AMEA Naxçıvan Bölməsi hesabat verib

195

NUHÇIXAN xəbər verir ki, AMEA  Naxçıvan Bölməsində bölmənin  2018-ci  ilə aid  elmi və elmi-təşkilati hesabatı olub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev 2018-ci ildə görülmüş elmi-təşkilati işlərlə bağlı məruzə edib. Qeyd edib ki, bölmənin tərkibindəki elmi qu­rum­­larda təs­diq edilmiş plana uyğun olaraq 83 mərhələ üzrə tədqiqat­lar tamamlanıb və 11 mü­hüm elmi nəticə əldə olunub. Bölmə əməkdaşları 2018-ci ildə Naxçıvanda aparılan beynəlxalq arxeoloji eks­pe­disi­ya­da, iyun-iyul aylarında Naxçıvan şəhəri ya­xın­lı­ğın­da yerləşən Naxçıvantə­pə yaşa­yış yerində və Duzdağda aparılan arxeoloji qa­zıntı­larda iştirak ediblər.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsi­yəsi əsasında Naxçıvan Mux­­tar Res­pub­likası Ali Məclisinin Səd­ri yanında Bilik Fondunun və AMEA Nax­çıvan Böl­məsi Rə­ya­sət He­yəti­nin təs­diq etdiyi İş planına uyğun olaraq  “Naxçıvan coğrafiyası” monoqra­fiya­sının ikinci cildi çap olunub.

Vurğulanıb ki, 2018-ci ildə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 23 monoqrafiyası, 15 ki­­ta­bı, 4 kitabçası, 3 metodik vəsaiti, 555 elmi məqaləsi, 213 konfrans materialı, 7 te­zi­si olmaq­la 820 elmi əsəri nəşr edilib. Əsərlərdən 2 monoqrafiya, 87 elmi məqalə, 75 konfrans ma­terialı və 3 tezis ol­maqla 167-si xaricdə çapdan çıxıb. Elmi məqa­lə­lərdən 48-i impaktfaktorlu jur­­nallarda çap olun­ub. Tədqiqat döv­ründə 6 monoqrafiya və 229 mə­qalə  çapa təq­dim olunub.

İsmayıl Hacıyev qeyd edib ki, hesabat dövründə Təbii Ehtiyatlar institutunun əmək­daşları tərəfindən “Şorsu” pal­çı­ğının kim­yə­­vi tər­kibi analiz edilib, palçığın qatılaşdırılma, qurudulma meto­di­kası, tex­niki şərt­­ləri hazırlanıb, iki növdə müalicəvi dərman məhsulları qablaşdı­rı­la­raq istifadəyə verilib.

2018-ci ildə AMEA Naxçıvan Bölməsində 2 respub­li­ka səviyyəli qrant layi­hə­si­nin ic­ra­sı başa çatıb və hesabat Azәr­baycan Respublikasının Prezidenti yanın­da El­min İnkişafı Fon­duna təqdim edilib. Bölmə əməkdaşlarının təqdim etdiyi 1-i beynəlxalq olmaqla 3 qrant layihəsi qalib olub. Bölmədə 1 beynəl­xalq, 13 elmi kon­frans, 9 iclas və tədbir, 46 seminar keçiril­ib. Bölmədə 13 kitab və mono­qrafiyanın təq­dimatı, Oxunması zəruri olan 10 ki­ta­bın mü­za­kirəsi aparılıb.

Bölmənin elektron porta­lına mühüm hadisə­lər, maraqlı məlumat, müdafiə edən əməkdaşlar, keçirilən təd­birlərlə əlaqə­dar məlumatlar əlavə edilib, Batabat Astrofizika Rə­səd­xa­na­sının saytı  hazırlanıb istifadəyə verilib.

Akademik bildirib ki, bütün bunlarla yanaşı AMEA Nax­çı­­van Bölməsinin fəaliyyətində bəzi çatışmazlıq­lar ­da mövcuddur.

Bəzi institut direktorları, şöbə və laboratoriya rəhbərləri institut, şöbə və laboratoriyaların kadrlarla komplektləşdirmə işi ilə zəif məşğul olurlar.  AMEA Naxçıvan Bölməsinin başqa sahələrində də nöqsanlara təsadüf edilir.  Elmi-tədqiqat müəssisələrində tətbiq yönlü işlər zəifdir. Bir neçə ildir ki, təsər­rüfat və sənaye əhəmiyyətli patentlər alınmır. Nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq  tapşırıqlar verilib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun  direktoru, akademik Tariyel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın muxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Əlyazmalar Fondunun direktoru  Fərman Xəlilov, Batabat  Astrofizika Rəsədxanasının direktoru Qulu Həziyev məruzə ətrafında çıxış edərək görülmüş işlər barədə məlumat veriblər.

Sonda  bölmənin əməkdaşlarından  Firudin  Rzayevə və  Orxan Bağırova “İlin alimi” diplomları təqdim olunub.

Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: