ISESCO 2019-cu ili “İslam mədəni irsi ili” elan edib

145

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) İslam ölkələri mədəniyyət nazirləri konfransının qərarına uyğun olaraq 2019-cu ili “İslam mədəni irsi ili” elan edib.

NUHÇIXAN təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, ISESCO öz bəyanatında üzv dövlətləri bu əlamətdar hadisənin bayram edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıb. Təşkilat, həmçinin maddi və qeyri-maddi mədəni irsin xalqların tarixi yaddaşının və adət-ənənələrinin qorunub saxlanılmasında əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, İslam dünyası müsəlman ölkələrinin və onların dünyanın digər mədəniyyətləri ilə qarşılıqlı fəaliyyətinin, həmçinin yaradıcı ziyalıların – alimlərin, şairlərin yazıçıların, rəssamların, memar və ənənəvi sənət ustalarının məhsuldar əməyinin bəhrəsi olan zəngin və rəngarəng mədəni irsə malikdir.

“İslam mədəni irsi ili” çərçivəsində müsəlman ölkələrində mədəniyyətin inkişafında töhfə olan tarixi-memarlıq abidələrinin, rəssamlıq şedevrlərinin, əlyazmalarının, sikkələrin, İslam rəmzləri və müasir detalların təbliğinə xüsusi diqqət yetiriləcək. ISESCO, həmçinin bir çox maddi və qeyri-maddi irs nümunələrinin İslam Dünyası Mədəni İrsi Siyahısına daxil edilməsini təklif edir.

Bununla yanaşı, il ərzində sözügedən mövzuya həsr olunmuş “Açıq qapı” günləri keçiriləcək. ISESCO ekstremistlərin, sektant və terrorçuların fəaliyyəti nəticəsində münaqişə zonalarında təhlükə altında qalan zəruri sənədlərin qorunması ilə də məşğul olacaq. Təşkilat, həmçinin müsəlman ölkələrinə maddi və qeyri-maddi mədəni irs sahəsində mütəxəssislər hazırlanması, onların peşə, texniki və elmi bilik və bacarıqlarının artırılması üzrə təkidlə müraciət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: