Gözəlliklər seyrəngahı- Yaylaq
Hər fəslin öz gözəlliyi var. Yaşadığımz yay fəsli həm də yaylaq mövsümüdür. Ustad Aşıq Ələsgər fəsilləri vəsf edərkən yazırdı: “Yayda yaylağımdı, qışda oylağım, yazda seyrəngahımdı bu dağlar mənim”…
Kükü dağların qoynuna sığınan Şahbuz rayonunun səfalı kəndlərindəndir. Şahbuzun Qanlıgölü, Keçəldağına gedən yol bu kənddən keçir. Bu yol yaz-yay aylarında füsunkar mənzərəli, qonaq-qaralı olur.
Bir yay səhərində hava hələ yenicə işıqlananda Keçəldağ və Qanlığöl yaylağına yol aldıq. Rayonunun bu istiqamətdə sonuncu kəndi olan Küküdən uzaqlaşıb yaylaq istiqamətinə üz tutduqda dağların üstündən keçən yoldan aşağıda dibi görünməz dərələrin arasında salınmış kəndin gözəl mənzərəsi insanı heyran edirdi . Bu mənzərə arxada qaldıqda isə əfsanəvi Qanlıgöl başlayır. Məşhur Qanlıgölün sahilində ayaq saxlayıb “Pünhan bulağ”ın bumbuz suyundan içir, gölün seyrinə dalırıq. Dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən Qanlıgöl Keçəldağın ətəyində yerləşir. Əfsanəyə görə, keçmiş zamanda bu ərazilər əkin üçün əlverişli olduğundan adamlar bir araya toplaşaraq şum edirdilər. Bu zaman torpağın altından çıxan su burada çalışanları ağuşuna alıb, bir neçəsi suya qərq olub. O zamandan bəri bu göl “Qanlıgöl” adlandırılıb.
2 Saatlıq enişli-yoxuşlu yolları keçib yaylağa yetişirik. Bir qədər aralıda çadır dəyələr gözə görünür. İnsanlar yüz illərdir yayda buraları yurd yeri seçir. Maşından düşüb oba həyatına nəzər yetiririk. Yaylaqda yay səhəri açılır. Hələ sübh tezdən olduğundan hava isinməyib, gecədən əsən xəfif meh adamı azca üşüdür. Göy çəmənin üstünə düşən şeh də hələ qurumayıb.
Çoban, sürüsünü yaylaqda otlamağa aparır. Xanımlar mal qaranı örüşə yola salır. Beləcə, yaylaqda gözəl bir yay səhərini yaşayırıq. Məftunedici, qoyun-quzunu otlağa, insanları işləməyə çağıran yay səhəri. İnsan təbiətin övladıdır. Ağaclar, bulaqlar, çaylar, meşələr, oylaqlar, yaylaqlar, quşlar, heyvanlar onun sevimli yetirmələridir. Elə bu gözəl yaylaqdan da gül-çiçəyin, dağların, yamacların ətri süzülüb insanların qəlbinə yol tapır. Burada təbiət hər biri bir dərdə dərman olan şəfalı bitkilər – çobanyastığı, dikcə, baldırğan, kəklikotu, yarpız, solmazçiçək, səhləb, ələyəz quzuqulağı ilə zəngindir. Qız- gəlinlər hər gün önlük bağlayıb dağlarda geniş yayılan bu bitkilərdən də yığır, faydasından yararlanırlar..
Şərur rayonunun Dərəkənd kəndindən olan zəhmətkeşlərin yaşadığı “Xüsusi obası”na yollanırıq. Burada bizi Həsən dayı qarşılayır. O, da hər il ailəsi ilə Keçəldağ yaylağına gəlir, eyni yurdda, obada məskunlaşır. Həm təsərrüfatını otlaq sahələrinin bol olduğu sərin yaylaqda saxlayır, həm mal-qarasının sayını rahatlıqla artırır, həm də sağlam və gümrah həyat tərzi yaşayırlar. Yaylaqda 200 baş xırdabuynuzlu heyvan saxlayan Həsən dayı deyir ki, buradakı bulaq suyu, dağ havası dərdlərə məlhəmdir, hər gün mal-heyvan çayların buz bulaqların sərin suyundn içir, kəklikotulu çəmənlərdə otlayır.
48 yaşlı Nargilə Əliyeva deyir ki, yaylaqda yaşamağa alışıb. İstilər düşən kimi dağların ətəyində yerləşən yaylaqlara köç edirik. Sarı inək yağı istehsal edir, öz əlimizin məhsulunu yeyirik. Qiymətli ağartı olan keçi pendiri tuturuq, təndirdə lavaş, yuxa, qalın bişiririk. Yaylağa gələnn qonaq-qaranı qonaqpərvərliklə qarşılayır , onlara çolpa, ocaqda sacın üstündə ət qovurması hazırlayırıq. Yaylağa gələn hər bir qonaq həmişə buradan razı gedər .
Bu dağların faunası da zəngindir. Sıx kolluqlarla örtülü yüksəkliklərdə, dağlarda ayı, canavar və bir sıra başqa yırtıcı heyvanlarla rastlaşmaq mümkündür. Bu səbəbdən sürüləri otaranların ən yaxın dostu isə çoban itləridir. Obada hər çoban 2 ya 3 qurdbasar it saxlayır. Əsas nəqliyyat vasitələri isə at və ulaqdır.
Burada mal heyvan saxlayan zəhmətkeşlərin təsərrüfatlarına nümunəvi baytarlıq xidməti də göstərilir. Baytarlar mütəmadi olaraq yaylaqdakı mal-qaranı və davarı yoxlayır, profilaktiki tədbirlər görürlər. Bu ərazilər Ermənistanla sərhəd olduğu üçün baytarlar daha ayıq-sayiqdırlar. Çünki düşmən olan qonşu ölkədə baytarlıq xidmətinin səviyyəsi çox aşağıdır. Dəflərlə bu ölkədə heyvanlar arasında kütləvi şəkildə yoluxucu xəstəliklər yayılıb və region üçün təhlükəyə çevrilib. Ona görə də yerli baytarlar bu işi ciddi şəkildə diqqətdə saxlayaraq təsərrüfatları işğalçı Ermənistan tərəfdən gələn hər hansı xəstəlikdən qoruyurlar.
Obalarda, yaylaqda yaşayan insanların da sağlamlığı diqqət mərkəzindədir. Onlar bura tez-tez səfər edən həkim briqadaları tərəfindən tibbi müayinədən keçirilirlər.
Bu dağların ən etibarlı keşikçiləri isə şanlı ordumuzun əsgərləridir. Məhz onların ayıq-sayıqlığı, cəsarəti hesabına obalarda, yaylaqlarda bu gün əmin-amanlıqdır.
Əsrarəngiz gözəllik güşəsidir bu yaylaqlar. Zirvəsində xəstə üçün bircə “əlçim qar” saxlayan uca dağların hüsnünə baxdıqca düşünürsən: Bu misilsiz gözəlliyin ulu sənətkarı nə zamansa bu təbiətin vurğunu olduğu üçün bu yerləri belə gözəl yaradıb. Bir də bir sual keçir qəlbindən – görəsən kim kimə daha çox möhtacdır- təbiətmi insana, insanmı təbiətə? Hansının səxavəti daha tükənməzdir?
Ən usta sənətkarın memar əli ilə yaranmış dağlar, sərin yaylaqlar möcüzəsi ulu keçmişimizin bizə yadigar qoyduğu ən qiymətli sərvətlərdən biridir. Tarixi el-obaya məlum olmayan bu təbiət xəzinəsinin havası, suyu can dərmanıdır. Odur ki isti yay günlərində bir günlük də olsa sərin yaylaqlarımıza getmək və bu gözəllikləri mütləq görmək lazımdır.
Türkanə Əmoyeva
Naxçıvan Dövlət radiosunun əməkdaşı