Kişi həndbolçulardan ibarət milli komandamız ciddi sınaq qarşısındadır.
NUHÇIXAN Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, həndbolçularımızı 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsində mübarizə gözləyir.
Azərbaycan seçməsi bu məqsədlə sabah Maltaya yola düşəcək.
Xatırladaq ki, 2018-ci il sentyabrın 28-də Vyanada keçirilən püşkatmanın nəticəsinə əsasən, “B” qrupunda qərarlaşan Azərbaycan seçməsi, Kipr, Gürcüstan və Malta kollektivləri ilə yarışacaq.
Millimizin yer aldığı qrupun görüşləri Maltada təşkil olunacaq. Yanvarın 11-də Kiprlə qarşılaşacaq həndbolçularımız ertəsi gün Gürcüstanla, ayın 13-də isə Malta ilə üz-üzə gələcəklər. Qarşılaşmalar Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçiriləcək.
Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.