Əbülfət Mədətoğlu: Naxçıvanda açdığım səhər

321

Gözlənilməz oldu. Yəni aylarla, günlərlə planlaşdırdığım kimi alınmadı bu səfər. Yəni qəflətən, necə deyərlər, göstəriş, əmr almış birisi kimi pencəyimi çiynimə atıb çıxdım yola. Elə buradaca etiraf edim ki, bu yol yerlə göyün arasından keçdiyindən səhhətimdəki təzyiq problemi təyyarədə özünü dərhal büruzə verir. Əgər çaşıb dərmanları unutmuş olsam, bunun məndə hansı hallar yaratdığını yəqin ki, təsəvvür edə bilərsiniz. Şükürlər olsun ki, bu dəfə dərmanı götürməyi unutmamışdım. Unutduğum bircə qeyd dəftərim idi. Onu da əvəzləyən vərəqləri tapa bildim. Axı, bu məmləkətdə yazmaq həvəsində olanlar kifayət qədərdi. Hamı sözlə nəfəs almağa, hamı söz yaratmağa meyllidi. Görünür, şair xalq olmağımız da elə burdan qaynaqlanır. Şair xalqın da həmişə qələmi, kağızı bol olur. Bax, bu mənada kasadlıq çəkmədim, qıtlığını hiss etmədim: nə qələmin, nə də vərəqin…

Burda bir etirafı da edim. Adətən mən daha çox ürəyimə, göz yaddaşıma, düşüncələrimə qeydlər etməyi xoşlayıram. Və səfərdə olanda da danışmaqdan çox dinləməyi sevirəm. İstəyirəm ki, təzə söz eşidim, təzə fikir şahidinə çevrilim. Və nəhayət, gəzib dolaşdığım məkanın özəlliklərini özümünküləşdirim. Bax, beləcə şairanə tərzdə ifadə etsəm, Bakıda havalanıb Naxçıvanda beynəlxalq hava limanına endim. Dan yeri yenicə sökülürdü. Şəhər yuxusundan yenicə oyanırdı. Mən ötən səfərimdə görüb bəyəndiyim, xoş təəssüratla ayrıldığım Naxçıvan Beynəlxalq Hava limanında indi çox qəribə bir mənzərənin şahidi oldum. Bilmirəm, bu mənim bir ildən sonrakı səfərimin yaratdığı ilkin təsirin nəticəsi idi, yoxsa elə bu bir reallıq, bir gerçəklik idi. Hava limanı əvvəlki kimi tərtəmiz, sanki bir dəstə adamın silib-süpürdüyü, səliqə-səhman yaratdığı bir durumda idi. Gözümü hansı tərəfə sancdımsa, hansı tərəfə çevrilib boylandımsa, güldən, çiçəkdən, təmizlikdən başqa bir şeyə rast gələ bilmədim. Təkcə binanın daxili deyil, təkcə bu binanın daxilində xidmət üçün yaradılmış texniki avadanlıqlar deyil, həm də bu binanın içərisindəki personalın özü də sanki imtahan verəcək bir hazırlıq səviyyəsində idi. Elə bil onlar bu dəqiqə ən yüksək səviyyədə kiminsə hava alanına gələcəyini gözləyirdilər. Hamının üz-gözündə bir xidməti görüntü var idi. Adamlar geyindikləri xidməti bundirin içərisində öz rəsmiliklərini, öz bacarıqlarını elə yerinə yetirirdilər ki, nəsə bir nöqsan tapmaq mümkün olmurdu. Tam səmimi deyim ki, mən bu cavan oğlanlarda, qızlarda başqa hava limanlarında qarşılaşdığım ürək bulandıran, adamda qıcıq yaradan, təəssüf doğuran, hətta adamı heyrətləndirən heç nə görə bilmədim. Hər kəs öz işinin başında idi. Hətta hava limanının çıxış zalının önündə dayanıb yolçuları gözləyən, müsafirləri qarşılayan özləri də bir məktəb, bir qarşılama kursu keçmiş insanların təsirini bağışladılar mənə. Yeri gəlmişkən xatırladım ki, heç taksi sürücüləri də hay-küylə müştəri səsləmirdilər. Hər kəs öz növbəsini gözləyirdi. Bax, beləcə Naxçıvan Beynəlxalq Hava limanında ilk təəssüratımı yaddaşıma yazmağa başladım. Və yazımın nöqtəsini qoyduğum anda qulağıma tanış bir səs gəldi. Başımı qaldırıb baxanda şair dostum Əbülfəz Ülvini gördüm.

Biz bir gün öncə telefonla əlaqə saxlamışdıq, hal-əhval tutmuşduq. Və sözarası bəlkə gəldim söyləmişdim. Şair ürəyi həmin “bəlkə”ni çox rahatlıqla süzgəcdən keçirib onun yaddaşında qırmızı və bəlkə də böyük hərflərlə “GƏLİRƏM!” kimi işarələmişdi. Və o da səhərin yuxusuna haram qatıb hava limanına gəlmişdi. Burda xüsusi vurğulamaq istəyirəm ki, insan üçün doğulduğu ünvandan kənar hər yer müəyyən assosiasiyalar oyadır. Bu mənada vətəndə vətənsiz olan bir qaçqın yazı-pozu adamının Bakıdan Naxçıvana uçması, yumşaq desəm, qəribliyə səyahət kimi anlam yaradır. Doğrudur, oradakı dostlar, doğmalar, tanışlar bu qəribliyi sabun köpüyü kimi əridirlər. Onu bir anın milyonda biri həcmində də hiss etməyə imkan vermirlər. Lakin hava limanında səni kiminsə qarşılaması tamam fərqli bir duyğusallıqdı. İnsan onda hansı məqamın, hansı mərtəbənin sahibi olduğunu, ürəklərdə hansı qiymətə layiq görüldüyünü anlayır.

Mən hava limanının zalından çıxıram. Şair qardaşımla yüz illərin həsrətlisi kimi görüşürük. Əbülfəz Ülvi elə məni qollarının arasında sıxdığı andaca deyir: “Xoş gəldin, qardaş!”. Və sonra da qoluma girib məni maşına tərəf aparır. Maşının yanında bir anlıq dayanıram və yenə ətrafa baxıram. Və yenə etiraf edirəm ki, bu səliqə-səhman təbliğ olunmalı, təqdir olunmalı, nümunə kimi hər bir ünvana göstərilib və hətta yeri gəlsə tələb edilməlidir. Əgər Naxçıvanda – blokada şəraitində yaşayan bir ərazidə bu cür səliqə-səhmanı yaratmaq mümkündürsə, onu niyə ölkənin başkəndində də, digər şəhər və qəsəbələrində də etməyək? Niyə yaxşı ənənəni, yaxşı nümunəni təmənnasız şəkildə ictimailəşdirməyək?

Bilmirəm, insanların düşüncəsində, qəlbində kök salan xəbislik, paxıllıq, etiraf etməmək, gözü götürməməzlik, gerçəyi yalnış kimi təqdim etmək mərəzləri hardan qaynaqlanır? Amma onu bilirəm ki, Şeyx Nizami demişkən: “Qızılı örtsə də qara torpaqlar, o öz dəyərini yenə də saxlar”. Bax, mən də Naxçıvanın hava limanından başlayan bu təəssüratımın ip ucundan tutub Naxçıvan şəhərinə doğru gedirəm. Daha doğrusu, sükan arxasında oturmuş dəyərli şair qardaşım Əbülfəz Ülviylə ilk təəssüratı bölüşə-bölüşə şəhərə doğru irəliləyirik…

… İlk təyyarə ilə Naxçıvana gəldiyimdən qardaşım məni məcburi şəkildə səhər yeməyinə dəvət etdi. Və bildirdi ki, bir tikə çörək, bir stəkan çay sonrakı işlərimizin açarı olacaq. Rahat şəkildə nədən, hardan başlamağı, hansı yerləri gəzib-görməyi elə o süfrənin arxasında həll edəcəyik. Təbii ki, qonaq ev sahibinin ixtiyarındadı. Və mənim də etiraf etməyə o qədər də böyük şansım yox idi. Çünki Əbülfəz Ülvinin prinsipiallığı mənə öncədən məlum idi. Üstəlik həm onun, həm də mənim telefonuma gələn zənglərdən tam şəkildə öyrənmişdim ki, Naxçıvanın ədəbi mühitinin şah damarları, qaymaqları artıq onların ziyarətinə gəldiyimdən xəbərdardılar. Ona görə də onlarla bir araya gəlmək, sonrakı fəaliyyətimizi planlaşdırmaq istəyirlər.

Biz süfrə arxasında oturarkən Naxçıvan Ali Məclisinin deputatları, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar və dəyərli yazıçı-publisist dostum, Ali Məclisin üzvü Fərəc Fərəcov, eləcə də təkcə öz koloriti, öz yazı tərzi və zarafatlarıyla Naxçıvanda deyil, Azərbaycan mətbuatının bütün təmsilçiləri tərəfindən imzası tanınan yazıçı-publisist Hüseyn Əsgərov və bir də gözəl şairimiz İbrahim Yusifoğlu bizləri telefonla arayıb harda, necə görüşəcəyimizi öyrənməyə maraq göstərdilər. Həmkarlarımdan, söz adamlarından gələn bu ismarıclar artıq mənim səfərimin çox maraqlı və sıx bir proqram içərisində gerçəkləşəcəyinə ilk mesajlarını ötürdü. Demək, bu dəfə də Naxçıvanı doyunca gəzmək, bütövlükdə Naxçıvanı yenidən gözümün və ürəyimin yaddaşına köçürmək heç də asan olmayacaqdı.

Söhbət edə-edə Naxçıvanın məşhur lavaşını dürməkləyirəm. Əlimdə sıxdığım dürmək məni uşaqlığıma, indi düşmən girovluğunda olan Tuğ kəndinə aparır. Və mənə elə gəlir ki, indi sacın üstündə çevrilən yuxa onu bişirən nənəmin ətrini də, söz-söhbətini də, xatirələrini də o əsirlikdən qoparıb mənə doğru gətirir…

(Ardı var)

“Ədalət” qəzeti

06.06.2018

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: