Türkiyə Superliqası: “Fənərbağça”nın yeni baş məşqçisi ilə çempionatdakı ilk oyunu heç-heçə başa çatıb

154

Dekabrın 17-də futbol üzrə Türkiyə Superliqasının XVI turuna yekun vurulub. Turun sonuncu oyununda hesabında 14 xal olan “Fənərbağça” komandası “Şükrü Saracoğlu” stadionunda eyni xala malik “Ərzurumspor”u qəbul edib.

NUHÇIXAN xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda qalib müəyyənləşməyib – 2:2. Bununla da “Fənərbağça”nın yeni baş məşqçisi Ersun Yanal ilə çempionatdakı ilk oyunu heç-heçə başa çatıb. Bu matçdan sonra xallarının sayını 15-ə çatdıran meydan sahibləri turnir cədvəlində 17-ci pillədə qərarlaşıblar.

Qarşılaşmada hesabı görüşün 18-ci dəqiqəsində Andre Ayevin qolu ilə fənərbağçalılar açıb. Bundan doqquz dəqiqə sonra fransız ulduz Matieu Valbuenanın məhsuldar ötürməsini müdafiəçi Martin Skrtel qola çevirərək hesab arasındakı fərqi ikiyə çatdırıb. Görüşün ilk hissəsi “sarı-lacivərdlilər”in 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra qonaq komanda qollardan birinin əvəzini çıxıb. Emrah Başsanın 48-ci dəqiqədə vurduğu zərbə dəqiq olub. Görüşə əlavə edilmiş dəqiqələrdə isə ərzurumsporluların futbolçusu Lennart Ti fərqlənərək hesabı bərabərləşdirib – 2:2.

Xatırladaq ki, bu tur “Başakşəhər”-“Qalatasaray” matçında (1:1) və “Beşiktaş”-“Trabzonspor” oyununda (2:2) da qalib müəyyənləşməyib.

On altı turdan sonra çempionatda 34 xalla “Başakşəhər” komandası liderlik edir. Turnir cədvəlində ikinci sırada olan “Yeni Malatyaspor”un 28 xalı var. İyirmi altı xala malik olan “Beşiktaş”, “Trabzonspor” və “Qalatasaray” çempionatda üçüncü, dördüncü, beşinci yerləri bölüşürlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: