Bir payız günündə Payız kəndində

193

Üç ay ellərimizə qonaq olan payız  fəsli də artıq yerini yavaş-yavaş qışa verməkdədir. Təbiətin sarı gəlini , qızılı saçlı payızda  təbiəti  küləklər təmizləyir, yağışlar yuyur. Payız elə bir fəsildir ki soyuğuna , küləyinə,  yağışına baxmayaraq insan çöldə, təbiətin qoynunda olmaq istəyir. Qədim Naxçıvanımızın  sıra dağlarının ətəyində qərar tutan, əzəmətli Çalxanqalanın, Məkkəzdağının  sanki keşik çəkdiyi Babək rayonun  Payız kəndinə elə adına uyğun bir fəsildə, payızda qonaq olmaq bir başqadır. Yaşanan payızın ən gözəl tablosudur bu kəndin  mənzərəsi… Ulu tanrının əli ilə dağlarına, düzlərinə sığal çəkilən kənd dağların ətəyində  bir gözəllikdir. Payız kəndi Gülşənabad, Cəhri və Aşağı Buzqov kəndləri ilə qonşuluqda yerləşir.

Kəndin tarixi də , təbiəti də,  adının etimologiyası da həmişə maraq kəsb edib . Belə ki kənddən təxminən 1 km şimal qərbdə yerləşən məşhur Çalxanqala sübut edir ki, qədimdən bu qalanın ətrafında yaşayış yerləri olub. Siklopik tikili olan qaladan insanlar vaxtilə müdafiə məqsədi üçün istifadə ediblər. Bundan başqa kəndin şimalında, Cəhri çayının sağ və sol sahilində yerləşən Oğlan qala, Qız qala deyilən əfsanəvi abidələr də  kəndin tarixinə işıq salır. Kəndin adı isə bir neçə ehtimala əsaslanır. Deyirlər, insanlar payız fəslində burada məskunlaşdığına görə  Payız adlanıb,  başqa bir ehtimal da var ki  bu ərazidəki torpaqlar pay kimi  verildiyinə görə belə deyilib.     

Təbiəti də  zəngin və gözəldir Payız kəndinin. Şimal hissəsi dağlıq, cənub hissəsi aran olduğuna görə  həm aranda, həm  də dağlıq zonaya məxsus meyvələr burada onlarla eyni zamanda  yetişir. Kənd sakinləri qış hazırlıqlarını yekunlaşdırıb, şumlanan sahələrə taxıl əkilib. Ulu babalarımızdan, ağbirçək nənələrimizdən bu kəndə nə miras qalıbsa, o, müqəddəsdir, ülvidir. Bu müqəddəslik əsrlərin, illərin süzgəcindən damla-damla qəlblərə hopub, qəlbləri isindirir. Gələcəyə, nurlu sabaha açılan işıqlı pəncərəyə şəfəq saçır .

Yerli sakinlər deyir ki, vaxt vardı kəndin sakinlərinin ən böyük arzusu abad yol idi. Çünki bu kəndə gələn yollar çox bərbad idi. Nəticədə gediş-gəliş çətinləşirdi. Yığılan məhsulu zamanında bazara çatdırmaq olmurdu. Bu gün isə   bütün kəndlərimizdə  olduğu kimi Payız kəndinin    yollar rahat və abaddır. Gediş-gəlişi asanlaşdırmaq üçün dağlardan axıb gələn və kəndi iki hissəyə ayıran  Cəhri çayının üstündə   dəmir-beton konstruksiyalı nəqliyyat və piyada  keçid körpüləri tikilib.

Zəngin bitki örtüyü olan Payız kəndində   arıçılıq, maldarlıq və  heyvandarlıq da   geniş vüsət alıb.   Hazırda kənddə 3500 baş xırdabuynuzlu və  400 baş iribuynuzlu  mal qara, 1070 arı ailəsi  saxlanılır.   

Payız kəndində diqqəti çəkən məqamlardan biri də  tarixi su dəyirmanıdır. Gündəlik istehsal gücü 1 ton  olan dəyirmanın  Cəhri çayından qidalanan 1250 metrlik  arxı yenidən qurulub. Bu dəyirman dədə babadan kəndin xeyir bərəkət, ruzi təknəsi olub. 1941 -1945-ci illər müharibəsində dəyirman çox insanları aclığın girdabından xilas edib.

Muxtar Respublikamızda Batabatdan sonra ən gözəl, istirahət etməli məkan el arasında “Yuxarı bağ”, “Sabir meşəsi” kimi tanınan və bu kənddə yerləşən Payız meşəsidir. Hər fəsildə gözəl olan Payız meşəsinin  ən füsunkar gözəlliyi elə bu zaman hiss olunur. Buz kimi soyuq bir bulağın səsi,  bir də təbiətin sakitliyi bürüyüb ətrafı.

Əslində elə bu sakitlik Payızın Qışla görüşünə hazırlıqdır. Bir azdan dağların zirvələrindən üzü aşağı qış gələcək. Ancaq bu kənd ilin bütün fəslində gözəldir.

Türkanə Əmoyeva

Naxçıvan Dövlət Radiosunun əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: