2018-ci ildə elm və ekologiya sahələrində baş verən 10 ən mühüm hadisə açıqlanıb

151

2018-ci il dünya elm aləmi və planetin ekoloji vəziyyəti ilə bağlı bir çox kəşflər, uğurlu tədqiqatlarla yadda qalıb. NUHÇIXAN BBC-nin görkəmli alimlərin rəyləri əsasında tərtib etdiyi ilin 10 ən mühüm hadisəsinin siyahısını təqdim edir.

Qlobal istiləşmənin təhlükəsiz həddi

Bəşəriyyətin ən vacib problemlərindən biri olan qlobal istiləşmənin təhlükəsiz həddinin müəyyən edilməsi ekologiya sahəsində həyəcan təbilinin çalınmasına səbəb olub. Alimlər müəyyən ediblər ki, bu yüzilliyin sonunda temperaturun 2 dərəcə selsi artması böyük fəlakətlərə səbəb olacaq. Tədqiqatçılar beynəlxalq təşkilatlara və ölkələrin hökumətlərinə müraciət edərək, onları planetin orta temperaturunu təhlükəsiz həddə – 1,5 dərəcə selsidə saxlamaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıblar. BMT-yə təqdim olunan müvafiq hesabat 2018-ci ildə keçirilən Katovitse konfransında da müzakirə olunub.

Planetimizdə ilk heyvanlar

Elm aləmində ən böyük kəşflərdən biri planetimizdə hazırda mövcud olan bir milyondan çox heyvan növünün mənşəyinin araşdırılması olub. 500 milyon il əvvəl Yer üzündə olan “Ediacaran biota” adlanan engimatik (sirli) həyat formalarının tədqiqatının nəticələri elm aləmində böyük hadisə hesab olunub. İndiki heyvan növlərinin təkhüceyrəli sələflərindən başlayaraq aparılan bu elmi araşdırmalar heyrətamiz faktları üzə çıxarıb. Bioloqlar göbələklərdən tutmuş mavi balina izlərinədək bütün təkamül prosesinin yeni sxemini hazırlayıblar. Sentyabr ayında isə onlar “Ediacaran” növünün fosillərindən çıxarılan xolesterini düz meduzanın hüceyrələri ilə müqayisə ediblər və yarım milyard il əvvəlki heyvanların mənşəyini aydınlaşdırıblar.

Plastik tullantılar problemi

Tanınmış ekoloq Devid Ettonboronun BBC televiziya kanalında təqdim etdiyi plastik tullantılar problemi dünya ictimaiyyətini sözün əsl mənasında heyrətləndirib. Aprel ayında jurnalist Devid Şukmanın İndoneziyada Yava adası sahillərində, digər yerlərdə aşkar etdiyi nəhəng plastik tullantı zibilliyi ekoloji vəziyyətin fəlakət həddinə çatdığını göstərib. Alimlər bildiriblər ki, yaxın on ildə okean və dənizlərin çirklənməsi üç dəfə artacaq və daha ciddi ekoloji problemlər meydana gələcək. Hazırlanan müvafiq hesabatda qeyd olunub ki, yoxsul ölkələrin plastik tullantıları utilizasiya etmək imkanının olmadığı bir şəraitdə beynəlxalq təşkilatlar hərəkətə keçməlidirlər.

Neytrinoların Yerə gətirdiyi enerji

2028-ci ilin mühüm elmi nailiyyətlərindən biri də astronomların və nüvə fiziklərinin neytrinoların yeni xüsusiyyətlərini müəyyən etməsi, bu hissəciklərin kosmosdan gətirdikləri enerjinin ölçülməsidir. Antarktidada yerləşən “IceCube” unikal teleskop-stansiyası bu enerjinin təsirini və neytrinoların buzlara çırpılması gücünü dəqiqliklə ölçə bilib. Müəyyən edilib ki, bu hissəciklər işıq ili sürəti ilə (10 trilyon kilometrə yaxın) Günəşdən Yerin atmosferinə doğru uzun məsafə qət edirlər. İyul ayında isə neytrinoların “blazar” tipli qalaktikadan gəldiyi dəqiqləşdirilib.

Marsın və Ayın səthində tapılan buz

Başa çatan il astronomlar üçün Yerin süni peykinin və Mars planetinin səthində su tapılması ilə əlamətdar olub. İyul ayında Qırmızı planetin səthində 20 kilometrlik ərazidə buz səthi aşkar edilib. NASA-nın “Curiosity” zondunun apardığı tədqiqat Marsda həyat əlamətləri olması fərziyyələrini yenidən gündəmə gətirib. Lakin Böyük Britaniya Açıq Cəmiyyətinin nümayəndəsi Maniş Patel bu tapıntının planetdə həyatın olmasına dəlalət etmədiyini bildirib.

Hindistanın “Çandrayaan-1” kosmik gəmisinin göndərdiyi məlumatlarda isə Ayın şimal və cənub qütblərində buz təbəqəsinin olduğunu göstərir. Bu məlumatın tam dəqiqliyi ilə araşdırılması Yerin süni peykinə göndəriləcək astronavtların üzərinə düşəcək.

Stounhenc abidəsini tikənlərin aqibəti

DNT analizləri min illər əvvəl yaşamış insanların fəaliyyətinə işıq salmağa da imkan verir. 2018-ci ildə bu sahədə edilən ən böyük kəşf isə 4500 il əvvəl Britaniyaya köç edən qəbilələr haqqında sensasiyalı faktların üzə çıxarılması olub.

Neolit dövrünün britaniyalıları Stounhenc sal daşlarını ucaldıblar, lakin sonradan Beker insanları adlanan tayfa tərəfindən bu yerlərdən qovulublar. Araşdırma zamanı məlum olub ki, britaniyalıların genlərinin 90 faizi cəmi bir neçə yüz il əvvəl dəyişib. Bunun dəqiq səbəbi bilinməsə də, dəyişikliyin fəlakətlər və müharibələrlə əlaqədar olduğu ehtimal edilir.

2018-ci ildə bu sahədə qeydə alınan digər böyük kəşf isə Rusiya ərazisində tapılan 50 min il yaşı olan insan sümüklərinin analizi zamanı genlərin Denisov və Neandertal insan tiplərinə aid olmasıdır.

Buz təkanı

Noyabr ayında alimlərin Qrenlandiyada radar cihazları vasitəsilə apardıqları müşahidələr zamanı 31 kilometrlik ərazidə buz təbəqəsinin deformasiyası nəticəsində qalın qatların altında 1,5 kilometr ölçüsü və 12 min ildən çox tarixi olduğu ehtimal edilən dəmir asteroidin yerləşdiyi müəyyən olunub. Onların ehtimalına görə, milyonlarla il əvvəl Qrenlandiya və Kanadada olan ucsuz-bucaqsız buzlaqlar məhz nəhəng meteor düşməsi nəticəsində bir-birindən ayrılıb. Meteorun əsas hissəsini üzə çıxarmaq üçün Şimal Buzlu okeanın dərinliyində – buz qatlarında qazıntı aparmaq lazımdır.

Danimarka Təbiətşünaslıq Muzeyinin əməkdaşı, professor Kurt Kjer bildirib ki, bu krater dünyada indiyədək tapılan ən böyük səma cismi ola bilər. Onun sözlərinə görə, Qrenlandiyanın şimal-qərbindəki “Hiavata” adlı buzlaqda aşkar edilən bu meteorun çox kiçik bir hissəsinin təsvirini yüksək texnoloji göstəriciləri olan cihazlarla qeydə almaq mümkün olub. Lakin ərazidə relyefin dəyişməsi nəticəsində onun 980 metrlik hissəsi Şimal Buzlu okeanda qalın buzların altındadır.

İbtidai insanların Afrikadan köçünün yeni tarixi

Uzun illərdir alimlərin apardıqları tədqiqatlarda ibtidai insanların Afrikadan digər qitələrə köçünün 60 min il əvvəl baş verdiyi iddia edilirdi. Lakin müasir insanın əcdadı olan Homo Sapiensin bu qitəni tərk etməsi tarixinin daha qədim olduğu aşkar edilib.

Yanvar ayında alimlər İsrail ərazisində 185 min il əvvəl ölmüş insanın çənə sümüyünü tapıblar. Bu tapıntı quraqlıqla qarşılaşan ibtidai insanların Avrasiyaya köç etməsi tarixinin daha qədimlərə getdiyini sübut edib. Lakin Neandertal və Denisov insan tiplərinin mənşəyi və tarixi ilə bağlı elmi mübahisələr davam etməkdədir.

Marsın tədqiqində yeni mərhələ

Marsa kosmik gəmi göndərilməsi haqda illərlə davam edən hazırlıqdan sonra Avropa və ABŞ-ın kosmik agentlikləri Qırmızı planetə birgə missiya göndərilməsinə və oradan qaya parçası gətirilməsinə qərar veriblər. Belə ki, aprel ayında NASA və ESA arasında imzalanan müvafiq kontraktdan sonra Marsın tarixinin daha geniş tədqiqi, orada həyat əlamətlərinin tapılması üzrə yeni mərhələnin əsası qoyulub.

Noyabrın 26-da isə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) növbəti – doqquzuncu missiyası olan “InSight” kosmik zondu Marsın səthindəki Eliziy vulkanik təpəsindən cənubda yerləşən düzənliyə enib. Bu ərazinin 600 kilometr cənubunda isə “Curiosity” missiyasının tədqiqat apardığı “Geyla” krateri yerləşir. Yeni missiya Qırmızı planetin səthini deyil, onun dərin qatlarında temperaturu və seysmik aktivliyi öyrənir. Bunun üçün aparatda quraşdırılmış qurğular 3-5 metr dərinliyində qazma işləri aparacaqlar. Bütün bu işlərə hazırlıq müddəti isə 2019-cu il yanvarın sonunadək davam edəcək. “InSight”ın əsas cihazının çox həssas və planetin səthinə düşən meteoritlərin zərbə dalğasını ölçəcək “SEIS” seysmometri olduğu bildirilir. Bu dalğaların ölçülməsi Marsın strukturu və onun 4,6 milyard il əvvəl necə yaranması barədə məlumatların əldə edilməsinə şərait yaradacaq. Həmçinin, Qırmızı planetdən gətiriləcək qaya parçası geofiziklər tərəfindən laboratoriya şəraitində öyrəniləcək.

İnsan orqanizmində aşkar olunan plastik kütlə

2018-ci ilin daha bir yaddaqalan hadisəsi alimlərin insan orqanizmində ilk dəfə olaraq plastik kütlə aşkar etməsi olub. Plastik qablarda yerləşdirilən su və qida məhsulları vasitəsilə orqanizmə daxil olan mikroplastikin insanın daxili orqanlarına təsiri hələlik öyrənilməyib. Əvvəllər də dünyanın ən gözlənilməz yerlərində, məsələn Arktikada butulkalardakı su, kosmetika, geyim, balıq məhsullarında mikroplastik zərrəciklər tapılmışdı.

Alman alimləri təcrübə məqsədi ilə dünyanın müxtəlif ölkələrində plastik butulkadakı su və plastik qablardakı qida məhsullarından istifadə edən və yaşı 33-dən 65-ə qədər olan könüllüləri cəlb etməklə tədqiqat aparıblar. Yoxlanılan 8 nəfər arasında vegetarian olmayıb – onların hamısı ət, balıq və dəniz məhsulları ilə qidalanıb. Vyana Tibb Universitetinin alimləri bir həftədən sonra layihə iştirakçılarının analizlərini yoxladıqda, onların nəcisində plastik kütlə aşkar ediblər. Nümunələrdə 50-dən 500 mikrona qədər miqdarda mikroplastik zərrəciklər aşkar olunub. “Şpiegel” jurnalının məlumatına görə, onlarda elementlərin müxtəlifliyi, yəni PET və polipropilenin aşkar olunması tədqiqatçıları təəccübləndirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: