Dilin lüğət tərkibinin zənginləşməsi yolları müzakirə edilib

155

Dekabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu “Müstəqillik illərində üslubların inkişafı və dilin lüğət tərkibinin zənginləşmə istiqamətləri” mövzusunda respublika elmi konfransı keçirib.

NUHÇIXAN xəbər verir ki, konfransı giriş sözü ilə açan institutun direktoru, akademik Möhsün Nağısoylu dilin lüğət tərkibinin zənginləşməsi yollarından danışıb. Akademik bildirib ki, lüğət tərkibinin inkişafı konkret dil materialı əsasında hər bir dövrün səciyyəvi əlamətləri üzrə nəzərdən keçirilir. Müstəqillik illərində cəmiyyətdə baş verən dəyişikliklər dilə də öz təsirini göstərib. Bu dəyişikliklər elmi-texniki tərəqqi ilə bağlıdır və publisistik üslubun inkişafında daha çox nəzərə çarpır. Publisistik üslub kütləvi nitq forması olduğu üçün bütün dil göstəricilərinə görə adi danışıq dilinə yaxın olur. Mətbuat dilində gedən proseslər xalq danışıq dilinə də təsirini göstərir.

M.Nağısoylu müasir dövrdə lüğət tərkibinin zənginləşməsinin Türkiyə türkcəsindən qaynaqlandığını bildirib. Akademik qeyd edib ki, dilin saflığının qorunması ilə bağlı imzalanan sərəncamlar rəsmi üslubun göstəriciləridir.

“Qloballaşma dövründə dilə beynəlmiləl sözlərin daxil olması normaldır. Hər gün olmasa da, hər ay dilə yeni sözlər daxil olur. Amma istənilən yeni sözü dilə daxil etmək olmaz. Bu məsələdə həssas davranmalıyıq. Həmin sözlərin Azərbaycan dilində qarşılığı varsa, istifadə etməliyik”, -deyə akademik bildirib.

Sonra Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli “ Müstəqillik illərində poeziya dilinin inkişaf xüsusiyyətləri”, professor Sayalı Sadıqova “Elmi dilin spesifik xüsusiyyətləri”, professor İsmayıl Kazımov “Üslubi novatorluq”, dosent Aynel Məşədiyeva “Müstəqillik illərində nəsr əsərlərinin mövzu və problematikası”, dosent Həbib Mirzəyev “Müstəqillik illərində bədii üslubun inkişafı”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi İlkin Əsgər “Publisistik üslubda yazılmış mətnlərdə qrammatik normanın pozulması”, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov “Azərbaycan ədəbi dilinin inkişafında publisistik üslubun rolu” mövzularında məruzələrlə çıxış ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: