BTQ ilə ilk dəfə Naxçıvana yük gətirilib
Ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttini rellaşdırmaqla Azərbaycan növbəti dəfə təsdiqlədi ki, regional və qlobal əhəmiyyətli layihələri uğurla həyata keçirir.
NUHÇIXAN xəbər verir ki, artıq bu dəmir yolu xətti ilə Naxçıvan Muxtar Respublikasına da yüklərin daşınmasına başlanılıb.
Avqustun 8-də Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklər qardaş Türkiyənin Qars şəhərində boşaldılaraq yük maşınları vasitəsi ilə Sədərək sərhəd-keçid məntəqəsindən keçməklə Naxçıvana gətirilib. Gətirilən ilk yük isə Naxçıvanın dəmir yolları təsərrüfatının yenilənməsində istifadə ediləcək ağac şpallardır.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsi ilə daşımaların təşkili Naxçıvanın daha bir alternativ nəqliyyat dəhlizinə çıxışı deməkdir ki, bu da muxtar respublika üçün mühüm strateji əhəmiyyəti olan hadisədir.
Xatırladaq ki, Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası və ötən ildən işə salınması xüsusi strateji əhəmiyyət daşıyır. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amildir. Ötən ilin oktyabrında dövlət başçılarının iştirakı ilə gerçəkləşən açılış mərasimində də qeyd olunduğu kimi, digər mühüm bir məsələ isə bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi də nəzərdə tutulur ki, bu da muxtar respublikanın nəqliyyat müstəqilliyinin təmin edilməsinə və Naxçıvanda istehsal olunan məhsulların xarici ölkələrə rahat daşınmasına səbəb olacaq.
Qeyd edək ki, ölkəmizin əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəmir yol xətləri işğalçı Ermənistan tərəfdən dağıdılsa da 30 ilə yaxındır ki, blokada şəraitində yaşayan Naxçıvanda dəmir yollar qorunub saxlanılıb və inkişaf etdirilərək ən müasir səviyyəyə çatdırılıb. Hazırda muxtar respublika daxilində dəmir yollarından yük və sərnişin daşımalarında geniş istifadə edilir.