Arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasının keçirilmə tarixi və məkanı dəyişib

298

Kənd Təsərrüfatı Nazirliyi arıçıların çoxsaylı müraciətlərini nəzərə alaraq, arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasının keçirilmə tarixini və məkanını dəyişib.

NUHÇIXAN xəbər verir ki, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi bu il oktyabrın 5-dən 28-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək:

Lənkəran iqtisadi rayonu üzrə – 15-18 sentyabr

Aran iqtisadi rayonu üzrə – 19-21 sentyabr

Gəncə-Qazax iqtisadi rayonu üzrə – 22-24 sentyabr

Şəki-Zaqatala iqtisadi rayonu üzrə – 25-27 sentyabr

Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə – 28 sentyabr

Dağlıq Şirvan iqtisadi rayonu üzrə – 29 sentyabr

Naxçıvan iqtisadi rayonu üzrə – 30 sentyabr

Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə – 30 sentyabr.

Eyni zamanda, şəffaflığın təmin edilməsi məqsədi ilə oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

Əlaqə telefonları: 1652 (Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi), (012) 498-16-38, 598-33-32.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, məkan seçimi zamanı, ilk növbədə, yarmarkaya arıçılıq məhsulları çıxaracaq fermerlər üçün daha yaxşı şəraitin yaradılması, ictimai nəqliyyat və parkinq problemlərinin yaşanmaması, münasib infrastrukturun olması kimi amillər nəzərə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: