin  gözəl mənzərəsi insanı heyran edirdi . Bu mənzərə arxada qaldıqda isə əfsanəvi Qanlıgöl başlayır. Məşhur Qanlıgölün sahilində ayaq saxlayıb “Pünhan bulağ”ın bumbuz suyundan içir, gölün seyrinə dalırıq. Dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən Qanlıgöl Keçəldağın ətəyində yerləşir. Əfsanəyə görə, keçmiş zamanda bu ərazilər əkin üçün əlverişli olduğundan adamlar bir araya toplaşaraq şum edirdilər. Bu zaman torpağın altından çıxan su burada çalışanları ağuşuna alıb, bir neçəsi suya qərq olub. O zamandan bəri bu göl “Qanlıgöl” adlandırılıb. 

2 Saatlıq enişli-yoxuşlu yolları keçib yaylağa yetişirik. Bir qədər aralıda çadır dəyələr  gözə görünür.     İnsanlar yüz illərdir yayda  buraları  yurd yeri seçir. Maşından düşüb  oba həyatına nəzər yetiririk.  Yaylaqda yay səhəri açılır. Hələ sübh tezdən olduğundan hava isinməyib, gecədən əsən xəfif meh adamı azca üşüdür. Göy çəmənin üstünə düşən şeh də hələ qurumayıb.

Çoban, sürüsünü yaylaqda otlamağa aparır. Xanımlar  mal qaranı örüşə yola salır. Beləcə, yaylaqda gözəl bir yay səhərini yaşayırıq. Məftunedici, qoyun-quzunu otlağa, insanları işləməyə çağıran yay səhəri.  İnsan təbiətin övladıdır. Ağaclar, bulaqlar, çaylar, meşələr, oylaqlar, yaylaqlar, quşlar, heyvanlar onun sevimli yetirmələridir. Elə bu gözəl yaylaqdan da   gül-çiçəyin, dağların, yamacların ətri süzülüb insanların qəlbinə yol tapır. Burada təbiət  hər biri bir dərdə dərman olan şəfalı bitkilər – çobanyastığı, dikcə, baldırğan, kəklikotu, yarpız, solmazçiçək, səhləb, ələyəz  quzuqulağı ilə   zəngindir.  Qız- gəlinlər  hər gün önlük bağlayıb   dağlarda geniş yayılan  bu  bitkilərdən də yığır, faydasından yararlanırlar..

Şərur rayonunun Dərəkənd  kəndindən olan zəhmətkeşlərin yaşadığı  “Xüsusi obası”na  yollanırıq. Burada bizi Həsən dayı qarşılayır. O, da hər il  ailəsi ilə  Keçəldağ yaylağına gəlir, eyni yurdda, obada məskunlaşır. Həm təsərrüfatını  otlaq sahələrinin bol olduğu sərin yaylaqda   saxlayır, həm  mal-qarasının sayını rahatlıqla artırır, həm də sağlam və gümrah həyat tərzi yaşayırlar. Yaylaqda 200 baş xırdabuynuzlu heyvan saxlayan  Həsən  dayı deyir ki, buradakı bulaq suyu, dağ havası  dərdlərə məlhəmdir, hər gün  mal-heyvan çayların buz bulaqların sərin suyundn içir, kəklikotulu çəmənlərdə otlayır.     

48 yaşlı Nargilə Əliyeva deyir  ki, yaylaqda yaşamağa alışıb. İstilər düşən  kimi dağların ətəyində  yerləşən yaylaqlara  köç edirik. Sarı inək yağı istehsal edir, öz əlimizin məhsulunu yeyirik.  Qiymətli ağartı olan keçi pendiri tuturuq, təndirdə lavaş,  yuxa, qalın  bişiririk. Yaylağa gələnn qonaq-qaranı  qonaqpərvərliklə qarşılayır , onlara çolpa,  ocaqda sacın üstündə ət qovurması hazırlayırıq.  Yaylağa gələn hər bir qonaq həmişə buradan razı gedər . 

Bu dağların faunası da zəngindir. Sıx kolluqlarla örtülü yüksəkliklərdə, dağlarda  ayı, canavar və bir sıra başqa yırtıcı heyvanlarla rastlaşmaq mümkündür.  Bu səbəbdən  sürüləri otaranların ən yaxın dostu isə çoban itləridir.  Obada hər çoban 2 ya 3 qurdbasar it saxlayır. Əsas nəqliyyat vasitələri isə at və ulaqdır.

Burada mal heyvan saxlayan  zəhmətkeşlərin təsərrüfatlarına nümunəvi baytarlıq xidməti də göstərilir. Baytarlar mütəmadi olaraq yaylaqdakı mal-qaranı və davarı yoxlayır, profilaktiki tədbirlər  görürlər. Bu ərazilər Ermənistanla sərhəd olduğu üçün baytarlar daha ayıq-sayiqdırlar. Çünki düşmən olan qonşu ölkədə baytarlıq xidmətinin səviyyəsi çox aşağıdır. Dəflərlə bu ölkədə heyvanlar arasında kütləvi şəkildə yoluxucu xəstəliklər yayılıb və region üçün təhlükəyə çevrilib. Ona görə də yerli baytarlar bu işi ciddi şəkildə diqqətdə saxlayaraq təsərrüfatları işğalçı Ermənistan tərəfdən gələn hər hansı xəstəlikdən qoruyurlar.

Obalarda, yaylaqda yaşayan insanların da sağlamlığı diqqət mərkəzindədir. Onlar bura tez-tez səfər edən həkim briqadaları tərəfindən tibbi müayinədən keçirilirlər. 

Bu dağların ən etibarlı keşikçiləri isə şanlı ordumuzun əsgərləridir. Məhz onların ayıq-sayıqlığı, cəsarəti hesabına obalarda, yaylaqlarda  bu gün əmin-amanlıqdır.

Əsrarəngiz gözəllik güşəsidir bu yaylaqlar. Zirvəsində xəstə üçün bircə “əlçim qar” saxlayan uca dağların hüsnünə baxdıqca düşünürsən: Bu misilsiz gözəlliyin ulu sənətkarı nə zamansa  bu təbiətin vurğunu olduğu üçün bu yerləri belə gözəl yaradıb. Bir də bir sual keçir qəlbindən – görəsən kim kimə daha çox möhtacdır- təbiətmi insana, insanmı təbiətə? Hansının səxavəti daha tükənməzdir?

Ən usta sənətkarın memar əli ilə yaranmış dağlar,  sərin yaylaqlar  möcüzəsi ulu keçmişimizin   bizə  yadigar qoyduğu ən qiymətli sərvətlərdən biridir. Tarixi el-obaya məlum olmayan bu təbiət xəzinəsinin havası, suyu can dərmanıdır.  Odur ki  isti yay günlərində bir günlük də olsa sərin yaylaqlarımıza getmək    bu gözəllikləri  mütləq  görmək lazımdır.

Türkanə Əmoyeva

Naxçıvan Dövlət radiosunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: