Xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 15-cı ildönümü bağlı Azərbaycanın İrandakı səfirliyi xeyriyyə aksiyası keçirib.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə səfirliyin əməkdaşları Heydər Əliyevin büstü önünə toplaşaraq onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səfirlik Ulu Öndərin öz fəaliyyətində daim humanizm prinsiplərini əsas tutmasına istinad edərək Tehrandakı “Qədir” Xeyriyyə Müəssisəsinin fiziki və zehni cəhətdən qüsurlu 300 xəstə qızın yaşadığı İmam Əli Kompleksini ziyarət edib.
Səfir Bünyad Hüseynov müəssisənin əməkdaşları ilə söhbətində Azərbaycan xalqının tarixən öz mərhəməti və humanizmə sadiqliyi ilə tanındığını vurğulayıb. Həm Sovet İttifaqı, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edən Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində insanpərvərliyi, humanizmi, mənəvi dəyərləri, şəfqəti hər şeydən uca tutub. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu da bu gün öz fəaliyyətini məhz Ümummilli Liderin humanizm prinsiplərinin əsasında qurub. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva genişmiqyaslı sosial və humanitar layihələr həyata keçirir, həm ölkədə, həm də xaricdə böyük xeyriyyəçilik aksiyaları təşkil edir. Fondun vitse-prezidenti Leyla Əliyeva bayram və əlamətdar günlərdə sağlamlıq imkanları məhdud olan uşaqlarla görüşür, onlar üçün maraqlı – mədəni proqramlar təşkil edir. Heydər Əliyev Fondunun bu tədbirləri cəmiyyətdə humanizmin daha geniş vüsət almasına, insanlarda mərhəmət hissinin aşılanmasına xidmət edir.
“Qədir” Xeyriyyə Müəssisəsinin İmam Əli Kompleksinin Direktorlar Şurasının sədri Hüseyn Zackaniha Azərbaycan səfirliyinin bu aksiyasından təsirləndiyini deyib. Müasir zamanda humanizm və xeyriyyəçiliyə daha çox ehtiyac duyulur. Belə müəssisələrin sakinlərinin yad edilməsi insanda sözlə ifadə olunmayan hisslər yaradır.
“Heydər Əliyev kimi böyük şəxsiyyətin adına göstərilən mehribanlıq müəssisəmizi nurlandırır”,- deyən müəssisənin rəhbəri bildirib ki, Ermənistanın Dağlıq Qarabağ bölgəsinə təcavüzü zamanı İranın Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi kimi Araz çayını keçərək İrana pənah gətirən Zəngilan və Cəbrayıl sakinlərinin Aslandüz körpüsündən Azərbaycana yola salınmasında iştirak edib. Biləsuvar rayonunda İranın qaçqınlar üçün saldığı çadır şəhərciyinə gələn Heydər Əliyev ilə görüşünü xatırlayıb. Onun çadır şəhərciyində yaşayan yaşlı insanlara və uşaqlara necə qayğı ilə yanaşdığının şahidi olduğunu söyləyib. Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafından çox sevindiyini vurğulayıb.
Müəssisənin məsul əməkdaşı Fərhad Sadiqi isə qeyd edib ki, göstərdiyi şücaətə və mahir ordu rəhbəri olduğuna görə imam Əliyə, həmçinin Heydər adı ilə müraciət ediblər. Heydər Əliyev də siyasət meydanında Azərbaycan xalqına xidmət edərkən göstərdiyi qətiyyət və şücaəti ilə insanların qəlbində daim yaşayacaq. Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun qayğıya ehtiyacı olanlara yardımı nümunəvi və təqdirəlayiqdir.
Sonda müəssisədə yaşayanlar üçün ehsan süfrəsi açılıb, onların gündəlik istifadə etdikləri dərmanların bir aylıq xərci və “Made in Azerbaijan” brendi ilə istehsal olunan qida məhsullarından ibarət sovqat təqdim edilib.