Muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsinin inkişafı diqqət mərkəzindədir

176

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində ötən ildə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Keçirilən kollegiya iclasında komitənin sədri Əsgər Əsgərov qeyd edib ki, qəbul olunmuş Dövlət Proqramlarının, qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə 2018-ci il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi tərəfindən meliorasiya və irriqasiya işlərinin miqyası artırılaraq bütün mövcud imkanlar səfərbər edilib, tikinti, təmir-bərpa və istismar işləri həyata keçirilib. Muxtar respublikada torpaq sahələrində su təminatının yaxşılaşdırılması, suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su itkisinin qarşısının alınması üçün mühüm işlər görülüb. Rentabelli suvarma şəbəkələrinin qurulmasına, mütərəqqi suvarma metodlarının tətbiqinə üstünlük verilib.

Vurğulanıb ki, ötən il Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 616 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılaraq, istifadəyə verilib. Rayonun Böyükdüz, Qabıllı və Çalxanqala kəndləri ərazisində 50 hektar, Şərur rayonunun Danyeri kəndi ərazisində 4 hektar, Sədərək rayonunda Dəhnə adlanan ərazidə 8 hektar sahə hamarlanaraq əkin üçün yararlı vəziyyətə gətirilib. Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 56 hektar sahəni əhatə edən  qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb. Suvarılan ərazilərin şoranlaşmasının qarşısını almaq üçün tədbirlər görülüb, sahələrə suvarma normaları daxilində suvarma suyu verilib, qrunt sularının səviyyəsini aşağı salmaq məqsədi ilə açıq və qapalı drenajlarda, kollektorlarda lildən təmizləmə işləri yerinə yetirilib, yeni açıq və qapalı drenaj xətləri çəkilib.

Diqqətə çatdırılıb ki, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev icrası başa çatmış Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin  və “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya  sistemlərinin yenidənqurulması” layihəsinin  birinci mərhələsinin açılışında iştirak edib. Tikintisinə 2017-ci ilin aprel ayında başlanan Şahbuz şəhər təmizləyici qurğuların tikintisi başa çataraq istifadəyə verilib. Qurğu 14700 istifadəçiyə xidmət edir. Bu layihələrin uğurla başa çatdırılması insanların sağlamlığına göstərilən dövlət qayğısının yüksək təzahürüdür.

Əsgər Əsgərov işdə buraxılan nöqsanlardan da danışaraq bildirib ki, kollektiv bundan sonra da görülən işlərdə yüksək nəticə qazanmaq üçün səylə çalışmalı, nöqsanlar aradan qaldırılmalı və verilən tapşırıqlar layiqincə yerinə yetirilməlidir.

Məruzə ətrafında çıxışlar olub və görülən işlər barədə məlumat veriblər.

İclasda komitənin 2019-cu il üçün iş planı təsdiqlənib, müzakirə edilən məsələ barədə qərar qəbul olunub.

                                                                                            Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: