İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. Azərbaycan millisinin iki idmançısı yarışın yarımfinal mərhələsinə yüksəlib.
NUHÇIXAN xəbər verir ki, birincilikdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurlan Səfərov üçüncü görüşünü də qələbə ilə başa vurub. Həmyerlimiz dörddəbir finalda Nikolay Terteryanı (Danimarka) mübarizədən kənarlaşdırıb. O, erməni əsilli rəqibini 3:2 hesabı ilə məğlub edib. N.Səfərov yarımfinala yüksəlməklə, özü üçün bürünc medalı da təmin edib. Təmsilçimiz növbəti qarşılaşmasına aprelin 24-də çıxacaq. Finala gedən yolda onun rəqibi hollandiyalı Van Pi Kas olacaq.
Yığmamızın 69 kiloqram çəki dərəcəsindəki təmsilçisi Nicat Həsənov da adını yarımfinala yazdırıb. Özü üçün ən azı bürünc medalı təmin edən boksçumuz dörddəbir finalda Mikita Buçkodan (Belarus) güclü olub. Həmyerlimiz rəqibinə 4:1 hesabı ilə qalib gəlib. O, aprelin 24-də baş tutacaq yarımfinalda şotlandiyalı Samuel Hikki ilə qüvvəsini sınayacaq.