ABŞ-ın San-Dieqo şəhərində 31 dekabr “Azərbaycanlıların Həmrəylik Günü” elan edilib

129

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində 31 dekabr 2018-ci il tarixi “Azərbaycanlıların Həmrəylik Günü” elan edilib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı şəhər meri Kevin Falkoner tərəfindən müvafiq bəyannamə imzalanıb. 1.4 milyon insanın yaşadığı San-Dieqo şəhəri Kaliforniya ştatının ikinci, ABŞ-ın isə səkkizinci ən böyük şəhəridir.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının 1918-ci ilin 28 may tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də əvvəl qadınlara səsvermə hüququ verdiyi vurğulanır.

Bəyannamədə 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın öz suverenliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə Azərbaycanda qədim dövrlərdən bəri müsəlman, xristian və yəhudilərin birgə sülh şəraitində yaşadıqları qeyd olunur. Həmçinin bildirilir ki, San-Dieqo və Bakı şəhərləri 2011-ci ildə tərəfdaşlıq münasibətləri yaradıblar və hər iki şəhərin əhalisi bu münasibətlərdən uğurlu şəkildə faydalanırlar.

Sənəddə San-Dieqoda yaşayan Azərbaycan icmasının şəhərin mədəni müxtəlifliyi, zənginliyi və iqtisadi inkişafına fəal şəkildə töhfə verdiyi vurğulanır, 31 dekabr tarixinin San-Dieqoda yaşayan minlərlə azərbaycanlı da daxil olmaqla, bütün dünyada yaşayan 50 milyon azərbaycanlı tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edildiyi bildirilir.

Bəyannamənin sonunda San-Dieqo şəhərinin meri K.Falkoner şəhər sakinləri adından 2018-ci il 31 dekabr tarixini sözügedən şəhərdə “Azərbaycanlıların Həmrəylik Günü” elan edir.

Qeyd edək ki, oxşar bəyannamə San-Dieqo Vilayətinin Nəzarətçilər Şurası tərəfindən də qəbul olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: