Tələbələr istehsalat təcrübəsi keçiblər
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada istehsalat təcrübəsi keçən tələbələrlə görüş keçirilib.
Təcrübə zamanı tələbələr komissiyanın müvafiq sektor və şöbələrinin fəaliyyət istiqamətləri ilə tanış olub. Onlara dövlət qulluğuna qəbul, sənəd qəbulunun aparılması, şəxsi kabinetin yaradılması, dövlət reyestrinin aparılması, müsahibə mərhələsi, ictimaiyyətlə əlaqələrin təşkili ilə bağlı ətraflı məlumat verilib.
Tələbələr komissiyanın test mərkəzində dövlət qulluğuna qəbul üçün sınaq imtahanı və müəllimlərin dövlət ümumtəhsil müəssisələrinə işə qəbul üçün test imtahanlarını əyani olaraq izləyiblər.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasının 4-cü kurs tələbələri komissiyada 45 gün müddətində istehsalat təcrübəsi keçiblər. İstehsalat təcrübəsi müddətində keçirilmiş tələbələrarası müsabiqədə ilk 3 yeri tutmuş tələbələrə sertifikatlar verilib və onlara Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının nəşrləri olan “Dövlət idarəçilik nəzəriyyəsi”, “Dövlət qulluğunun hüquqi əsasları”, “Dövlət qulluğu: Nəzəriyyə və praktika” kitabları hədiyyə edilib.
Turab Hacızadə