Dövlət-xalq-ordu birliyi milli həmrəyliyin bəhrəsidir

Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət kompleksləri istifadəyə verilib

452

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Ən çətin dağlıq şəraitdə belə hərbi xidmət nümunəvi təşkil olunur, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılır. 2018-ci ildə Əlahiddə Ümumqoşun Ordusu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Bütün bunlar həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Bu birlik və həmrəylik ordumuzun gücünü artırır. Bayram günlərində hərbi hissələrdə yeni xidmət və yaşayış binalarının istifadəyə verilməsi, əsgər və zabitlərlə görüşlərin keçirilməsi də mühüm əhəmiyyətə malikdir.

NUHÇIXAN xəbər verir ki, dekabrın 31-də Babək rayonunun Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət kompleksləri istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri binanın açılışını bildirən lenti kəsib.

Ali Məclisin Sədri əsgərləri salamlayıb, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı, eləcə də yeni əsgəri-məişət kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ordumuzu güclü ordular sırasına çıxarmışdır. O ordu güclüdür ki, onun müasir silahları, texnikaları var, əsgəri-məişət kompleksləri müasir tələblər səviyyəsindədir və şəxsi heyətinin yüksək döyüş ruhu vardır. Bunları Azərbaycan ordusunun, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən ordu, birləşmə, hissə və bölmələrinin timsalında görmək mümkündür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələri həm müasir silah və sursata, həm də peşəkar və yüksək döyüş ruhu olan şəxsi heyətə malikdir.

Ali Məclisin Sədri deyib: Güclü ordusu olan ölkə həm döyüş meydanında, həm də siyasi proseslərdə öz sözünü deyə bilir. Bu gün Azərbaycan ordusu dövlətimizin və müstəqilliyimizin qarantıdır. Çünki ölkəmizdə ordu quruculuğu sahəsində mühüm işlər görülür. Ölkə Prezidentinin ordunun inkişafına göstərdiyi qayğının nəticəsidir ki, Azərbaycan ordusu müasir tələblər səviyyəsindədir. Ölkəmizdə sabitliyin qorunması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi və işğal olunmuş torpaqlarımızın azad olunması ordumuzun qarşısında duran əsas vəzifələrdir. Gərməçataq kəndindəki hərbi hissə üçün yaradılan şərait də xidmətin nümunəvi təşkilinə imkan verəcəkdir. Əsgərlərin xidməti və istirahəti hərtərəfli təşkil olunacaq, qarşıya qoyulan vəzifələr isə layiqincə yerinə yetiriləcəkdir.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və xidmətin təşkilində məsuliyyətin artırılacağına əminliyini bildirib, şəxsi heyətə xidmətdə uğurlar arzulayıb.

Əsgər Elnar Vəliyev minnətdarlıq edərək deyib: Bu gün hər bir əsgər dövlətin və xalqın dəstəyini hiss edir. Çətin dağlıq şəraitdə xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılıb. Ali Məclis Sədrinin bayram günündə ön xətdə yerləşən hərbi hissədə əsgəri-məişət yaşayış kompleksini açılışında iştirak etməsi, şəxsi heyətlə görüşməsi bunun daha bir ifadəsidir. Yaradılan şəraiti, göstərilən qayğını dərindən dərk edir, hərbi sirlərə yiyələnir, qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirməyə çalışırıq. Əmin edirik ki, zirvəsində dayandığımız bu dağlar qədər mətin, vüqarlı və yenilməzik.

Əsgər Qasım Bağırov deyib: Böyük əminliklə deyirik ki, torpaqlarımız etibarlı müdafiə olunur. Müstəqil Azərbaycanın inkişafı ordumuzun qüdrətini, şəxsi heyətin birliyini, döyüş ruhunu və qələbə əzmini daha da artır. Yüksək dağlıq şəraitdə, düşmənlə təmas xəttində Vətənin müdafiəsində ayıq-sayıq dayanmışıq. Əsgərlərimiz dövlət qayğısını daim üzərlərində hiss edirlər. Bayram günündə Ali Məclis Sədri ilə görüşümüz bizi ruhlandırır, əzm və iradəmizi artırır.

Əsgərlər Elnar Vəliyev və Qasım Bağırov yaradılan şəraitə görə şəxsi heyət adından minnətdarlıq edib, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdırıblar.

Şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarını səsləndiriblər.

Ali Məclisin Sədri binada yaradılan şəraitlə və xidmətin təşkili ilə maraqlanıb.

Məlumat verilib ki, ikimərtəbəli əsgəri-məişət kompleksində əsgər və zabit yataqxanaları, tibb məntəqəsi, növbətçi otağı, ideoloji sinif, zabitlər üçün iş otaqları, silah və digər xidməti otaqlar, mətbəx, yeməkxana, əşya və ərzaq anbarları, əsgərlər üçün ləvazimatların satışı mağazası, hamam-camaşırxana və qazanxana yerləşir. Binada xidmətin günün nizam qaydalarına uyğun təşkili, əsgərlərin normal qidalanması və sağlamlıqlarının qorunması üçün hərtərəfli şərait yaradılıb.

Həyətdə sıra meydanı və idman şəhərciyi salınıb, texnika saxlancı tikilib. Burada hərbi texnika və avtomobillərin saxlanması, təlimata uyğun istifadə və istismarı, eləcə də döyüş növbətçiliyinin düzgün təşkili üçün hərtərəfli şərait vardır. Şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədi ilə istirahət guşəsi istifadəyə verilib, ərazidə abadlıq işləri görülərək yeni asfalt yol salınıb.

Ali Məclisin Sədri ön xətdə xidmətin təşkili və döyüş növbətçilyinin aparılması ilə bağlı tapşırıqlar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: