Ermənistan Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidməti rəhbərinin səs yazısı yayılıb

205

Ermənistan Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidməti  rəhbərinin səs yazısının yayılması işğalçı ölkədə ciddi rezonans doğurub.  NUHÇIXAN-ın məlumatına görə, səs yazısı Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan və Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyana məxsusdur. Onlar öz aralarında sabiq prezident Robert Koçaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun həbsi barədə danışırlar. Vanetsyan təklif edir ki, Xaçaturovun məsələsinə ciddi yanaşılmalıdır. Onun əvəzinə sabiq müdafiə naziri Seyran Ohanyanı həbs etmək olar. O, həmçinin Xaçaturovun müavini, yəni general-leytenant Haykaz Bağmanyanın işinə baxılmasını xatırladır. Tərəflərin danışığında hətta Ohanyana qarşı ciddi ittihamların olduğu və onun da həbs ediləcəyi barədə fikir mübadiləsi aparılır. Sasun Xaçatryan qeyd edir ki, Ohanyanın əhalini təhdid edərək, qoşun yeridəcəyi barədə xəbərdar etməsinə dair tutarlı dəlillər var. Qalmaqallı səs yazısı ilə bağlı açıqlama verən Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan Sasun Xaçatryan ilə danışığının səs yazısının internetdə yayılması fonunda istefa verməyə hazır olduğunu bildirib. Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan da ictimaiyyətin tələb edəcəyi təqdirdə, istefaya getməyə hazır olduğunu söyləyib. O, eyni zamanda sözügedən səs yazısının yayılmasının əsas məqsədinin onların mövqelərinin zəiflədilməsi, bununla xüsusi xidmət orqanlarının başladıqları işləri tamamlamasına maneə yaratmaq olduğunu vurğulayıb. Xaçatryan 2008-ci il martın 1-2-də baş verən dövlət terroru ilə bağlı da danışıb. Onun sözlərinə görə, istintaq yeni detallar aşkarlayıb. Əldə olunan məlumata əsasən, 2008-ci ilin fevralında 0038 saylı xüsusi qriflə “tamamilə məxfi” əmr verilib. Həmin əmrlə, müdafiə nazirinin müavinləri Qaqik Melkonyan və Manvel Qriqoryan tərəfindən mobil güc qrupları yaradılıb. Həmçinin 23 fevraldan 8 marta qədər Azərbycanın işğal altında olan Qarabağ bölgəsindən İrəvana  gətirilən hərbçilərə pul paylanılıb. Mətbuat konfransında mart qırğınlarında iştirak edən hərbçilərin adları və onlara verilmiş pulun məbləği yazılmış jurnal da mətbuatın diqqətinə çatdırılıb. Lakin hərbçilərə pul paylayan şəxslərin kimliyi açıqlanmayıb. Bildirilib ki, adlar  açıqlansa, onlar ölkədən qaçacaqlar. İstintaq, həmçinin müəyyənləşdirib ki, dövlət terroru zamanı daxili qoşunların əsgəri Tiqran Abqaryan xüsusi təyinatlının açdığı atəş nəticəsində qətlə yetirilib. Bu fakta dair sübutlar var. Qətl nümayişçilərlə kütləvi qarşıdurmaya qədər törədilib. Əsgər isə ordunun mitinqi dağıtmasına haqq qazandırmaq üçün qətlə yetirilib. Etiraz aksiyalarının dağıdılmasına oliqarxların cangüdənləri də cəlb olunub. Onlara hərbçilərdən fərqlənməməsi üçün gülləkeçməz jiletlər paylanılıb. Xatırladaq  ki, Ermənistanın sabiq prezindenti Robert Koçaryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. Ona qarşı 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: