Dövlət İmtahan Mərkəzi: Sosial şəbəkə istifadəçilərinin nəzərinə!

169

Azərbaycan Respublikasının “Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildiriblər ki, son günlər “Facebook” sosial şəbəkəsində bu qurumun icazəsi olmadan bir neçə səhifə və qrup yaradılıb. Aparılan araşdırmalar zamanı bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı, eləcə də DİM-in fəaliyyətinə dair təhrif edilmiş məlumatların yerləşdirildiyi məlum olub. Bəzi səhifə və qruplar “profil” şəkli və “cover” fotoları üçün mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər.

DİM istifadəçilərə daha diqqətli olmağı və mərkəzin adından yaradılmış saxta “Facebook” səhifə və qruplarına üzv olmamağı tövsiyə edir.

Bundan əlavə, tədris ilinin əvvəli olduğu üçün müəyyən hazırlıq kursları da daha çox abituriyent cəlb etmək üçün DİM-in adından qeyri-qanuni istifadə edirlər. DİM bir daha bəyan edir ki, bu qurum hazırlıq kursları ilə əməkdaşlıq etmir və hər hansı hazırlıq kursu ilə heç bir əlaqəsi yoxdur.

DİM bir daha xatırladır ki, Azərbaycan Respublikasının “Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.

Dövlət İmtahan Mərkəzi tərəfindən ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslərin və qurumların Azərbaycan Respublikasının inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilmələri ilə bağlı müvafiq tədbirlər görüləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: