Çəkisi normadan artıq olan uşaqların fiziki tərbiyəsi necə təşkil edilməlidir

185

Elm və texnikanın sürətli inkişafı ilə əlaqədar olaraq müasir dövrdə insanların fiziki, cəmiyyətin isə sosial sağlamlığının qarşılıqlı əlaqə problemi daha da aktuallaşıb.
Məlumdur ki, insanların fiziki inkişafının təməli uşaq yaşlarından qoyulur. Onların kiçik yaşlardan başlayaraq irsindən, həyat tərzindən, sosial vəziyyətindən və qidalanmasından asılı olaraq fiziki inkişafı qeyri-bərabər şəkildə gedir. Pedaqoqlar uşaqların yaş qrupları haqqında fikirlərini ümumiləşdirərək onların fiziki inkişafını məktəbəqədər (0-6 yaş), məktəb yaşı (6-18 yaş), yetkinlik (18 yaşdan yuxarı) dövrlərinə bölüblər.
Məktəbəqədər yaş dövründə uşaqlar ailədə və məktəbəqədər tərbiyə müəssisələrində tərbiyə olunurlar. Bu dövrdə uşaqların orqanizmi sürətlə inkişaf edir. Artıq məktəbəqədər yaş dövrünün sonlarına yaxın qidalanmadan və həyat tərzindən asılı olaraq normal uşaqlarla çəkisi normadan artıq olan uşaqların davranışında, hərəki fəallığında xeyli dərəcədə fərqlər meydana gəlməyə başlayır.
6-10 yaş məktəblilərin kiçik yaş dövrü hesab edilir. Bu dövrdə uşaqların zəif olan orqanizmində bir sıra yeni keyfiyyətlər əmələ gəlir. Bu yaşda sümükləşmə gedir, əzələlərin həcmi və qüvvəsi xeyli artır. Məktəbəqədər yaş dövrünə nisbətən kiçik məktəb yaş dövründə boy inkişafı ləngiməyə başlayır, çəki isə artır. Uşaqlarda düzgün qidalanmama və hərəkət azlığı olanda ən çox bu yaş dövründə artıq çəki əmələ gəlməyə başlayır. Bu cür uşaqların məktəbdə və ailədə fiziki tərbiyəsi düzgün qurulmadıqda artıq çəki onların sonrakı fiziki və zehni inkişafında müəyyən problemlərin yaranmasına səbəb olur.

Bəzən elə uşaqlarla rastlaşırıq ki, onların çəkisi normadan artıq olur. Artıq çəki, əsasən, piylənmə hesabına baş verir. Piylənmə piyin artıq yığılması ilə xarakterizə olunan, digər sistem və orqanların ciddi ağırlaşmasına gətirib çıxaran xroniki xəstəlikdir. Bu, uşaqlıq dövrünün ən çox rast gəlinən qidalanma pozuntularının nəticələrindən biridir.
Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərinin 4-8-ci sinifləri arasında aparılan müşahidələrə əsasən BÇİ (bədən çəkisi indeksi) düsturu ilə şagirdlərin çəki (kiloqram)-boy (metr) nisbəti müəyyənləşdirilib. Müşahidələrə görə məlum olub ki, şəhər orta məktəblərində yoxlamada iştirak edənlərin, təqribən, 4 faizi ciddi, 8 faizi orta, 14 faizi yüngül arıq, 46 faizi normal, 18 faizi yüngül kök, 10 faizi isə piylənmənin müxtəlif dərəcələrinə aiddir. Kənd orta məktəblərində isə vəziyyət şəhər orta məktəblərindən bir qədər fərqlidir. Belə ki, yoxlamada iştirak edənlərin 2 faizi ciddi, 6 faizi orta, 18 faizi yüngül arıq, 58 faizi normal, 10 faizi yüngül kök, 6 faizi isə piylənmənin müxtəlif dərəcələrinə aiddir.
Şəhər və kənd tam orta məktəb şagirdləri arasındakı bu fərq onların sosial vəziyyətindən, kənddəki şagirdlərin şəhərdəki həmyaşıdlarına nisbətən təbiətlə daha çox əlaqədə olmasından, qidalarının şəhər məktəblilərinin qidalanmasına nisbətən daha çox təbii olmasından və hərəkətliliklərindən irəli gəlir.
Görkəmli filosof və təbib Əbu Əli ibn Sina bədən tərbiyəsi və idmana yüksək qiymət verərək qeyd edirdi ki, sağlamlığı qorumaq üçün ən başlıca amil fiziki hərəkətlərlə məşğul olmaqdır. Qida və yuxu sonrakı məsələdir. Fiziki hərəkətlərlə məşğul olan adam heç bir müalicəyə ehtiyac hiss etməz.
Artıq çəkisi olan uşaqlar fiziki hərəkətlərə və idmana o qədər də maraq göstərmirlər. Bunun əsas səbəblərindən biri də ondan ibarətdir ki, artıq çəkiyə malik olan uşaqlar fiziki hərəkətləri həmyaşıdları kimi yerinə yetirə bilmirlər. Normadan artıq çəkinin aradan qaldırılması üçün həmin uşaqların üzgüçülüyə cəlb edilməsi çox effektlidir. Üzgüçülük dözümlülüyün inkişaf etdirilməsi, bədən çəkisinin normaya salınması, əzələ gücünün və elastikliyinin artırılması üçün ən yaxşı idman növlərindən biridir. Suyun qaldırma qüvvəsi bədən çəkisini 3 dəfə azaldır ki, bu da oynaqlara düşən təzyiqin bir o qədər azalmasına səbəb olur. Bundan əlavə, suyun müqavimət qüvvəsi nəticəsində bədən skeletinin bütün əzələləri möhkəmlənir. Suyun təzyiqi ən çox onurğa sütununun düzəlməsinə təsir göstərir. Uşaqların çəkisinin normallaşdırılmasında digər idman növləri ilə yanaşı, sürətli yerişin və vaxta görə qaçışın da böyük əhəmiyyəti var.
Çəkisi normadan artıq olan uşaqların fiziki inkişafını normallaşdırmaq üçün onların fiziki tərbiyə proqramına statik güc tələb edən və əzələ kütləsinin artmasına səbəb olan hərəkətlərin daxil edilməsi məqsədəuyğun deyil. Bu cür uşaqların mütəhərrik oyunlara cəlb edilməsi həm asan, həm də çox faydalıdır. Belə ki, I-IV sinif şagirdləri üçün ümuminkişafetdirici hərəkət, cəldlik və sürət üçün elementlər, yerində və yerindən, hündürlüyə, uzunluğa tullanma, V-VIII sinif şagirdləri üçün basketbola, həndbola, futbola hazırlıq, ümuminkişafetdirici hərəkət, cəldlik, sürət üçün qaçış, oğlanlar üçün reqbi, qızlar üçün bədii gimnastika elementlərinin, IX-XI sinif şagirdləri üçün kross qaçışı, üzgüçülük, gimnastikanın daxil edilməsi lazımdır.
Buraya artıq çəkili uşaqların gün rejiminə gəzintilərin, müxtəlif oyunların daxil edilməsi də əlavə olunmalıdır. Onu da yadda saxlamaq lazımdır ki, uşaqların artıq çəkili olmaması və sağlam böyüməsi üçün valideynlərlə məktəb kollektivinin və pediatr həkimin elmi əsaslar üzərində qurulmuş birgə işi vacibdir.

Məmmədəli RƏHİMOV
Naxçıvan Dövlət Universitetinin dosenti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: