Prezident İlham Əliyev sentyabrın 28-də Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Prokurorluq orqanlarının əməkdaşları da var.
Prezidentin sərəncamı ilə Şahverdiyev Səbuhi Zəhmət oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Həsənov Yaşar Əli oğlu və Talıbov Məhərrəm Yusif oğlu “Tərəqqi” medalı ilə, Ağayev Elşad Cəlil oğlu, Əsgərov Əsrafil Cəfər oğlu, İbrahimov Salman Müzəffər oğlu və Vəliyev Teymur İbrahim oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə təltif ediliblər.