Miniatür portağalın tibbi və kosmetoloji dəyəri

161

Kumkvat sitrus bitkilərinə aid olub zahirən miniatür portağala bənzəyir. Onu bəzən müxtəlif cür-yapon portağalı, qızıl portağal, fortunella, əfsanəvi narıngi, kinkan, yapon heyvası və s. adlandırırlar. Kumkvat sözü Çin dilindən tərcümədə “qam qvat”-qızıl portağal deməkdir. Avropalılar bu bitkinin faydalı xüsusiyyətlərini son vaxtlar aşkarlamağa başlayıblar. Onun maraqlı özəlliyi qabığının şirin, lətinin isə turş olmasıdır.

NUHÇIXAN xəbər verir ki, kumkvatın vətəni cənub-şərqi Çin hesab edilsə də, o, buradan digər Asiya ölkələri və Yaponiyaya, daha sonra isə ABŞ-ın cənubuna yayılıb. Onun bəzi sitrus bitkiləri ilə bir çox təbii və süni hibridləri var. Kumkvatdan dekorativ bitki kimi bonsayların düzəldilməsində də istifadə edilir. Qədim zamanlarda onu müdriklərin qidası hesab edirdilər.

Kumkvat orqanizmin immun müqavimətini bərpa edir, onu soyuqdəymə və respirator virus infeksiyalarından qoruyur, xəstəlik törədən bakteriya və göbələkləri məhv edir, mədə-bağırsaq sisteminin fəaliyyətini normallaşdırır. Qurudulmuş halda istifadə ediləndə mədə və bağırsağın xora xəstəliyinin qarşısını alır. Tərkibində külli miqdarda efir yağlarının olmasına baxmayaraq, onun 100 qramının energetik dəyəri cəmi 65 kkal-dir. Ona görə də bu miniatür portağalı əsl diyetik qida hesab etmək olar.

Kumkvat bitkisinin bir çox tibbi faydaları var. Çin təbibləri quru və xroniki öskürək zamanı kumkvatdan hazırlanmış cövhəri balla qarışdırıb qəbul etməyi məsləhət görürlər. Bitkidən hazırlanmış cövhərə zəncəfil əlavə etməklə soyuqdəymə əleyhinə təsirli dərman əldə etmək mümkündür.

Kosmetologiya sahəsində kumkvatdan təbii ağardıcı vasitə kimi də istifadə edilir. Hətta ondan bəzi kremlərin tərkibində də istifadə olunur. Lakin bu bitkidən daha çox təbii halda istifadə edilir. Dəridə olan çil və ləkələrlə mübarizə aparmaq üçün yetişməmiş kumkvatın şirəsi işlədilir. İlk prosedurdan sonra dərinin rəngi əvvəlkindən təxminən 40 faiz açıq tonda olur.

Bitkinin qabığı digər sitruslar kimi efir yağları ilə zəngin olduğuna görə onu aromaterapiyada tətbiq edirlər. Qabığının xoş ətri bədənin tonusunu artırmaq xüsusiyyətinə malikdir. London universitetinin alimləri müəyyənləşdiriblər ki, hər gün kumkvatdan istifadə ayda beş kiloqram çəki atmağa imkan verir. Lakin arıqlamaq məqsədilə qurudulmuş kumkvatdan istifadə etmək məsləhət deyil, çünki onun kalorisi təzəsindən çoxdur. Kumkvata olan fərdi həssaslıq bitki ilə əlaqədar əks-göstəriş sayılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: