Dövlət orqanlarının mətbuat xidməti əməkdaşları attestasiyadan keçib - YENİLƏNİB
Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə qarşıya qoyulan tapşırıqların icrasının təmin edilməsi məqsədilə 7 iyun 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının test imtahanı keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Test imtahanında iştirakçılara qanunvericilik üzrə 70, dünyagörüşü üzrə 30 sual olmaqla 100 sual təqdim edilib. Qanunvericilik üzrə suallar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, “Məlumat azadlığı haqqında”, “Kütləvi informasiya vaistələri haqqında”, “Dövlət sirri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanununlarını, dünyagörüşü üzrə suallar isə Azərbaycan Respublikasının, o cümlədən Naxçıvan Muxtar Respublikasının ədəbiyyatı, tarixi və coğrafiyası haqqında ümumi bilikləri əhatə edəcəkdir.
Test imtahanında uğur qazanmış şəxslər attestasiyanın ikinci mərhələsində iştirak etmək hüququ qazanacaqlar. İkinci mərhələdə esse yazılmaqla iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndiriləcəkdir.
Attestasiyanın test imtahanı mərhələsində 16 nəfər iştirak edib. İmtahan başlamazdan əvvəl iştirakçılara slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. Sualları cavablandırmaq üçün iştirakçılara 2 saat 30 dəqiqə vaxt ayrılıb. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib.