Edvard Karvardin: Naxçıvanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb

163

NUHÇIXAN xəbər verir ki, BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Edvard Karvardin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olub.

Qonaq, həmçinin Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olub.

Edvard Karvardin səfər təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: – Bu, mənim Naxçıvana ilk səfərimdir. Səfərimin uğurlu keçdiyini deyə bilərəm. Keçirdiyim görüşlər, həmçinin Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Gənclər Mərkəzi və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi ilə tanışlığım burada uşaq və yeniyetmələrin hərtərəfli inkişafı, onların dəstəklənməsi üçün görülən işlər haqqında dolğun təsəvvür yaratdı. Düşünürəm ki, görülən bu işlər Naxçıvan Muxtar Respublikasındakı uşaq və gənclərin inkişafında mühüm təsir gücünə malikdir. Ümid edirəm ki, BMT Uşaq Fondu gələcəkdə Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq, xüsusən burada əldə olunmuş nailiyyətləri öyrənmək baxımından daha yaxından əməkdaşlıq edəcək. Bu mənada, muxtar respublikada həyata keçirilən tədbirlərlə yaxından tanış olmağımı təmsil etdiyim qurumla əməkdaşlıq baxımından çox faydalı hesab edirəm.

Naxçıvan haqda ümumi təəssüratlarıma gəldikdə, birgünlük qısa səfərimdə bir çox yerlə tanış olmağıma sevinirəm. Bu gün səhər ümummilli lider Heydər Əliyevin adını daşıyan muzeylə tanışlıq zamanı geniş məlumat əldə etdim. Tarix-mədəniyyət abidələrinə, Naxçıvan Dövlət Xalça Muzeyinə baş çəkdim və Naxçıvanın qədim mədəniyyəti məndə zəngin təəssürat yaratdı. Şəhərin gözəlliyi, müasir binalar və infrastruktur, eləcə də rastlaşdığım insanların təbəssümü qonaqpərvərlik baxımından mənim təəssüratlarımı daha da dərinləşdirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: