Siz ey uşaqlıq illəri

183

Yaşımızdan asılı olmayaraq hansımıza “ömrünün hansı çağına qayıtmaq istərsən” deyə sual ünvanlasalar, əksəriyyətimizin, hətta mən deyərdim ki, hamımızın verdiyi cavab eyni olar: “Uşaqlıq illərimə”. Əksəriyyət bu cavabı verirsə, deməli bu, əbəs yerə belə deyil. Həyatımızın ən yaşanmalı, əyləncəli, doymadan təkrar-təkrar yaşamaq istədiyimiz çağlarıdır uşaqlıq illəri.

Hamımızın ömrümüzün qoca çağında belə kövrələrək danışacağımız uşaqlıq xatirələri var. Doğma, illər əvvəl yaşansa belə yaddan çıxmayacaq qədər dəyərli xatirələr.

Kimimiz bir oyuncaq üçün saatlarla ağlamışıq, kimimiz oyun oynayarkən üst-başımızı kirlətdiyimiz üçün anamız tərəfindən danlanmışıq, kimimiz isə əzrayıl kəsilmişik qonşunun həyətindəki meyvəsi hələ tam yetişməyən alça, ərik  ağaclarına.

 Gün o taya adladımı, qonşuluqdakı bütün uşaqlar tökülüşərdi məhəllədəki meydançaya. Qışqıran kim, oynayan kim, əlindəki günəbaxan tumunu yanındakıyla paylaşan kim, kuklasının saçını darayıb hörən kim…  Hə, bir də yoldaşı onunla oynamır deyə ağlayanlar vardı.

Saflıqdır uşaqlıq. Əlindəki tikəni ətrafında fırlanan pişiyə atacaq qədər məsumiyyətdir. Yağışın kirpiyinə düşən damlası, şokolad parçası kimi kiçik şeylərdə xoşbəxtliyi tapmaqdır.

“Dahi bəstəkar Üzeyir Hacıbəyovun evindən bütün səslər eşidildi, bircə körpə səsindən başqa”. Vaxtilə məyusca deyilmiş bu cümlə balacaların həyatımızdakı yerini daha yaxşı dərk etməyə imkan verir. Həyatımıza bayram ab-havası bəxş edən uşaqların bayramıdır bu gün.

Hə balacalar, bu gün dünya miqyasında sizin bayramınız qeyd edilir. Siz həmişə gülün, rəngarəng xoşbəxtlik toxumlarını səpələyin ətrafa. Dağıdın başımız üstündəki qara buludları. Bəli, siz. Bizim həyatımıza rəng qatan balaca varlıqlar. İşdən evə yorğun gəldiyimizdə bir qucaqlamaqla yorğunluğumuzu yaddan çıxaran, kefimiz yaxşı olmayanda kiçik təbəssümünüzlə problemlərimizi unutduran balacalar. Etdiklərinizlə hərdən biz böyüklərə nümunə olan, humanistliyi, sevgini öyrədən, paylaşmağın gözəlliyini dərk etdirən qanadsız mələklər.

Bayramın mübarək, çiynində çanta dərsə tələsən məktəbli. Bayramın mübarək, əlində çomaq sürünün arxasınca qaçan balaca. Sənin də bayramın mübarək, valideyni, doğması xalq olan uşaq. Sənin də…  Sənin də… Hamınızın bayramı mübarəkdir.

Bayramınızın bir günə sığdığını düşünməyin. Həyatımızda var olduğunuz,  sizi varlığımıza qatdığımız hər gün sizin gününüzdür! Gülümsədiyiniz, xoşbəxt olduğunuz hər gün isə bizim bayramımızdır! Bayramı hər günümüzə daşımaq diləyi ilə

                                                               Fatma Babayeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: