Naxçıvan dastanı

(poemadan ixtisarla)

180

Sanki güllərini özüm əkmişəm,
Sanki ağacların bağbanı mənəm.
Sanki gecələrin ulduz topası,
Sanki səhərlərin ağ danı mənəm.

Bu tarix şəhərin, çağdaş şəhərin,
Hər daşı bir hərf, hər dağı kitab.
Oxu, sənin üçün qaranlıq varsa,
Soruş dünənindən – dünəni cavab.

Burda hər qarışda saxsı parçası,

Hər addım başında əsrlər gizli.
Burda əcdadların daş sirlərinə
Daşlar damğalanmış sadiq kənizdi.

Burda babalarım dastan bağlayıb,
Burda nənələrim nağıl yaşdadı.
Tutsan damarını görəcəksən ki,
Keçmişdən təzə bir nağıl başladı.
Bayatı çağırdı, ağı söylədi,
Namərd qarğışladı, mərd alqışladı.

Söz burda qızıldan, zərdən bahadı,
Söz burda qanundu – hökmü qətidir.
Söz Qorqud qopuzu, Koroğlu sazı,
Dünənin sabaha əmanətidir.

Mənim can nəfəsim, mənim can yurdum
Sözlə qol-boyundu Tufandan bəri.
Sirrini daşlara yazıb saxlayır,
Nuh tufanı dinib, yatandan bəri.

Hər daş bir əsərdi Gəmiqayada,
Tarix kitabımın vərəqi daşdı.
Burda tarix dərsim daş üstündədi,
Daşdı deyib keçmə, hər daş yaddaşdı.

Oxu Nuh babamın əlifbasını –
Göy ayrı, yer ayrı, su ayrı yazı.
Ətrafa yayılmış daşları oxu –
O ayrı yazıdı, bu ayrı yazı.

Günəşi, gəmini oxu daşlardan,
Dərdini, qəmini oxu daşlardan.
Gör nələr yaşayıb, nədən danışır,
Hər daş ayrı əfsanədən danışır.
Ov edib – daşlara həkk edib onu,
Ox atıb – daşlara həkk edib onu.
Tilsimdi bu daşlar, sirdi bu daşlar,
Ocaqdı bu daşlar, pirdi bu daşlar.
Tarix qibləsinə namaza dursan,
Hər daş bir möhürdü –
alnını vursan;
Səcdədə bu daşlar ürəyin olar,
Duaya çevrilər, diləyin olar.

Tarixin Məkkəsi Gəmiqayadır,
Tarixin Kəbəsi bu qayalıqlar.
Kəbənin bir qara daşı vardırsa,
Buranın yüzlərlə qara daşı var.

Gəmiqaya – mənim tarix dərsliyim,
Buradan başlanır müqəddəsliyim.

Gəlib Duzdağında duzu tapmışam,
Nuhdur müəllimi tarix dərsimin.
İzinə düşərək Nuh Peyğəmbərin
Sirrini açmışam neçə tilsimin.

Duzun ki, dadına baxır adamlar,
Yaxından da bir çay axır;
adamlar
Qərara gəlirlər düşünüb bir də,
Yurd salıb yaxında düzən bir yerdə
Ocaq qalayırlar, od qalayırlar,
Neçə minilləri qovalayırlar.

Beləcə insanlar yaxın olurlar,
Tez-tez qarşılaşır, xəbərləşirlər.
Tarixən belədir, əvvəl yurd salır,
Sonra böyüyürlər, şəhərləşirlər.

Nuhçıxan şəhərim belə yaranıb,
Naxçıvan şəhərim belə yaranıb.
Dünyanı bəzəyən Nəqşi-cahanım,
Canməkan şəhərim belə yaranıb.

O vaxtdan ən azı beş min il keçir,
Nə bilək, bəlkə beş min nəsil keçir.

Zaman at belində illəri qovur,
Nə bir nəfəs dərir, nə alır hovur.
Udur əjdahatək illəri bir-bir,
Zaman nə tez keçir, tarix də bilmir.

Amma ki, tarixin qələmi iti,
Tarixin varağı qara torpaqdır.
Zaman yaxşı bilir, gələn nəsillər
Tarixi torpaqdan oxuyacaqdır.

Qazdım bu torpağın gen sinəsini,
Qat-qat vərəqlədim, lay-lay axtardım.
Oxudum tapılan hər kitabəni,
Burda beş min illik tarixə vardım.

Mənə qədər nə çox yollar yormusan,
Dünənin şərəfli kitab kimidir.
Hamı Vətəninin keçdiyi yolu
Diqqətlə oxuyub öyrənməlidir.

Boşuna deməyib müdrik babalar,
Onların sözündə min bir hikmət var.
Oğul, keçmişini bilməyənlərin,
Başqaları qurar gələcəyini.
Sən də keçmişini yaxşı öyrən ki,
Başqası idarə etməsin səni.

Yığdım söz heybəmə düşüncələri
Keçmişi dolandım bir də yenidən.
Naxçıvan şəhərim müdrik qocatək
Danışdı tarixin gizlinlərindən.

Bir də ayıldım ki, mağaradayam,
Yanımda oturub yeddi kimsənə.
Sual baxışlarla soruşdular ki,
– Söylə yerimizi dedi kim sənə?

– Mən söz səyyahıyam, ünvanım tarix,
Gəzirəm xalqımın keçdiyi yolu.
Sizdən də xəbərim vardı, amma ki,
Sizin hekayəniz sirlərlə dolu.

Mənim doğma yurdum öz ağuşunda
Yeddi kimsənəyə açıbdır qucaq.
Kimdən soruşsanız Əshabi-Kəhfi
Deyər Naxçıvanda müqəddəs ocaq.

Axtarsan bu xalqın söz boxçasını
Bu yer haqda əfsanələr çıxacaq.
İnamlar, inanclar, əsatir, nağıl,
Bayatılar – nələr-nələr çıxacaq.

Asəfkəf ocaq yeri,
Pir yeri, ocaq yeri.
Yeddi qərib adamın
Ömürlük qucaq yeri.

Əyandır sirrim sənə,
Sirri açdı kim sənə!?
Min illərdir burada
Yatır yeddi kimsənə.

Asəfkəf mağarası,
Mağara dağ arası.
Hər sirr bir qara daşdı,
Zamanla ağarası.

Xalqın yaddaşından sözlər süzülər,
İnci-inci tariximə düzülər.
Yolumun üstündə dayanan dağlar,
Dindirsəm tarixdən danışacaqlar.

Üzü Ağrıdağdan Qapıçığadək,
Oylağı olubdur Dədəm Qorqudun.
Nə vaxt ki, dağlardan sərin meh əsir,
Səsini duyuram qopuzun, udun.

Ozanlar dilində dastan olmuşam,
Aşıq havasına köklənib ruhum.
Xəyala dalmışam “Ruhani” üstə,
“Cəngi” çalınanda çəkilib yuxum.

Mən yallı tutanda Şərur düzündə,
Neçə gün susmazdı davul-zurnalar.
Yerdə oğul-qızım səf-səf durardı,
Qatar bağlayardı göydə durnalar.

Mənim birliyimin möhürü olub,
“Köçəri”, “Urfani”, “Tello”, “Tənzərə”.
Yorulmaq bilmədən yallı gedərdim,
“Şərili”, “Qalalı” ayrı mənzərə.
Mənim xəzinəmdir hər ulu əcdad,
Mənim qazancımdır mərd övladlarım.
Zamanın önündə alnıaçığam,
Şanlı keçmişimdir dövlətim, varım.

Əlincə sərt üzlü dözüm heykəlim,
Başucalığımdır o Haçadağım.
Qadına sevgimdir Möminə xatın,
Batabat gözəllik füsunkarlığım.

Neçə sənətkarlar, neçə dahilər,
Bu yurdun adına şərəf gətirib.
Gün-gündən yayılıb şöhrəti, şanı,
Sələflər ardınca xələf yetirib.

Babək qılıncıyla qoruyub məni,
Burda Koroğlunun nərəsi yaşar.
Gəz dörd bir tərəfi, bütün kəndlərdə
Dəmirçioğlunun nəvəsi yaşar.

Yanıma çağırsam övladlarımı,
Başda Dədəm Qorqud qopuzla gələr.
Babək qılıncını itildib gələr,
Koroğlu at üstə toppuzla gələr.

Asta, usta gələr Memar Əcəmi,
Yetər ki, mən bircə dəfə səsləyim.
Baba Nemətullah Quranla gələr,
Gələr Heyran xanım və Qönçəbəyim.

Daş atıb qaranlıq cəhalətlərə
Gələr sərt baxışlı Eynəli Sultan.
Sidqi qoltuğunda dərs kitabları
Öyrətməyə gələr, yorulmaz bir an.

Gələr Mirzə Cəlil əlində qələm,
Cavid “Peyğəmbər”lə, “Xəyyam”la gələr.
Yığışar bir yerə oğulum, qızım,
Dünyanı titrədən əyyamla gələr.

Gələr Ordubadi, Qəmküsar, Səbri,
Kimi haraylasam, “can” deyib gələr.
Gələr Əziz Şərif, Rza Təhmasib,
Hamısı səs gələn yönə tələsər.

Araz qaysağıma layla deməyə,
Məmməd Araz gələr, susub danışar.
Onun sükutunun vahiməsindən
Araz öz içindən yanar, alışar.

Hər dərdin ən yaxşı məlhəmi zaman,
Yaşasaq görərik, ölsək görərlər.
Bəlkə də nə vaxtsa Arazın üstə
Həsrət muzeyinə divar hörərlər.

Hansı övladımı çağırsam bu gün,
Gələr, çağrışımı müqəddəs bilər.
Əminəm gələcək hamıdan qabaq
Yenə əvvəlkitək o ULU ÖNDƏR.

Gələcək düşmənə sinə gərməyə,
Ömrünü xalqına həsr eləməyə.
Xalqın qürur, qeyrət rəmzi gələcək,
Xalqın döyüş ruhu, əzmi gələcək.
Gələr Günəş saçlı, göylər baxışlı,
Od-alov püskürən qorxmaz çıxışlı.
Səsindən düşmənin varlığı hürkən,
Gələcək, gələcək hamıdan erkən.

Mənim dar günümdə dadıma yetən,
Dərdimə-sərimə alışan-yanan.
Onun gəlişiylə uzaqdan durub
Həsədlə baxacaq mənə bu cahan.

Mən ona anayam, o mənə övlad,
O, mənim dünyaya hökm edən səsim.
Dünyada elə bir ölkə varmı ki,
Onu tanımasın, onu bilməsin.
Bu gün qazandığım hər uğurumda
Onun imzasını görəcək hamı.
Gələcək nəsillər unutmayacaq
Bu dahi insanı, dahi adamı.

Bu gün sabah üçün paslanmış kilid,
Bu gün yazılanlar sabaha açar.
Mənim söz mülkümün xiridarları
Gün gələr hər yana şəfəqlər saçar.

– Ey şair, yol gəlib Nuh əyyamından,
Gəzdin tariximi qarışbaqarış.
Çağır ilhamını, götür qələmi,
Gələn nəsillərə bu gündən danış.

Sənin yazdıqların sənin əsərin,
Ölməzlik qazansın, əbədi olsun.
Sözünün nuruna yığışsın hamı,
Şeirin Naxçıvanın məbədi olsun.

– Mənimçün şərəfdir sənin hər sözün,
Doğma Naxçıvanım, təki sən istə.
Bugünkü növrağı anlatmaq üçün,
Kərpictək qoyaram sözü söz üstə.

Ey mənim on əsr sonrakı dostum,
Düz min il sonrakı oxucum, dinlə!
Bu yazdıqlarımı oxusan bir gün,
Düşün ki, üz-üzə dayanıb sənlə

Öz doğma yurdundan söhbət edirik,
Gül-çiçək naxışlı Naxçıvanımdan.
Düşməninə nəzərləri sərt olan,
Dosta xoş baxışlı Naxçıvanımdan.

Gəl, mənim yurdumu birlikdə gəzək,
Danışım buralar əvvəl necəydi.
O meydan, o küçə, o dalan, o tin,
Hansı görkəmdəydi, hansı gündəydi.

İndi gözə dəymir ürək ağrıdan,
Ürək bulandıran o mənzərələr.
Bu gün şəhərimi seyr eyləyənlər
Şair olmasa da, ilhama gələr.

Mənim tarixlərə şahidlik edən
Qocaman şəhərim gəncləşir hər gün.
Hər səhər şeirimə bir misra verir,
Ruhumu oxşayır şəhər büsbütün.

Hər tərəf elə bil gül sərgisidir,
Bir də ki, yaz gələ, yağışlar yağa.
O zaman iki göz bəs etməz sənə,
Yüz göz istəyərsən durub baxmağa.

Bu gün Naxçıvanın usta memarı
Hər tərəfə yeni naxış nəqş edir.
Onun hər qərarı, onun hər işi
Tarixə tarixi əsər bəxş edir.

Bu ili yadında saxlasın tarix –
Uğurla açılıb hər bir səhərim.
Gənclər, bir də İslam Mədəniyyəti
Paytaxtı adlanır mənim şəhərim.

Dünyanın xoşbəxti niyə olmayım,
Ruhumun şəhəri ruhuma evdi.
Mən onu dəlicə sevdiyim kimi,
Bax, o da öz şair oğlunu sevdi.

Yaz ayrı, yay ayrı, qış ayrı aləm,
Payızda rəngbərəng naxışlı xalça.
Gözəllik aşiqi, gəl qonağım ol,
Yaşa bu şəhəri, yaşa doyunca.

Öyrən istisinə, sərt soyuğuna,
Dağını, daşını, çölünü öyrən.
Öyrən ağsaqqalın, ağbirçəyinin
Folklorla yoğrulmuş dilini öyrən.

Mənim Naxçıvanım can məkanımdır,
Ona can deyənin cavabı candır.
Baxma xəritədə ayrı salıblar,
Naxçıvan əbədi Azərbaycandır.

Ürəyim söz dolu eşq yuvasıdır,
Mizrab vur könlümə eşqlə tellənər.
Başlayar yeni bir dastan yazmağa,
Naxçıvan havası üstə dillənər.

Ey sevda şəhərim, sevgi şəhərim,
Şeirimin şah bəndi, şah bəxti şəhər.
Sən gerçək nağılım, nağıl gerçəyim,
Səni vəsf edəcəm ölənə qədər.

Gələn nəsillərə oxut şeirimi,
Yazdığım bu dastan yaddaşın olsun.
Heç nə istəmirəm səndən, sadəcə
Ölsəm qəbrim üstə bir daşın olsun!

Elxan YURDOĞLU

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: