Muxtar respublikada 2018-ci ildə 48,6 kilometr uzunluğunda yeni asfalt yol salınıb

297

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Avtomobil Yolları Dövlət Agentliyinin birlikdə keçirilən kollegiya iclasında beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının qarşıya qoyduğu vəzifələr və 2019-cu ildə görüləcək işlər müzakirə edilib.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov bildirib ki, şəhər və rayon mərkəzlərində, kəndlərdə istifadəyə verilən sosial obyektlər, tikilən inzibati binalar, yaradılan istehsal sahələri insanların məskunlaşmasını, rahatlığını təmin edib, 7 kənd və 7 xidmət mərkəzi, Babək rayonunda bir yaşayış binası tikilərək istifadəyə verilib. Naxçıvan şəhərində, Kəngərli, Şahbuz və Sədərək rayonlarının hər birində bir yaşayış binasının tikintisi davam etdirilir. 

Qeyd edilib ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 173 milyon  984 min manatlıqdan artıq inşaat işləri yerinə yetirilib. Bunun da 165 milyon 53 min  manatını və ya 94,9 faizini tikinti-quraşdırma işləri təşkil edib.

Komitə sədri işdə yol verilmiş nöqsanlardan da danışıb. Qeyd olunub ki, ötən il aparılan quruculuq işləri zamanı keyfiyyət amilinin əsas şərt kimi qəbul olunmasına baxmayaraq bəzi tikinti təşkilatları tikintinin və istifadə olunan tikinti materiallarının keyfiyyətinə laqeyd münasibət göstəriblər. 

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov bildirib ki, muxtar respublikanın avtomobil yollarında idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 14 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb, agentlik üçün yeni inzibati bina istifadəyə verilib. 

Həmçinin Babək rayonunda yeni Asfalt-Beton Zavod Kompleksi yaradılıb və yeni texnikalar alınıb. Bundan əlavə, Şərur rayonunda asfalt-beton zavodunun quraşdırılması başa çatdırılıb. Yaradılan şəraitin nəticəsidir ki, 2018-ci ildə muxtar respublikada 48,6 kilometr uzunluğunda yeni asfalt yol salınıb, bir körpü tikilib, bir körpü isə bərpa olunub.

Bəhruz Əsgərov 2018-ci ildə yol təsərrüfatında görülən digər işlər barədə də ətraflı məlumat verib və qarşıda duran vəzifələrdən danışıb. 

Hər iki məruzə ətrafında çıxışlar edilib.

Kollegiya iclasına Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov yekun vuraraq bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının qarşıya qoyduğu vəzifələrin əməli işlə həyata keçirilməsi üçün var qüvvə ilə çalışacaq, ayrılan maliyyə vəsaitindən səmərəli istifadə ediləcək, tikinti-abadlıq işlərinin keyfiyyətlə aparılmasına nəzarət daha da artırılacaq. 

                                                          Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: