Bakıda “Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib

173

İyulun 31-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları–2018” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, açılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi, veteranlar, hərbçilər, iştirakçı dövlətlərdən başqa Türkiyə, Pakistan, ABŞ, Vyetnam, Səudiyyə Ərəbistanı, Bəhreyn Krallığı, Bolqarıstan və digər ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri və Hərbi Dəniz Qüvvələrinin rəhbər heyətləri iştirak ediblər.

Mərasimin aparıcıları Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Əməkdar Artist Cahangir Qurbanov və Rəna Qurbanova Xalq Cümhuriyyətinin 100 illiyini təntənə ilə qeyd edən Azərbaycanda keçirilən bu yarışın əhəmiyyətini yüksək qiymətləndiriblər. Aparıcılar “Dəniz Kuboku-2018”in Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafında rolundan söz açıblar.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının, incəsənət ustalarının və matrosların iştirakı ilə Azərbaycanın tarixi və milli adət-ənənələrini əks etdirən etnoqrafik etüdlər təqdim edilib.

Sonra “Dəniz Kuboku-2018” müsabiqəsinin hakimlər briqadası və komandalar mərasimə dəvət olunub. Yarışın baş hakimi 1-ci dərəcəli kapitan Həbib Xəlilovdur.

Müsabiqə iştirakçıları – Rusiya Federasiyası Xəzər flotiliyasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Hərbi Dəniz qüvvələrinin komandaları dövlət bayraqları altında və hərbi orkestrın müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb.

IV Beynəlxalq Ordu Oyunlarının və “Dəniz Kuboku-2018” müsabiqəsinin bayraqları mərasimə gətirilib. Sonra IV Beynəlxalq Ordu Oyunlarının və “Dəniz Kuboku-2018” müsabiqəsinin bayraqları dalğalandırılıb.

Mərasimdə çıxış edən “Dəniz Kuboku – 2018” müsabiqəsinin təşkilat komitəsinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov tədbirin əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev

mərasim iştirakçılarını və qonaqları salamlayıb, onlara müdafiə nazirinin təbrikini çatdırıb və “Dəniz Kuboku – 2018” müsabiqəsini açıq elan edib.

Mərasimdə incəsənət ustalarının, Azərbaycan Silahlı Qüvvələrinin və Rusiya Federasiyası Qara Dəniz Donanmasının mahnı və rəqs ansambllarının iştirakı ilə teatrlaşdırılmış kütləvi bədii proqram təqdim olunub.

“Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının açılışına həsr olunmuş təntənəli mərasimin ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbanidir.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları – 2018” çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində, ümumilikdə, 28 müsabiqə təşkil olunacaq.

Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.

Hərbçilərimiz, həmçinin İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

“Dəniz kuboku – 2018” müsabiqəsində müşahidəçi qismində Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: