Dövlətimizin başçısı İlham Əliyevin Fransaya səfəri ilə bağlı analizlər davam edir. Müxtəlif “beyin mərkəzləri” və KİV orqanları bunun arxasında dayanan məqamları müəyyənləşdirməyə çalışırlar. Məsələnin geosiyasi aspektinə xüsusi diqqət yetirilir. Bunlar da səbəbsiz deyil. Çünki İlham Əliyevin Parisdə müzakirə etdiyi problemlər və əməkdaşlıqla bağlı əldə etdiyi nailiyyətlər regional və qlobal miqyasda geosiyasi əhəmiyyəti olan məqamlarla sıx bağlıdır. Burada həm Avropanın böyük dövlətlərindən biri ilə Cənubi Qafqazın lider ölkəsi arasında qarşılıqlı münasibətlərin gələcək inkişaf istiqamətlərinin nəzəri aspektləri aktualdır, həm də həmin prosesin bütövlükdə qlobal geosiyasi mənzərəyə mümkün təsirləri məsələsi əhəmiyyətlidir. Bunların fonunda Fransa səfərinə Ermənistanın qısqanc münasibətinin müxtəlif cəhətləri maraq doğurur. Həmin kontekstdə biz səfərin geosiyasi təhlilini vacib hesab edirik.
Parisin seçimi: Azərbaycanın uğurları fonunda
Fransa Avropanın böyük dövlətlərindəndir. Ənənəvi olaraq Parisin Avropa və dünya siyasətinə ciddi təsiri olub. Avropa İttifaqı çərçivəsində də Fransa Almaniya ilə birlikdə təşkilata liderlik edir. Demək olar ki, bütün prinsipial məsələlərdə Paris-Berlin tandemi həlledici sözü deyir. Bu vəziyyətə hətta Aİ daxilində bir etiraz dalğası meydana gəlmişdi. İki böyük dövlətin dominant rolunu digər üzvlər normal qəbul etmirlər.
Buna baxmayaraq, Parisin Avropa və dünya işlərində rolunu qoruyub saxlaması müşahidə edilir. Xüsusilə Emmanuel Makronun prezident seçilməsi ilə bu məsələyə Paris daha çox diqqət yetirir. Hətta Fransanın yeni prezidenti fəaliyyətinə qlobal geosiyasi proseslərdə, o cümlədən Yaxın Şərqdə təşəbbüsü ələ almaqla başlamışdı. İndi də həmin istiqamətdə Parisin cəhdləri davam edir. O, dünyanın digər geosiyasi gücləri ilə rəqabətdə milli maraqların təmin edilməsinə çalışır.
Fransanın Cənubi Qafqazda da fəal olması şübhə doğurmur. Ayrıca, bu dövlət ABŞ və Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur. Parisin İrəvana təsir imkanları haqqında da xüsusi danışmaq mümkündür. Ənənəvi olaraq Fransada erməni diasporu mövcud olub və onun rəsmi İrəvana təsiri az deyil.
Fransa Azərbaycanla enerji sahəsində əməkdaşlıq edən böyük dövlətlərdəndir. “Total” şirkəti başlanğıcdan “Əsrin müqaviləsi”ndə yer alıb. Paris bir sıra başqa dövlətlərdən fərqli olaraq Azərbaycanla əməkdaşlıq imkanlarından istifadə edir. Məsələn, Almaniyadan daha aktiv surətdə enerji sferasında əlaqələri gücləndirir. Onunla bu istiqamətdə ancaq İtaliya yarışa bilər.
Fransanın Azərbaycanla münasibətlərində seçilən başqa məqam təyyarələr və peyklərlə bağlıdır. Azərbaycan kosmosa buraxdığı peykləri Fransadan alır. Fransa onlara start verir. Bu məsələyə görə Ermənistan hətta Fransadan küsüb. Ermənilər deyirlər ki, Azərbaycan Fransanın istehsal etdiyi peyklər vasitəsi ilə kosmosdan kəşfiyyat işləri aparır. Və buna rəsmi İrəvan sərt təpki göstərməlidir.
Fransa ilə Azərbaycan arasında hərbi-təhlükəsizlik sahəsində də əlaqələr vardır. Bu istiqamətdən çox isə mədəniyyət əlaqələri üstünlük təşkil edir. Heydər Əliyev Fondu Fransada çox maraqlı layihələr həyata keçirir. Bərpa işləri aparır, sərgilər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir. Artıq Fransanın mədəni həyatında Heydər Əliyev Fondunun özünəməxsus yeri və rolu vardır. Bu prosesin davam edəcəyi fikrində ekspertlər yekdildir.
Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 19-20-də Fransaya səfərinin geosiyasi əhəmiyyətini konkret aspektdə dərk etməyə imkan verir. Təsadüfi deyil ki, bu səfərə dünya ekspertləri də ciddi maraq göstəriblər. Məsələn, rusiyalı ekspertlərin qənaətinə görə, Fransa artıq Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycanı görür. Paris Bakı ilə çox müxtəlif sferaları əhatə edən əməkdaşlıq sənədləri imzalayır. Bunun əsas səbəbi kimi isə Azərbaycan rəhbərliyinin səmərəli xarici siyasət kursu göstərilir.
Doğrudan da, Azərbaycanda prezident seçkisindən dərhal sonra E.Makron İlham Əliyevi qələbəsi münasibəti ilə təbrik edib onu ölkəsinə səfərə dəvət etdi. Onda da ermənilər buna mənfi reaksiya verdilər. Onlar Azərbaycan-Fransa münasibətlərinin inkişafını qətiyyən arzulamır, Azərbaycanın Avropa ölkələri tərəfindən antidemokratik ölkə kimi tanınmasını istəyirlər. Lakin Paris nəinki erməniləri dinləmədi, hətta E.Makron İlham Əliyevlə görüşməyə böyük həmiyyət verdiyini ifadə etdi.
Geosiyasi dinamika: Cənubi Qafqazın lideri ilə əməkdaşlığın əhəmiyyəti
Parisdə Azərbaycan Prezidentini təntənə ilə qarşıladılar. Geniş müzakirələr aparıldı. Azərbaycanla Fransanın 11 şirkəti arasında 2 milyard ABŞ dolları həcmində əməkdaşlıq müqavilələri imzalandı. Həmin şirkətlər kosmik fəzanın tədqiqi, müasir təyyarələr, təhsil, elm, mədəniyyət, ekoloji sfera, texnologiyalar, nəqliyyat, enerji və s. bu kimi bütün vacib sahələrdə çalışırlar. Onların sırasında məşhur Rotşildlərə bağlı şirkət də vardır. Məlumdur ki, Rotşild qardaşları Bakı neftinin istehsalında rol oynayıblar. Airbusların alışı və yeni texnologiyalar sahəsində əməkdaşlıq da ekspertlərin diqqətini çəkən məqamlardandır.
Bunlar onu təsdiq edir ki, Paris Azərbaycanla bütün sahələrdə əlaqələrini daha da genişləndirməkdə və intensivləşdirməkdə maraqlıdır. Fransa bu regionda Azərbaycana böyük önəm verir və onunla daha yaxın əməkdaşlığa can atır. Bununla da erməni təbliğatı növbəti dəfə iflasa uğramış olur. İrəvan bu səfərdən narahatlığını öncədən ifadə etmişdi. Parisə işarə edilirdi ki, görüş zamanı İlham Əliyevə Dağlıq Qarabağ məsələsində güzəştə getməsi üçün təzyiq göstərsinlər. Guya Paris bu üsulla Ermənistanı münaqişənin həllində düşdüyü ağır vəziyyətdən çıxara biləcək.
Lakin İlham Əliyevin Emmanuel Makron və Fransanın digər rəsmi şəxsləri ilə görüşündə tamamilə fərqli mənzərənin yarandığı aydın oldu. Tərəflər ancaq qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər və ortaq razılıqlar əldə olundu. Dağlıq Qarabağ məsələsinə gəldikdə isə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üzərində dayanıldı. Bu aspektdə danışıqların formatında Ermənistanın istəyinə uyğun hansısa dəyişikliyin qəbuledilməzliyi vurğulandı. ATƏT-in Minsk qrupu formatına əməl olunması zərurəti vurğulandı.
Təbii ki, rəsmi Bakı həmin kontekstdə məsələnin digər tərəfinin də əhəmiyyətini başa düşür. Söhbət ondan gedir ki, həmsədrlər uzun illərdir ki, tutarlı bir iş görmürlər. Buna görə də onların fəaliyyətində dəyişikliklər olmalıdır. Konkret olaraq həmsədrlər fəallaşmalı, təcavüzkara kim olduğunu açıq deməklə, işğal altındakı Azərbaycan torpaqlarından onun çəkilməsini tələb etməlidirlər. Yalnız bu halda Minsk qrupu danışıqların formatı kimi dəyişməz qala bilər. Əgər bu vəziyyət yaranmasa, onda Azərbaycanın təşəbbüsü ilə formatda yenilik ola bilər. Məsələn, müsəlman dövlətlərindən də həmsədrliyə qəbul edilənlər ola bilər.
Lakin hələlik hazırkı format mövcuddur və erməni separatçı-terrorçuların təmsilçilərinin buraya daxil edilməsi mümkün deyildir. Dağlıq Qarabağ onların vətəni deyil, əsl yurd sahiblərini öz evlərindən qovublar. Danışıqlarda məhz onlar iştirak etməlidirlər.
Beləliklə, Prezident İlham Əliyevin Fransa rəhbərliyi ilə apardığı müzakirələr bir daha göstərdi ki, Azərbaycanın Cənubi Qafqazda lider dövlət olması dünya tərəfindən nəinki qəbul edilir, hətta böyük dövlətlər onunla əməkdaşlıq üçün ciddi maraq göstərirlər. Konkret olaraq Fransa ilə imzalanan yeni sazişlər ikitərəfli əlaqələrin perspektivlərini bir daha ortaya qoyur. Üstəlik, Azərbaycanın beynəlxalq layihələrdə əhəmiyyətini təsdiqləyir.
Bu bağlılıqda İlham Əliyevin Fransaya səfəri Azərbaycanın beynəlxalq layihələrdəki statusunun daha da yüksəldiyinin əyani sübutu oldu. Belə ki, Paris Azərbaycanla əməkdaşlığa birbaşa qlobal kontekstdə yanaşır. Bu mənada hətta o, digər böyük dövlətlərlə nüfuz yarışına girməyi də göz önünə alır. Fransa Azərbaycanın dünyada artan geosiyasi əhəmiyyətini çox yaxşı başa düşür. Bunun fonunda Parisin Ermənistan siyasəti maraq doğurur.
Yəni Fransanın ermənilərlə ənənəvi münasibətlərini davam etdirib-etdirməyəcəyi düşündürücüdür. Hazırda Ermənistan bütün arqumentlərini itirmiş durumdadır. Reallıq Azərbaycanın haqlı olduğunu hər kəsə sübut edir. Getdikcə Ermənistanın təcavüzkarlığının regionda sülh, barış, əməkdaşlıq və inkişafa əsas maneə olduğu daha da aydınlaşır.
Bütün bunlar qlobal geosiyasətdə dinamikanın xeyli intensivləşməsi və ümumi mənzərənin mürəkkəbləşməsi fonunda baş verir. Ermənistan bu səviyyədə cərəyan edən proseslər üçün çox kiçik faktordur. Böyük dövlətlər həyati məsələlərdə erməniləri nəzərə almaya bilərlər. Bəs Fransa hansı kursu seçəcək? Cənubi Qafqazın gələcəyini Paris necə görür?
Newtimes.az