Muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafı maliyyə tənzimlənməsinin uğurla həyata keçirilməsinin nəticəsidir

144

İnnovativ, şaxələndirilmiş, səmərəli və dayanıqlı inkişaf modelinə köklənmiş Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının idarə olunmasında maliyyə mexanizmindən düzgün istifadə çox mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada bütün sahələrdə müşahidə olunan inkişaf bu baxımdan real sektorla maliyyə sektoru arasında səmərəli qarşılıqlı əlaqənin təmin edilməsi ilə səciyyələnir. Belə ki, muxtar respublikada həyata keçirilən büdcə-vergi siyasəti maliyyə sisteminin tərkib hissəsi kimi maliyyə resurslarının məqbul hissəsinin onun əlində cəmləşdirilməsini, mərkəzləşdirilməsini zəruri edir. Bu resurslardan istifadə forması isə dövlətin iqtisadi, siyasi və sosial vəzifələrinin yerinə yetirilməsi tələbatının maliyyə təminatçısı rolunda çıxış edən mərkəzləşdirilmiş pul vəsaiti fondlarıdır.

Dövlətin iqtisadi inkişafının artım templərinin dayanıqlılığını, eləcə də həyata keçirilən islahatların yüksək səmərəliliyini şərtləndirən iqtisadi siyasətin əsas faktorlarından biri düzgün büdcə-vergi siyasətinin müəyyənləşdirilməsidir. Son dövrlərdə respublikamızda həyata keçirilən islahatlar iqtisadiyyatın büdcə sektorunun yenidən qurulması, büdcə sisteminin bütün səviyyələrində maliyyə resurslarının formalaşdırılması və xərclənməsi metodlarının prinsipial şəkildə dəyişdirilməsinə imkan yaratmışdır. Belə ki, inzibati­-ərazi qurumlarının maliyyə müstəqilliyinin inkişafı, bir tərəfdən büdcə mərkəzləşdirilməsinin kafi səviyyəsinin saxlanılmasına, digər tərəfdən ərazi inkişafının büdcə tənzimlənməsi sahəsində qarşıya çıxan investisiyaların təşviq edilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına şərait yaratmışdır. Müasirtipli infrastruktur obyektlərinin yaradılması, yolların bərpası və digər tədbirlər qeyri-neft sektorunun dinamik artımına imkanlar açmışdır.

Muxtar respublikada 2018-ci ilin yanvar-oktyabr aylarında da əldə edilən yüksək nəticələr bu inkişafın davamlı xarakter aldığını və maliyyə tənzimlənməsinin uğurla həyata keçirildiyini göstərir. Belə ki, 2018-ci ilin 10 ayında bütün makroiqtisadi göstəricilər üzrə artım müşahidə edilib. Muxtar respublikada 2018-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 172 milyon 378 min 700 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 4783 manata yaxın olub. Muxtar respublikada 383 növdə məhsulun istehsal edilməsi sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində mümkün olub. Belə ki, hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Son illərdə yeni dövrün tələblərinə uyğun olaraq muxtar respublikada sənayeləşməyə ciddi diqqət yetirilir. Hazırda muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlə sənaye tutmaqdadır. 2017-ci ildə 967 milyon 60 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında isə sənaye üzrə 827 milyon 648 min 800 manat dəyərində məhsul istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
İqtisadiyyatın şaxələndirilməsi istiqamətində digər sahələrə də diqqət artırılıb. Nəticədə, son illər güzəştli dövlət maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 254 heyvandarlıq, 84 quşçuluq, ­ 15 balıqçılıq, 104 arıçılıq, 65 bağçılıq, 8 üzümçülük təsərrüfatı, ümumi tutumu 14 min ton olan 31 soyuducu anbar, ümumi sahəsi 128 min 162 kvadratmetr olan 21 istixana kompleksi, 19 taxıl emalı müəssisəsi istifadəyə verilib. Məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə son illər rayon və kəndlərdə 714 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılıb.
Bütün bunların nəticəsidir ki, 2018-ci ilin yanvar-oktyabr aylarında 386 milyon 792 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. Ümumilikdə, son illər muxtar respublika iqtisadiyyatına 8,5 milyard manatdan çox investisiya yönəldilib, 12 mindən çox müxtəlif təyinatlı obyekt istifadəyə verilib. Əvvəllər muxtar respublikada cəmi bir elektrik stansiyası var idisə, bu gün enerji istehsalı müəssisələrinin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılıb. Ötən il müasir yol infrastrukturunun inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilib, 70,5 kilometr uzunluğunda avtomobil yolları salınıb, 12 körpü tikilib və ya yenidən qurulub. Muxtar respublikaya xarici ölkələrdən 410 mindən çox turist gəlib. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 98 faizi genişzolaqlı, 99 faizi isə simsiz internet xidməti ilə təmin olunub, 4G mobil rabitə xidməti istifadəyə verilib.
Regionun yüksələn xətlə inkişafı, iqtisadi-sosial həyatdakı artım tempi, əhalinin maddi rifah halının yaxşılaşdırılması demoqrafik inkişafa da öz təsirini göstərib. 1 oktyabr 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3359 nəfər artaraq 455 min 288 nəfər olub.
Muxtar respublikada makro­iqtisadi sahədə sabitliyin yaradılması büdcə-vergi siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir. Sabit iqtisadiyyat isə güclü dövlətin başlıca təminatçısıdır. Bu baxımdan sosial problemlərin həll edilməsində, iqtisadiyyatın davamlılığının möhkəmləndirilməsində, onun inkişafına zəmin yaradılmasında, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsində maliyyə sisteminin, onun əsas halqası olan büdcə sisteminin rolu olduqca böyükdür.

Sevinc CABBAROVA
iqtisad üzrə fəlsəfə doktoru

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: