Baş redaktordan

655

Dostlar, mayın 15-dən Naxçıvanda yeni və ilk dəfə olaraq muxtar respublikada informasiya agentliyi fəaliyyətə başladı. Əvvəlcədən də qeyd etdiyim kimi bu qurumda baş redaktor kimi çalışacağam. İnformasiya  agentliyini “Nuhçıxan” adlandırdıq. Loqomuz isə Nuh peyğəmbərin adı ilə bağlı olan və Naxçıvanın, ümumilikdə Azərbaycanımızın nadir dağlarından sayılan Haçadağın üzərində aypara şəklində bayrağımızın təsvirini  və  parlayan səkkizguşəli ulduzu seçdik.  Nuh daşqınından sonra insan üçün ən gözəl müjdə, xəbər qurunun görünməsi və insanın ayağının torpağa-quruya basmasıdır. Nuh çıxan- bu qədim Naxçıvanın ilk adıdır və dünyada  ilk xəbərin müjdəsidir. Məhz buna görə “Nuhçıxan” adını seçdik. Naxçıvanla bağlı doğru, dəqiq xəbərləri burdan izləyə bilərsiniz. Etiraf edək ki, indi sosial şəbəkələrdə və internet saytlarında hər kəsin öz fantaziyasına uyğun, “saman düşdü, zaman öldü” kimi xəbərlərin bolluğunda əsl həqiqəti və doğru olanı seçmək bir qədər müşkül olub. Ona görə də məqsədimiz oxucularımızı, izləyicilərimizi tam, dolğun informasiya ilə təmin etməkdir! Bizim hazırladığımız yerli xəbərlərin hamısını özümüz, Naxçıvan Dövlət Televiziyasının bütün əməkdaşları hazırlayırıq. Yəni bu informasiya birinci əldən, birbaşa rəsmi mənbədəndir. Ona görə də çalışacağıq ki, doğru xəbəri “Nuhçıxandan” alasınız. Bu günlərdə mənə səmimi təbriklərini və ürək sözlərini  yazan hər kəsə minnətdarlığımı bildirirəm. İnformasiya agentliyi kimi bir qurum o yerdə yaranır ki, orda sürətli inkişaf, yenilik, müntəzəm davam edən dinamika ,siyasi sabit kurs, ictimai sabitlik, bir sözlə tərəqqi edən cəmiyyətin içərisindən yaranan  xəbər bolluğu olsun.  Ermənistan tərəfindən blokadaya alınsa da, bu günkü  inkişaf modeli, iqtisadi nəticələri  ilə dünyanı heyrətləndirən Naxçıvanda isə bütün bu sadalananlar var.

Onu da qeyd edim ki, bizim Naxçıvanla bağlı informasiya və xəbərlərimiz  təkcə öz yerli auditoriyamız üçün nəzərdə tutulmayıb. Bu həm də bizim coğrafiyaya köçürüləndən,  yəni 1828-ci ildən bütün Azərbaycan torpaqlarına, o cümlədən Naxçıvana uzaqdan ağzının suyunu  axıdaraq özününkü kimi baxmaq istəyənlərə-məlum düşmənlərimizə və onların havadarlarına ünvanlanır. Biz demək istəyirik ki, qədim oğuz –türk yurdu olan Naxçıvan bu gün də Azərbaycanın bir parçası, Türk dünyasının tam mərkəzi olaraq inkişaf edir, çüçəklənir və min illik ənənələri qoruyub saxlayır! Qoy bizim verdiyimiz hər xoş xəbərdən dostlar sevinsin, dost olmayanlar isə…

Hörmətlə , Səməd Canbaxşiyev.

“Nuhçıxan” İnformasiya Agentliyinin Baş redaktoru.   

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: