“Azərxalça”da xalçaçıların ümumrespublika konfransı keçirilib

95

Mayın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xalçaçıların ümumrespublika konfransı keçirilib.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətində davam edən tədbirdə ölkə başçısının “Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 4 may 2018-ci il tarixli Sərəncamı oxunub.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək “Xalçaçı Günü” peşə bayramının təsis olunmasının əhəmiyyətindən, ölkəmizdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli xalçaçılığın inkişafı istiqamətində görülən işləri bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafına, milli dəyərlərimizin qorunmasına göstərilən diqqət kimi dəyərləndirib, ölkə rəhbərinin qayğısı ilə “Azərxalça”nın bu sahədə böyük işlər gördüyünü bildirib. Akademik xalçaçılığın elmi cəhətdən araşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, xalçaçılığa həsr olunan kitablardan bəhs edib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov çıxışında bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə mayın 5-i “Xalçaçı Günü” peşə bayramı kimi qeyd olunur. Xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə – milli dəyərlərimizin hamisi, ulu öndərimiz Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlərin keçirildiyi günlərdə qeyd edirlər.

Vidadi Muradov deyib ki, ölkəmizdə digər sahələr kimi, xalçaçılığın da inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Hələ sovet dövründə xalçaçılığın geniş şəkildə tədqiqinə süni maneələr yaradıldığı bir zamanda ulu öndər Heydər Əliyev xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. Ötən əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyinin yaradılması, bu sahə ilə məşğul olan tədqiqatçıların, xalçaçıların diqqət və qayğı ilə əhatə edilməsi Ulu Öndərimizin müstəqil Azərbaycanın qurulması yolundakı mühüm xidmətlərindən biridir.

“Müstəqillik qazandıqdan sonra Azərbaycanda dövlət tərəfindən xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilib. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, Xalça Muzeyi üçün müasir standartlara cavab verən bina inşa edilib, rayonlarda yerli xalçaçılıq ənənələrini əks etdirən xalça muzeyləri yaradılıb. Bu sahədə görülən işlərin zirvəsi isə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır. Cəmiyyətin Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filialları fəaliyyətə başlayıb. “Azərxalça”nın xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edilib, işçi potensialının gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görülüb. Prezident İlham Əliyevin iştirakı ilə cəmiyyətin Füzuli, Şəmkir, Quba, bu il mayın 4-də isə Xaçmaz filiallarının açılışı olub. Dövlət başçısının sərəncamları ilə yeni xalça istehsalı emalatxanalarının tikintisi üçün vəsait ayrılıb və tikinti işlərinə başlanılıb. Bu il Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Tərtər, Goranboy və Şabran rayonlarında da xalça istehsalı emalatxanalarının tikintisi başa çatdırılacaq”, – deyə Vidadi Muradov bildirib.

Qeyd olunub ki, xalça emalatxanalarının yaradılması ilə yanaşı, xalça toxunması üçün lazım olan xammalın da ölkəmizdə istehsalı qarşıya qoyulan vəzifələrdən biridir. Hazırda Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça”nın Yun-Əyirici Boyaq Fabriki inşa olunur. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrikdə İtaliya, Fransa və Türkiyədən gətiriləcək müasir avadanlıqlar quraşdırılacaq. Fabrikin xammalla təmin olunması üçün ölkəmizin müxtəlif bölgələrində yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılmasına başlanılıb. 2018-ci ilin sonuna qədər Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binaların tikintisinin başa çatdırılması nəzərdə tutulub.

Bildirilib ki, bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, Prezidentin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Bu dövlət proqramı qarşıdakı 5 ildə xalçaçılığın inkişaf perspektivlərini özündə əks etdirir. Bundan başqa, xarici xalça bazarlarının araşdırılması və yerli xalça istehsalçılarının məlumatlandırılması işi həyata keçirilib, “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendi yaradılıb, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi istiqamətində tədbirlər görülüb.

Azərbaycan Prezidentinin “Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir” sözlərini xatırladan Vidadi Muradov bildirib ki, dövlət başçısı xalçaçılığa ikinci həyat verib, bu sənət sahəsinin yaşadılmasını təmin edib, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsini yaradıb. Ölkə rəhbərimizin qayğısı ilə yaradılmış və yaradılması davam etdirilən emalatxanalar minlərlə xalçaçını sevindirib, onların bu sənətin gələcəyi ilə bağlı itirilmiş inamını və ümidini özünə qaytarıb. İndi Azərbaycan xalçaçıları nəinki dövlət başçısının onlar üçün yaratdığı emalatxanalarda işləyərək möhtəşəm xalçalar toxuyurlar, həm də ikinci ildir ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsis edilmiş peşə bayramlarını qeyd edirlər.

Tədbirdə çıxış edən professor Kübra Əliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, “Azərxalça”nın Ağdam filialının müdiri Ceyran Əliyeva, İsmayıllı filialının müdiri Zemfira Ələsgərova peşə bayramı münasibətilə xalçaçıları təbrik ediblər.

Sonra bir qrup toxucuya “Azərxalça”nın fəxri fərmanı təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: