Tarixi dövlətçilik ənənələrimizin saxlanc yeri, diversifikasiya olunmuş iqtisadiyyatını formalaşdıran Naxçıvan bütün sahələr üzrə əhəmiyyətli nailiyyətlərə imza atır

Ötən ayın ümumi mənzərəsi də bir daha belə deməyə əsas verir ki, muxtar respublikada hərtərəfli inkişafa nail olunub

228

Heydər Əliyev ideallarına sədaqəti ilə seçilən Naxçıvan Muxtar Respublikasının davamlı iqtisadi yüksəlişi, müasir dövrün tələblərinə uyğun idarəetmə mexanizmi və aparılan məqsədyönlü, ardıcıl siyasət nəticəsində bütün sahələrdə yeni-yeni nailiyyətlər əldə edilir. Bu uğurlar muxtar respublikanın hərbi təhlükəsizlik sisteminin qurulmasında da özünü göstərir. Müasir dünya orduları səviyyəsinə və əməliyyat-taktiki baxımdan yüksək döyüş qabiliyyətinə malik olan Əlahiddə Ümumqoşun Ordunun strateji yüksəkliklərdə etibarlı müdafiə sistemi qurması bu baxımdan diqqəti cəlb edir.

Bu ilin may ayında ordumuzun ön xəttin dövlət sərhədi boyu 26 kilo­metr məsafəni əhatə edən əməliy­yatı nəticəsində 7 kilometrədək ­dərinlikdə mühüm əhəmiyyətə malik hakim yüksəklikləri ələ keçirməsi, Şərur rayonunun işğal altındakı ­Günnüt kəndini azad etməsi və nəticədə, düşmənin yaşayış məntəqələrini və mühüm strateji yollarını nəzarətində saxlaması onun qüdrətinin növbəti göstəricisidir.
Azərbaycan Respublikasının ­Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu mühüm hadisəni “Uğurlu Naxçıvan əməliyyatı” adlandırıb.

İyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Günnüt kəndindəki hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüb.
Ali Məclisin Sədri əsgərləri salam­layıb, Azərbaycan Xalq Cümhuriyyəti və Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə şəxsi heyəti təbrik edib. Ali Məclisin Sədri deyib: “Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da ardıcıl və sistemli şəkildə icra olunmaqdadır. Əlahiddə Ümumqoşun Ordu və Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki birləşmə və hissələri böyük təşkilatlanma və inkişaf yolu keçmiş, şəxsi heyət peşəkarlığını artırmışdır. Keçirilən hərbi əməliyyatlar onu deməyə əsas verir ki, muxtar respublikada torpaqlarımızı etibarlı müdafiə edən və hər an işğal altındakı torpaqlarımızı azad etməyə qadir olan güclü ordu formalaşıb. Bu yaxınlarda Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşı­rığı yerinə yetirmək əzmindədir”.
Ali Məclisin Sədri mövqelərdə xidmətin təşkili ilə maraqlanıb, “Günnüt əməliyyatı”nda iştirak edən əsgər və ­zabitlərə hədiyyələr təqdim edib. Gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissələrin anbarlarına təhvil verilib.
Bu gün cəmiyyətimiz əmindir ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında dövlətimiz əsgər və zabitlərimizin hərbi xidmət şəraiti ilə maraqlanır, onlardan qayğısını əsirgəmir. Ali Məclis Sədrinin dəfələrlə təmas xəttində olması da bunun bariz nümunəsidir. Muxtar respublika rəhbərinin əsgər və zabitlərimizlə hər görüşü onlarda çox böyük ruh yüksəkliyi yaradır, hərbçi­lərimiz qüdrətli dövlətimizin dəstəyini daim hiss edir, bu isə onların döyüş ruhunu yüksəldir.
Günnüt kəndinin və ətraf ərazilərin ordumuzun nəzarəti altına keçməsi bu torpaqlardan səmərəli istifadə etməyə imkan yaradıb. Sərhəddə yerləşən bu yerlərin etibarlı müdafiəsi, zəngin bitki örtüyü arıçılıqla, maldarlıq və heyvandarlıqla məşğul olanlar üçün çox əlverişlidir. Artıq Şərur rayonunun Günnüt kəndinin ərazisində bu imkanlardan səmərəli istifadə edirlər.
İyulun 3-də Ali Məclisin Sədri Günnüt kəndindəki arıçılarla görüşüb. Ali Məclisin Sədri arıçıları salamlayaraq deyib: “Vaxtilə Günnüt öz balı ilə məşhur idi. Bu gün ərazidən istifadə etmək üçün lazımi şərait yaradılıb. Torpaqlarımız müdafiə olunur, yeni yol çəkilib. Bu torpaqlar kənd təsərrüfatı üçün yararlıdır. Arıçılar və təsərrüfatla məşğul olanlar bu imkanlardan lazımınca istifadə etməlidirlər”.
Ali Məclisin Sədri Günnüt kəndində bundan sonra da təsərrüfat sahibləri üçün hərtərəfli şəraitin yaradılacağını bildirib, arıçılara təşəkkür edib.
Bu gün muxtar respublikamızda tarixi abidələrin bərpası diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli ­Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib.
İyulun 5-də Qarabağlar Türbə Kompleksinin bərpadan sonra istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Ali Məclisin Sədri çıxış edərək deyib: “Muxtar respublika ərazisindəki tarixi abidələr – qalalar, saraylar və türbələr dövlətçilik tariximizlə birbaşa bağlıdır. On ikinci əsrdə Azərbaycan Atabəylər dövləti paytaxt şəhər kimi Naxçıvanda mədəniyyətin, xüsusilə Əcəmi Naxçıvani sənətinin inkişafına təkan vermiş, dünya əhəmiyyətli abidələr yaradılmışdır. Açılışına toplaşdığımız Qarabağlar Türbə Kompleksi də Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, görkəmli memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olmaqla bugünkü və gələcək nəsillərə təqdim etdiyimiz dövlətçilik irsimiz və mədəni sərvətimizdir. Abidələr o vaxt tarixin predmetinə çevrilirlər ki, onlar bərpa və tədqiq olunsunlar. Bu gün biz abidələri təkcə mədəni irsimiz kimi yox, həm də dövlətçilik tariximizin bir hissəsi kimi ­öyrənməliyik”.
Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib, Qarabağlar Türbə Kompleksinin bərpaçılarına hədiyyələr verib.
Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları Qarabağlar Türbə Kompleksinə baxıblar. Ali Məclisin Sədri kompleksin internet saytının hazırlanması və məlumatlarla zənginləşdi­rilməsi, onun muzeylər şəbəkəsinə daxil edilməsi, abidə haqqında elmi araşdırmaların aparılması, mono­qrafiya və kitabların yazılması barədə tapşırıqlar verib.
Beləliklə, Azərbaycanın qədim tarixinin bir parçası, canlı şahidi olan dünya əhəmiyyətli möhtəşəm abidəyə yenidən həyat bəxş edilib. Bu məqamda qeyd edək ki, şanlı dövlətçilik tariximizin nümunəsi olan həmin memarlıq incisi tarixə qovuşmaq üzrə idi. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində həmin abidə də Əlincəqala, Möminə xatın, Gülüstan və ümumilikdə, 70-ə yaxın tarix və mədəniyyət abidəsi kimi bərpa olunaraq Azərbaycan xalqına ərməğan edilib. Onu da deyək ki, türbə kompleksi bərpa olunduğu müddətdə Ali ­Məclisin Sədri dəfələrlə Qarabağlar kəndinə gələrək görülən işlərlə yerindəcə maraqlanıb, işlərin lazımi səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verib. Bu, dövlətimizin tarixi keçmişimizə göstərdiyi böyük diqqətin növbəti nümunəsidir. Bu diqqət Azərbaycanın dövlətçilik tarixinin simvolu olan, lakin yox olmağa üz tutmuş abidələrinə göstəriləndə isə daha möhtəşəm olur.
Kəngərli rayonunun Qıvraq qəsəbəsi aparılan kompleks quruculuq işlərindən sonra müasir görkəm alıb. İstifadəyə verilən sosial obyektlər, yaradılan istehsal müəssisələri qəsəbənin simasını tamamilə dəyişib, sakinlərin rahat yaşayışı təmin olunub, məskunlaşma artıb. Həyata keçirilən tədbirlərin davamı olaraq bu il Qıvraq qəsəbəsində gənc ailələr üçün zirzəmi ilə birlikdə 7 mərtəbədən, 48 mənzildən ibarət yeni ­yaşayış binası tikilir.
İyulun 5-də Ali Məclisin Sədri yaşayış binasında görülən işlərlə tanış olub.
Muxtar respublikada ordu qu­ruculuğu sahəsində görülən işlər içərisində hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Hərbi hissələrdə istifadəyə verilən yeni yaşayış binaları zabit-gizir ailələrinin rahat yaşayışını təmin edir. Bu il də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzildən ibarət 5 mərtəbəli yeni yaşayış binası tikilir.
İyulun 5-də Ali Məclisin Sədri binada aparılan tikinti işləri ilə ­maraqlanıb.
Muxtar respublikada nəqliyyatın inkişafı sahəsində kompleks tədbirlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvanın bütün yaşayış məntəqələri mar­şrutlarla təmin olunub. Hazırda muxtar respublikada 139 marşrut xəttində 400-ə yaxın avtobusla sərnişindaşıma xidməti həyata keçirilir. Bütün bunlar da əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına imkan verir. Görülən işlər çərçivəsində iyulun 12-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 5 yeni avtobus təqdim olunub.
Ali Məclisin Sədri bununla əlaqədar keçirilən tədbirdə avtobusların xəttə buraxılması və yeni iş yerlərinin açılması münasibətilə kollektivi və sürücüləri təbrik edib, açarları sürücülərə təqdim edib, avtobuslara baxıb.
Bu gün hər bir muxtar respublika sakini ulu öndərimiz Heydər ­Əliyevin siyasi xəttinə sədaqət nümayiş etdirərək qədim diyarın inkişafına öz töhfəsini verir. Dövlətinə və xalqına sədaqətlə xidmət edən vətənpərvər insanların əməyi isə daim yüksək qiymətləndirilir, onlar ölkəmizin müxtəlif orden, medal və fəxri adları ilə təltif olunurlar. İyulun 13-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının orden və medallarının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden və medallarını, Azərbaycan Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.
Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı bu ilin birinci yarısında da davam edib. Məhz bunun nəticəsidir ki, birinci yarımildə ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq 1 milyard 246 milyon manatdan çox olub. İstehsal olunan sənaye məhsulunun 96 faizə yaxını qeyri-dövlət sektorunun payına düşməsi sahibkarlığa göstərilən yüksək dövlət qayğısının təzahürüdür. Cari ilin ötən dövrü ərzində fəaliyyətə başlayan yeni sənaye müəssisələrində 10 növdə 163 çeşiddə məhsulun istehsal olunması daxili bazarda yerli istehsalın çəkisini xeyli artırıb və qiymətlərin tənzimlənməsinə şərait yaradıb. Muxtar respublikada qızıl-gümüş zinət əşyaları, plastik boru, profil və aksesuarlar, istixana kompleksi, heyvandar­lıq, arıçılıq, quşçuluq, balıqçılıq təsərrüfatlarını əhatə edən 5-i özəl investisiyalı olmaqla, 29 istehsal və xidmət sahəsinin yaradılması, Sahibkarlığa Kömək Fondu tərəfindən 23 layihənin maliyyələşdirilməsinə 5 milyon 735 min 800 manat həcmində güzəştli kreditlərin ayrılması, 12 ailə təsərrüfatına 145 min manat dövlət maliyyə dəstəyinin göstərilməsi də sahibkarlığın inkişafı üçün ­stimullaşdırıcı tədbirlərin həyata keçirildiyini təsdiq edir. Bu dövrdə muxtar respublikada infrastruktur quruculuğu tədbirləri davam etdirilib, bütün maliyyə mənbələri hesabına əsas kapitala 548 milyon manata yaxın vəsait yönəldilib, tikinti və ya yenidən­qurmadan sonra 93 obyekt istifadəyə verilib. 1364 yeni iş yerinin açılması, bunun da 98,3 faizinin daimi iş yerlərinin olması əhalinin məşğulluğunun artırılması və sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Ötən 6 ayda muxtar respublikaya 195 min 886 turist gəlib, iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar demoqrafik vəziyyətin daha da yaxşılaşmasına səbəb olub, əhalinin sayı 454 min nəfəri ötüb.
Muxtar respublikanın inkişafının yüksələn xətt üzrə davam etdiyini göstərən bu və digər əhəmiyyətli faktlar iyulun 14-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında da qeyd olunub.
Sessiyada məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişaf qorunub saxlanmışdır. Bu inkişafın təməlində ümummilli lider Heydər Əliyevin 1969-cu ilin 14 iyulundan əsasını qoyduğu quruculuq xəttinin davam etdirilməsi dayanır. Azərbaycan ­Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin may ayında Naxçıvan Muxtar Respublikasına səfəri zamanı görülmüş işlər barədə demişdir: “Naxçıvan abadlaşır, ­gözəlləşir, çox böyük quruculuq, yaşıllaşdırma işləri aparılır. Binalar təmir olunur, yeni gözəl binalar tikilir. Naxçıvanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.
Ali Məclisin Sədri 2018-ci ilin birinci ­yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirib.
Geniş turizm potensialına malik olan Şahbuz rayonunun Ağbulaq kəndinin əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür. İyulun 17-də Ağbulaq kəndində Xizək Mərkəzinin təməlatma tədbiri olub.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri cənab Vasif Talıbov və Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya beton qarışığını bünövrəyə tökərək mərkəzin təməlini qoyublar.
Ali Məclisin Sədri tikinti işləri aparılarkən keyfiyyət amilinin əsas götürülməsi və ­mühəndis-texniki tələblərə əməl edilməsi, təbiətə ziyan vurulmaması və yaşıllıqların qorunması barədə tapşırıqlar verib.
Həmin gün Ali Məclisin Sədri Ağbulaq kəndində turizmin inkişafı sahəsində həyata keçirilən digər tədbirlərlə də maraqlanıb, abadlaşan kənd evlərində olub, sakinlərlə görüşüb, kənddə aparılan abadlıq işlərinin davam etdirilməsi, yaradılan şəraitdən səmərəli istifadə olunması və payız aylarında iməciliklərin ­keçirilməsi ilə bağlı tapşırıqlar verib.
Bu gün muxtar respublikada aqrar sahədə kompleks islahatlar həyata keçirilir, hər il Naxçıvana yeni kənd təsərrüfatı texnikaları alınıb gətirilir.
İyulun 21-də Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınıb gətirilən yeni kənd təsərrüfatı texnikalarına baxıb.
Məlumat verilib ki, bu il muxtar respublikaya 79 yeni texnika və avadanlıq alınıb gətirilib.
Bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Bütün yaşayış məntəqələri genişzolaqlı sabit və ­ 4-cü nəsil mobil internet xidmətləri ilə təmin edilib. 2010-cu ildən muxtar respublika ərazisində mövcud telefon sisteminin rekonstruk­siyasına başlanılıb. Bu günə qədər layihənin 4 mərhələsi başa çatdırılıb. Ordubad rayonu ərazisində mövcud avtomat telefon stansiyalarının rekonstruksiyası da bu sahədə görülən işlərin davamıdır.
İyulun 27-də Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri cənab Vasif Talıbov və “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə vitse-prezidenti James Chen açılışı bildirən lenti kəsiblər.
Ali Məclisin Sədri Ordubad rayonunda Rabitə Evinin və 11 min 300-dən artıq nömrə tutumu olan 35 yeni nəsil telefon stansiyasının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətlə Ordubad ­rayonunun əhalisini təbrik edərək deyib: “Ölkəmizdə bütün sahələr inkişaf edir. Bu inkişafın nəticəsidir ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Ordubad rayonunda istifadəyə verilən yeni nəsil telefon stansiyaları dünya səviyyəli şirkət olan “Huawei” şirkətinin ən müasir avadanlıqları hesabına qurulmuşdur. Bu da ölkəmizin inkişafının göstəricisidir. Bu inkişafa isə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xəttin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olunmuşdur. Çünki ölkəmizdə iqtisadi inkişaf, sabitlik və dövlətin sosialyönümlü siyasəti olmasaydı, bu işləri həyata keçirmək də mümkün olmazdı”.
Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə maraqlanıb, Ordubad rayonu ərazisində qurulan Yeni Nəsil Telekommunikasiya Sistemini işə salıb.
Ali Məclisin Sədri bina ilə tanışlıqdan sonra kollektivlə görüşüb, yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı müvafiq tapşırıqlar verib.
Ordubadda istər müasir binanın tikilib istifadəyə verilməsi, istərsə də yeni nəsil telekommunikasiya sistemlərinin qurulması muxtar respublikada rabitənin inkişafına göstərilən qayğının ifadəsidir. Artıq rayonun bütün yaşayış məntəqələrində insanlar ən müasir rabitə xidmətindən istifadə edəcəklər. Bu isə o deməkdir ki, Ordubadın timsalında muxtar respublikamızda, ümumilikdə, insan amilinə böyük dəyər verilir.

Ötən ayın mənzərəsinə nəzər yetirdikdə bir daha əminlik yaranır ki, muxtar respublikada bütün sahələrdə hərtərəfli inkişaf təmin olunub. Bu inkişafın qədim diyarın bütün bölgələrini, hətta ən ucqar dağ kəndlərini belə, əhatə etməsi həyata keçirilən sosial-iqtisadi siyasətin əsas xəttini təşkil edir. Bu siyasətin strateji məqsədi isə sosialyönümlü, diversifikasiya olunmuş, özünüinkişaf qabiliyyətli iqtisadiyyatın qurulmasıdır. İnkişafın keyfiyyətcə yeni mərhələsi adekvat olaraq bütün sahələrdə modernləşməyə əsaslı təkan verib. Müasir Naxçıvan ulu öndərimizin dövlətçilik ideallarının işığında yaradıcı təfəkkürün real və möhtəşəm nəticələri əsasında ardıcıl olaraq davamlı şəkildə inkişaf edən bir diyar kimi şan-şöhrət qazanmaqda, bütün istiqamətlərdə zəfər yürüşünü davam etdirməkdədir.

Rauf KƏNGƏRLİ

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: