“Gənclər” paytaxtının xoşbəxt gəncləri

284

Gəncliyi ötən əsrin 80-90-cı illərinə təsadüf edənlərin bugünkü gəncliyə həsəd etməmələri mümkün deyil. Müasir dövrün gənclərinə həmin illərin gəncliyindən söhbət açanda isə söylənənləri təəccüblə qarşılamaması mümkün deyil. Təbii ki, mən 1990-cı illərin gəncliyinin yaşadığı problemlər, çətinliklər, xaosla bağlı olan faktları sadalamaq istəmirəm. Çünki yaşanan bu tarix keçid dövrünün zərurəti, yenicə müstəqilliyə imza atan Azərbaycanın reallığı idi. Amma sevindirici hal budur ki, 1993-cü ildə ölkə başçısı seçilən ümummilli lider Heydər Əliyev gənclərin gələcəyi üçün mühüm addımlar atdı. Uzaqgörənliklə qəbul etdiyi proqramlar öz nəticəsini verdi. Gənclik düşdüyü çətinlikdən uğurla çıxa bildi. Ölkə səviyyəsində gənclərlə bağlı siyasətin istiqaməti təyin edildi.

Artıq üçüncü onillikdir ki, muxtar respublikada da dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması haqqında” fərmanları muxtar respublikada gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.  Bu fərmanlarla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edildi. Naxçıvan şəhərində Gənclər Mərkə­zinin istifadəyə verilməsi gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir. Gənc nəslin sağlam, bilikli və vətənpərvər ruhda böyüməsi diqqət mərkəzində saxlanılır, onların cəmiyyətin bütün sahələrində fəal iştirakı təmin olunur. Son illər bu məqsədlə muxtar respublikada Gənc­lər Mərkəzi, elektron kitabxanalar, yeni məktəb binaları, mədəniyyət evləri, ali təhsil müəssisələri üçün yeni tədris korpusları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək gənclərin istifadəsinə verilib.

Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birini də gənclərin sosial problemlərinin həlli, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan şəhərində 5 binadan ibarət yeni “Gənc­lər şəhərciyi”nin inşası və istifadəyə verilməsi bunun əyani ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Bu gün bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənc­lərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”.

Bu gün üzlərindən xoşbəxtlik yağan gənclərimizlə kitabxanalarda, idman komplekslərində, kinoteatrlarda, müasir şəraitli orta və ali təhsil ocaqlarında rastlaşdıqda hər an insanın gözləri önündə  dünənki gəncliklə bugünkü gəncliyin müqayisəsi canlanır və onlara həsəd aparmaya bilmirsən. Ancaq düşünəndə ki, müasir gəncliyin nümayəndələri bizim övladlarımızdır, nə yaxşı ki, onlar bu cür şəraitdə yaşayırlar deyə  təsəlli tapırsan. Və burada dahi sərkərdə Napoleon Bonapardın “Bütün uğurlarıma görə gənclikdə çəkdiyim aclıq və əzablara borcluyam” kimi fikirlərini xatırlayıram. Bizim də həqiqətən bugünkü uğurlarımızın təməlində gənclikdə yaşadığımız çətin günlər dayanır.

Budur, Naxçıvan şəhəri 2018-ci ilin Gənclər paytaxtıdır. Bu şəhəri gənclərə paytaxt edən amillər var. Bunlardan ən başlıcası illərdən bəri gənclər siyasətinin həyata keçirilməsinin uğurlu nəticələri, onların dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilmələri, xidmətlərinin qiymətləndirilməsidir. Digər amil isə gənclərin onlara verilən dəyəri hiss edərək qiymətləndirməsi, özlərini cəmiyyətə bu dəyərə layiq  təqdim etmələridir. Ümumi işin nəticəsi isə yaşı minilliklərə söykənən qədim Naxçıvanın gəncləşərək Gənclər Paytaxtı statusunu alması oldu. Qürur duyuruq, ona görə ki, o gəncliklə bu gənclik cəmi 23 illik zaman kəsiyində müqayisə olunmayacaq səviyyəyə gətirilib çıxarıldı. Qürur duyuruq ki,  bugünkü nəsil  belə gəncliyin sahibidir.

Mətanət Məmmədova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: