Yaycıda payız əkini mütəşəkkil keçirilir

153

Muxtar respublikamızda aqrar sahənin inkişafına diqqətin ilbəil artırılması taxıl və taxıl məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsinə şərait yaradır. Torpaq mülkiyyətçilərinə, təsərrüfat adamlarına dövlət tərəfindən hər cür qayğı göstərilərək onlar lazımi texnika, yüksək keyfiyyətli məhsuldar toxum və mineral gübrələrlə təmin olunur, güzəştli şərtlərlə kreditlər alır. Rayonumuzda da fermerlər və torpaq mülkiyyətçiləri yaradılan lazımi şəraitdən bəhrələnərək taxıl əkini kampaniyasında fəallıq göstərirlər.

Ötən il torpaqdan bol məhsul götürən Yaycının torpaq mülkiyyətçiləri bu ilin payızında əkin sahələrinin daha da artırılması, gələn ilin bol məhsulunun əsasının qoyulması üçün mövcud imkanlardan faydalanmağa çalışırlar. Yaycıda payız əkininin optimal müddətdə keçirilməsi üçün bütün hazırlıq işləri vaxtında görülüb, texnika saz vəziyyətə gətirilib, əkin sahələrinin suvarılması üçün su arxları və kanallar lildən təmizlənib, nasosların və su xətlərinin işləkliyi yoxlanılıb.

Hazırda torpaq mülkiyyətçiləri 450 hektara yaxın sahədə şum qaldırıblar. Payızlıq taxıl əkininin vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün sahibkarlar texnika, yanacaq və sürtgü yağları ilə təmin olunublar. Bu günə qədər 300 hektardan artıq sahədə payızlıq buğda əkilib və torpaq suyu verilib. Təsərrüfat adamları 150 hektardan artıq sahədə suvarma  işləri aparıblar.

Maraqlı burasıdır ki,   Yaycıda əkin sahələrinin əksəriyyəti şırım üsulu ilə əkilib. Fermerlərin çoxu özlərinin istehsal etdikləri yerli məhsuldar toxuma üstünlük verir. Torpaq mülkiyyətçiləri səpindən qabaq toxumun təmizlənməsinə və dərmanlanmasına diqqəti artırırlar.

Məhsuldarlığın artırılmasında əsas əmillərdən biri də əkin sahələrinə mineral və üzvi gübrələrin vaxtında verilməsidir. Bu mühüm məsələ Yaycının təsərrüfat adamlarının diqqətindən yayınmır. Onlar torpağın münbitliyini və məhsuldarlığını artırmaq üçün bütün mövcud imkanlardan istifadə edirlər.

Yaycının torpaq mülkiyyətçiləri payız əkinini uğurla başa vurmaq, əhalinin taxil məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəmək üçün əlverişli hava şəraitindən istifadə edərək əkin və səpin tədbirlərini mütəşəkkilliklə davam etdirirlər.

“Arazın səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: