Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib

1. 227

Dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib.

NUHÇIXAN xəbər verir ki, sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib:

1. 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin təsdiq edilməsi

5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı

6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi

7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi

8. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə edib.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin doqquzuncu sessiyasında
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbovun
M Ə R U Z Ə S İ

-Hörmətli deputatlar və sessiya iştirakçıları!

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikada 2018-ci ildə də inkişaf və sabitlik təmin olunmuşdur. Başa çatmaqda olan il muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında əlamətdar hadisələrlə yadda qalmış, bütün sahələrdə inkişaf təmin edilmiş, əhalinin həyat səviyyəsi daha da yaxşılaşmışdır.

2018-ci ilin ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəri olmuşdur. Bu səfər muxtar respublikada bir çox sahələrdə müasir infrastrukturun yaradılması ilə əlamətdar olmuş, dövlət başçısı Naxçıvan Müəllimlər İnstitutunun və Qaraxanbəyli kəndində 6 nömrəli tam orta məktəb binasının, hərbi xəstəxananın, Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin, Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışlarında iştirak etmiş, Dövlət Sərhəd Xidmətinin sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissəsində yaradılan şəraitlə tanış olmuşdur.

Dövlət başçısı 2018-ci il mayın 16-da Ordubad Su Elektrik Stansiyasının tikintisi, muxtar respublika ərazisində meliorativ tədbirlərin görülməsi, Culfa-Ordubad magistral yolunun tikintisi və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 4 Sərəncam imzalamış, ümumilikdə bu işlərin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikasına 55 milyon manat vəsait ayrılmışdır.

Müasir tarixə yazılan mühüm hadisələrdən biri də Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasıdır. Həmçinin 2018-ci ildə Naxçıvan şəhəri ölkəmizin Gənclər Paytaxtı seçilmişdir. Sentyabrın 23-də isə muxtar respublika paytaxtında Avropa Günlərinin açılışı olmuşdur. Noyabrın 26-da Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumunun keçirilməsi də qədim diyarın tarixən formalaşmış mərkəz kimi əhəmiyyətini xeyli artırmışdır.

2018-ci ildə Naxçıvan Muxtar Respublikasının ən böyük yaşayış məntəqələrindən biri olan Babək rayonunun yaradılmasının 40 illiyi geniş qeyd olunmuş, 8 dövlət orqanı və 5 ictimai təşkilatın yerləşdiyi inzibati bina yenidən qurularaq istifadəyə verilmişdir.

İqtisadi sahənin inkişafı da diqqətdə saxlanılmış, daxili imkanlardan səmərəli istifadə olunmuş, enerji və ərzaq təhlükəsizliyi təmin edilmişdir. Nəticədə 2018-ci ildə qazanılan uğurlar bundan əvvəlki dövrlərin göstəriciləri ilə müqayisədə artmışdır. Yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxsahəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, sosial layihələrin uğurla həyata keçirilməsinə səbəb olmuşdur. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ötən dövründə ümumi daxili məhsulun həcmi 1,2 faiz artaraq 2 milyard 422 milyon manata yaxın olmuşdur. Onun bir nəfərə düşən həcmi 5 min 330 manat təşkil etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən 2 faiz çoxdur. Ümumi daxili məhsulun 57 faizdən çoxu istehsalın payına düşmüşdür ki, bu da davamlı və tarazlı inkişafın əsas göstəricisidir.

Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması sahəsində həyata keçirilən tədbirlər də muxtar respublikanın istehsal potensialının güclənməsinə, iqtisadiyyatın çoxsahəli inkişafına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası infrastrukturun yenilənməsinə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsinə, meliorativ tədbirlərin əhatə dairəsinin genişlənməsinə müsbət təsir göstərmiş, biznes mühiti üçün imkanlar yaxşılaşdırılmış, sahibkarlıq subyektlərinin sayı artmışdır.

Muxtar respublikada faiz dərəcələrinin aşağı səviyyəsi kreditlərin əlçatan olmasına öz təsirini göstərmiş, cari ilin ötən dövründə sahibkarlara 13 milyon 202 min manatdan çox kredit verilmişdir. Göstərilən maliyyə dəstəyi sayəsində 49 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamış, 26 hüquqi və 2204 fiziki şəxs dövlət qeydiyyatına alınmışdır. Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.

Muxtar respublikada həyata keçirilən tədbirlər, yeni emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafına da əhəmiyyətli təsir göstərmişdir. Cari ilin ötən dövründə istehsal edilən sənaye məhsulunun həcmi artaraq 900 milyon manata yaxın olmuşdur.

Kənd təsərrüfatının inkişafı iqtisadi sabitliyin və ərzaq təhlükəsizliyinin başlıca şərtidir. Bu, bir tərəfdən sənaye müəssisələri üçün xammal bazası yaradırsa, digər tərəfdən kənd əhalisinin məşğulluğunun yüksəldilməsi, gəlirlərinin artması, rifah halının yaxşılaşması üçün də yeni imkanlar açır. Ona görə də muxtar respublikada kənd təsərrüfatı əsas məşğulluq sahəsi kimi öz aktuallığını qoruyub saxlamaqdadır. Əvvəlki illərdə olduğu kimi, cari ildə də aqrar sahə hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Kənddə şəhər rahatlığının yaradılması, məhsul istehsalçılarına maliyyə dəstəyinin gücləndirilməsi, texnika və gübrə ilə təchizatın yaxşılaşdırılması, suvarma sistemlərinin yenilənməsi, hazır məhsulun satışı və saxlanılması üçün əlverişli şəraitin təmin edilməsi kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmışdır. Aqrar sahənin elmi şəkildə inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi, həmçinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi üçün yeni inzibati bina istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş Aqrokimya Laboratoriyası yaradılmışdır.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2018-ci ilin məhsulu üçün muxtar respublikada 61 min 935 hektar sahədə əkin aparılmışdır. Strateji əhəmiyyəti nəzərə alınaraq əkilmiş sahələrin 52 faizindən çoxunda, yəni 32 min 483 hektarda taxıl səpini aparılmış, zəmilərdən 97 min 689 ton məhsul yığılmışdır.

Qarğıdalı əkininə də diqqət artırılmış, məhsulun vaxtında toplanması üçün tədbirlər görülmüşdür. 2018-ci ildə 1174 hektar qarğıdalı sahəsindən 10 min 524 ton məhsul tədarük olunmuş, məhsuldarlıq hər hektardan 90 sentnerə çataraq 2017-ci illə müqayisədə 19 faiz artmışdır. Tələbata uyğun olaraq kartofçuluğun da inkişafında müsbət dinamika saxlanılmış, tütünçülüyün dirçəldilməsi üçün tədbirlər görülmüş, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 41,5 hektar sahədə tütün əkini aparılmış, bir il öncəyə nisbətən əkin sahəsi 4,6 dəfə artırılmışdır.

Təmiz havası, saf suyu və bərəkətli torpağı muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafına stimul verən əsas amillərdəndir. 2018-ci ildə 6 min 183 hektar sahədə tərəvəz, 2 min 776 hektar sahədə bostan əkinləri həyata keçirilmiş, yeni meyvə bağlarının salınması davam etdirilmişdir. Üzümçülüyün inkişafını təmin etmək və əvvəlki şöhrətini qaytarmaq məqsədilə yerli imkanlardan səmərəli istifadə olunmuşdur.

Muxtar respublikada əkinəyararlı torpaqların məhdud həcmdə olması səbəbindən kənd təsərrüfatının inkişafında intensiv amillərin roluna diqqət artırılmış, əl əməyini yüngülləşdirən, az vaxtda daha çox iş görməyə imkan verən texnika və avadanlıqların gətirilməsi 2018-ci ildə də davam etdirilmişdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə cari ilin ötən dövründə 321 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası gətirilmiş, məhsul istehsalçılarına 5 min 156 ton mineral gübrə verilmişdir.

Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasında mütərəqqi suvarma şəbəkələrinin mövcudluğu mühüm əhəmiyyətə malikdir. Bu sahədə həyata keçirilən tədbirlər 2018-ci ildə də davam etdirilmiş, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 616 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsi qurulmuşdur.

Ərzaq təminatında xüsusi çəkiyə malik olan heyvandarlığın inkişafına da diqqət artırılmış, cari ilin ötən dövründə fermerlərə 4 milyon 563 min manat həcmində kredit verilmiş, yeni heyvandarlıq təsərrüfatları yaradılmışdır. Məhsuldarlığı yüksəltmək, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün süni mayalanma tədbirlərinin əhatə dairəsi genişləndirilmiş, Babək rayonunda Süni Mayalanma Mərkəzinin yaradılmasına başlanmışdır.

Kənd təsərrüfatının inkişafında arıçılıq da mühüm əhəmiyyətə malikdir. 2016-cı il noyabrın 18-də qəbul olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam etdirilmiş, cari ilin ötən dövründə arıçılıqla məşğul olanlara 297 min manata yaxın kredit verilmişdir. 2016-cı ildən etibarən muxtar respublikada “Arıçılıq məhsulları-bal” festivalının keçirilməsi də bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərmişdir. Cari ildən arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi də bu sahənin inkişafına yeni stimul yaradacaqdır.

İqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafında ailə təsərrüfatlarının mühüm rolu vardır. Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı diqqətdə saxlanılır, bu sahədə ardıcıl tədbirlər görülür. 2018-ci ildə də ailə təsərrüfatlarına dövlət qayğısı davam etdirilmiş, 14 ailə təsərrüfatına kreditlər verilmiş, “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilmişdir.

Görülən tədbirlər kənd təsərrüfatının inkişafına öz təsirini göstərmiş, muxtar respublikada 411 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.

Muxtar respublikada ətraf mühitin, mövcud yaşıllıq zolaqlarının qorunması və artırılması diqqətdə saxlanmış, keçirilən yaşıllaşdırma aylıqları çərçivəsində 473 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 400 mindən çox ağac və gül kolu əkilmişdir. Həmçinin ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda monitorinq laboratoriyasının yaradılmasına başlanmışdır.

Əsas kapitala investisiya qoyuluşlarının həcmi tikinti-quruculuq işlərinin genişlənməsinə, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına, rayonların tarazlı inkişafına mühüm təsir göstərir. Cari ilin ötən dövründə bütün maliyyə mənbələri hesabına kapital qoyuluşlarının həcmi artaraq 927 milyon 993 min manat təşkil etmişdir. İnvestisiya qoyuluşlarının 93 faizi bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.

Şəhər və rayon mərkəzlərində, kəndlərdə istifadəyə verilən sosial obyektlər, tikilən inzibati binalar, yaradılan istehsal sahələri insanların məskunlaşmasını, rahatlığını təmin etmiş, 7 kənd və 7 xidmət mərkəzi, Babək rayonunda bir yaşayış binası tikilərək istifadəyə verilmişdir. Naxçıvan şəhərində, Kəngərli, Şahbuz və Sədərək rayonlarının hər birində bir yaşayış binasının tikintisi davam etdirilir. Əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində də tədbirlər davam etdirilir. Cari ilin ötən dövründə Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsi, Babək rayonunun Şəkərabad kəndində içməli su təchizatı və kanalizasiya sistemi, Şahbuz rayonunda təmizləyici qurğular sistemi istifadəyə verilmişdir. Ordubad rayon mərkəzi və ətraf kəndlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi davam etdirilir.

İqtisadi və sosial sahədə inkişafı şərtləndirən amillərdən biri kimi müasir yol-nəqliyyat sisteminin qurulması da diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın blokada şəraitində olmasına baxmayaraq bütün nəqliyyat sahələrində infrastrukturun yenilənməsi tədbirləri davam etdirilir. Quruculuq işləri aparılan hər bir yaşayış məntəqəsində abad və rahat yollar salınır.

Muxtar respublikanın avtomobil yollarında idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 14 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılmış, Agentlik üçün yeni inzibati bina istifadəyə verilmişdir. Həmçinin cari ilin ötən dövründə Babək rayonunda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilmiş, yeni texnikalar alınmışdır. Bundan əlavə, Şərur rayonunda asfalt-beton zavodunun quraşdırılması başa çatdırılmışdır. Yaradılan şəraitin nəticəsidir ki, bu ilin ötən dövründə muxtar respublikada 48,6 kilometr uzunluğunda yeni asfalt yol salınmış, bir körpü tikilmiş, bir körpü isə bərpa olunmuşdur.

Naxçıvan Beynəlxalq Hava Limanında maşın və mexanizmlər üçün qaraj kompleksi yaradılmış, hava limanının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 25 adda 30 yeni texnika və avtomobil alınmışdır. Hazırda hava limanında yeni uçuş-enmə zolağının qurulması davam etdirilir. Bundan əlavə, dəmiryolu təsərrüfatında infrastruktur tədbirləri davam etdirilmiş, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan şəhərində 5 yeni avtobus marşruta buraxılmışdır.

İnformasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi göstərilən xidmətlərin həcmini artırmaqla yanaşı, keyfiyyətini də yaxşılaşdırmış, ucqar dağ kəndlərinin fiber-optik bağlantılarla və genişzolaqlı internetlə təmin edilməsinə səbəb olmuşdur. Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi yaradılmış, Şərur rayonunda İbadulla Radio-Televiziya Verici Stansiyası üçün yeni bina tikilmiş və avadanlıqlar alınmışdır.

Bu gün istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təmin olunması sahəsində yeni güclərin yaradılması, enerji təchizatında alternativ və bərpa olunan enerji mənbələrinin rolunun artırılması diqqət mərkəzində saxlanılır. Hazırda Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binasının və Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi muxtar respublikanın enerji təhlükəsizliyinin daha da möhkəmlənməsinə hesablanıb.

Görülən işlər əhalinin məşğulluq səviyyəsini artırmış, yeni iş yerləri açılmışdır. Cari ilin ötən dövründə muxtar respublika üzrə 2024 yeni iş yeri yaradılmışdır ki, bunun da 98 faizi daimi iş yerləridir. Səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsində, işaxtaranların sosial müdafiəsinin gücləndirilməsində 2016-cı il yanvarın 11-də qəbul olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası da mühüm rol oynamışdır.

Muxtar respublikanın ümumi iqtisadi inkişafında diqqəti cəlb edən amillərdən biri də xarici ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının gücləndirilməsidir. Sahibkarlığa göstərilən sistemli dövlət dəstəyi, ixracın stimullaşdırılması ilə bağlı qəbul edilmiş qərarlar muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaratmışdır. 2018-ci ilin ötən dövründə muxtar respublikanın xarici ticarət dövriyyəsi 435 milyon 598 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 88 faizi, yaxud 383 milyon 314 min ABŞ dolları ixracın payına düşmüşdür.

2018-ci ildə muxtar respublikanın maliyyə sektorunda da tədbirlər diqqətdə saxlanmış, dövriyyədə olan nağd pul kütləsinin azaldılması, nağdsız əməliyyatların həcminin artırılması, elektron ödəniş sistemlərinin geniş tətbiqi üçün tədbirlər görülmüşdür. 2018-ci ilin dekabr ayının əvvəlinə fiziki və hüquqi şəxslər üçün 79 min 943 bank hesabı açılmışdır ki, bunun da 70 min 542-si, yaxud 88 faizdən çoxu işlək hesablardır. Ticarət və xidmət müəssisələrində olan 1272 POS-terminal vasitəsilə nağdsız ödənişlərin aparılması təmin edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində məxaricdə emissiyanın xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 30,7 faizə düşmüşdür.

Hazırda iqtisadi inkişafdan əldə edilən gəlirlərin, ilk növbədə, insan kapitalının formalaşdırılmasına yönəldilməsi əsas məsələdir. Muxtar respublikada təhsilin bütün mərhələləri üzrə infrastrukturun yenilənməsinə, müasir informasiya texnologiyaları və tədris vasitələri ilə təchiz olunmuş məktəb binalarının istifadəyə verilməsinə xüsusi diqqət yetirilir. Bu tədbirlərin davamı olaraq cari ildə Şərur rayonunun Ərəbyengicə kəndində 208, Kosacan kəndində 234, İbadulla kəndində 522, Babək rayonunun Yuxarı Buzqov kəndində 66, Aşağı Buzqov kəndində 154, Culfa rayonunun Dizə kəndində 234, Qazançı kəndində 216 şagird yerlik məktəb binaları tikilmiş və ya yenidən qurulmuşdur. Şərur rayonunun Kərimbəyli, Yeni Havuş və Xətai, Ordubad rayonunun Dəstə kəndlərində məktəb binalarının tikintisi, Naxçıvan şəhərində 5 nömrəli tam orta məktəb binasının isə yenidən qurulması davam etdirilir. Məktəbəqədər tədris müəssisələrinin yaradılması istiqamətində görülən tədbirlər çərçivəsində Naxçıvan şəhərində yeni uşaq bağçası tikilir.

Ali və orta ixtisas təhsili müəssisələrinin də inkişafı diqqətdə saxlanmış, Naxçıvan Dövlət Universitetində Distant Təhsil Mərkəzi yaradılmış, Naxçıvan Tibb Kollecinin binası yenidən qurulmuşdur. Hazırda Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin binasının yenidən qurulması davam etdirilir.

Gənc nəslin təhsilə yiyələnməsi üçün yaradılan şərait nəticəsiz qalmamış, 2018-ci ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1781-i ali, 615-i orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Qəbul imtahanlarının nəticələrinə əsasən 331 nəfər 500-dən yuxarı bal toplamışdır. Yüksək nəticə ilə tələbə adını qazananlardan 6-sı Prezident təqaüdünə layiq görülmüşdür.

Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi və vətəndaşların sağlamlığının etibarlı təminatı bu gün qarşıda duran əsas vəzifələrdəndir. Səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə cari ildən Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanmışdır. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının binası yenidən qurulmuş, Şərur rayonunun Ərəbyengicə və İbadulla, Babək rayonunun Aşağı Buzqov, Culfa rayonunun Qazançı kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Kosacan, Babək rayonunun Yuxarı Buzqov, Culfa rayonunun Dizə kəndlərində feldşer-mama məntəqələri üçün yeni binalar istifadəyə verilmişdir. Şərur rayonunun Kərimbəyli, Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyalarının tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının isə yenidən qurulması davam etdirilir.

Naxçıvan Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınmış, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsi istifadəyə verilmişdir. Ərazidə 18 yaşından yuxarı sağlamlıq imkanları məhdud şəxslər üçün də idman avadanlıqları quraşdırılmışdır. Səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobilinin verilməsi də tibbi xidmətin təşkilinə öz təsirini göstərəcəkdir.

Milli dəyərlərimizin yaşadılması, tarixi-dini obyektlərin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması sahəsində də tədbirlər görülmüşdür. “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası xalçaçılıq ənənələrinin qorunmasına və inkişafına öz töhfəsini verəcəkdir. 2018-ci ilin ötən dövründə Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin, Naxçıvan şəhərində İmamzadə Kompleksinin, Babək rayonunun Nehrəm kəndində İmamzadənin, Şərur rayonunun Yengicə kəndində Şərq hamamının və Culfa rayonunda Qazançı körpüsünün bərpası başa çatdırılmışdır. Naxçıvan şəhərində və Babək qəsəbəsində məscidlər yenidən qurulmuş, Naxçıvan şəhərində yeni məscidin tikintisi davam etdirilmişdir. Bundan əlavə, Şahbuz Rayon Mədəniyyət Evinin tikintisi aparılmış, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina tikilmişdir. Naxçıvan Duz Muzeyi yaradılmışdır.

Turizmin kompleks şəkildə və davamlı inkişafını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi muxtar respublikaya gələn turistlərin sayını ildən-ilə artırmışdır. 2018-ci ilin ötən dövründə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 380 minə yaxın turist gəlmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın və Ali Məclis Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası, bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaratmaqdadır.

Bədən tərbiyəsi və idman gənclərin fiziki inkişafında və asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayır. Bu istiqamətdə cari ilin ötən dövründə tədbirlər görülmüş, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası fəaliyyətə başlamış, Kəngərli və Culfa rayonunda mərkəzi stadionlar yenidən qurulmuşdur.

2018-ci ildə kütləvi informasiya vasitələrinin inkişafı da diqqətdə saxlanmış, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə dəyəri 200 min manata yaxın 22 adda müasir yayım və çəkiliş avadanlıqları alınmış, komitənin binası yenidən qurulmuş, teleradionun efir vaxtı bir saat artırılmış, “Nuhçıxan” İnformasiya Agentliyi yaradılmış, agentliyin internet saytı istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin də maddi-texniki bazaları gücləndirilmiş, dəyəri 37 min manata yaxın olan yeni avadanlıqlar alınaraq təqdim edilmişdir.

Sağlamlıq imkanları məhdud 3 Azərbaycan Vətən Müharibəsi və bir Çernobıl iştirakçısı mənzillə təmin olunmuş, bir nəfərə isə avtomobil verilmişdir.

2018-ci ildə Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər davam etdirilmiş, muxtar respublikanın müdafiə potensialı daha da möhkəmləndirilmişdir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 1992-ci ildə işğal olunmuş Günnüt kəndini və ətraf əraziləri, ümumilikdə 11 min hektar torpaq sahəsinə nəzarəti qaytarmış, ön xətdə və dayaq məntəqələrində etibarlı müdafiə sistemi yaradılmışdır. Muxtar respublikadakı ordu, birləşmə və hissələrin müasir xidmət şəraiti ilə təmin olunması sahəsində tədbirlər də davam etdirilmiş, yeni xidmət və yaşayış kompleksləri istifadəyə verilmişdir.

Hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının və bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də diqqət mərkəzində olmuş, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası yenidən qurulmuşdur.

Daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmışdır. Təhsil müəssisəsi üçün yeni məktəb binasının tikintisi hazırda davam etdirilir.

Əhali arasında hüquq maarifi və profilaktiki tədbirlərin gücləndirilməsinin nəticəsidir ki, cinayətkarlıq üzrə göstəricilərin aşağı səviyyədə olması qorunub saxlanılmışdır.

Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sabitlik və təhlükəsizliyin təmin edilməsi muxtar respublikada məşkunlaşmanın və əhali rifahının yaxşılaşmasına öz təsirini göstərmiş, 1 dekabr 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı artaraq 455 mindən çox olmuşdur.

2018-ci ildə muxtar respublikanın sosial-iqtisadi inkişafında və qazanılan nailiyyətlərdə xidməti olanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkə Prezidentinin sərəncamları ilə muxtar respublika sakinlərindən 143-ü müxtəlif orden, medal və fəxri adlarla təltif olunmuş, bir nəfər Prezident təqaüdünə, 10 nəfər isə Prezident mükafatına layiq görülmüş, 4 nəfərə ali hərbi və ali xüsusi rütbə verilmişdir. Həmçinin 31 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları, 27 nəfər Naxçıvan Muxtar Respublikasının nişanları ilə təltif edilmişdir.

Muxtar respublikada sosial-iqtisadi inkişafın təmin olunması bütün sahələrdə nailiyyətlərin qazanılmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu Caspian European Clubun 2018-ci ildə ölkəmizin iqtisadi regionları üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ikinci dəfə ən yüksək bal toplayaraq lider olması bunu bir daha təsdiq edir.

Heç şübhəsiz ki, bu uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı, eləcə də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında davam və inkişaf etdirilən Heydər Əliyev siyasi xətti və çəkilən zəhmət sayəsində nail olunmuşdur.

Qazanılan bütün nailiyyətlərdə, muxtar respublikamızın inkişafında, sabitliyin, əmin-amanlığın, sərhədlərimizin qorunmasında əməyi olanların hamısına təşəkkür edirəm!

Hörmətli deputatlar və sessiya iştirakçıları!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim məqsədimiz birdir – ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, daha da güclü Azərbaycan yaratmaq. Biz bu məqsədə doğru uğurla gedirik”.

Sağ olun!

***

Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış ediblər.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi barədə çıxış edib, sessiyada “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunub.

Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı qeyd edilib ki, Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” 2017-ci il 30 iyun tarixli Qanununa əsasən işsizliyin yaranması hallarının qarşısının alınması, iş yeri ixtisar olunmuş şəxslərin əməkhaqlarının kompensasiya olunmasının təmin edilməsi və məşğulluğun artırılması məqsədilə işsizlikdən sığorta fondunun vəsaitləri hər il üçün qanunla təsdiq olunur. Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi oxunub və “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiq edilib.

Gündəlikdə duran beşinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilib, məsələ ilə əlaqədar qərar qəbul edilib.

Sonra “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi oxunaraq qəbul olunub.

Sessiyada gündəlikdə duran yeddinci məsələnin müzakirəsi zamanı diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda edilmiş dəyişikliklərə əsasən müvəkkilin vəzifə maaşı artırılıb və pensiya təminatını tənzimləyən 16.7-ci maddəsi yeni redaksiyada verilib. Dəyişikliklərə əsasən Müvəkkilin və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Bu məsələ ilə əlaqədar qanun layihəsi oxunub və “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun qəbul olunub.

Ali Məclisin Sədri deyib ki, gündəlikdə duran səkkizinci məsələ “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi haqqındadır. Deputatın və onun ailə üzvlərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsi ilə bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikasının müvafiq qanununda dəyişikliklər edilməsi üçün layihə hazırlanıb.

Sessiyada “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq təsdiq olunub.

Ali Məclisin Sədri 2018-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirib, Ali Məclisin deputatlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Ali Məclisin Sədri deyib ki, 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları” ili kimi qəbul olunur.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası öz işini başa çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: