Taxıl biçini zamanı yanğın təhlükəsizliyinə əməl edilməlidir

223

Hazırda muxtar respublikanın hər bir rayonunda intensiv taxıl biçini aparılır. Bu strateji əhəmiyyətli məhsulun yığımı, mal-qara üçün quru ot tədarükü görüldüyü mövsümdə taxılın  yanğından qorunması üçün zəmilərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması çox vacib məsələlərdən biridir.

Əhalinin diqqətinə çatdırırıq ki, taxılın yanğından qorunması hər bir vətəndaşın şərəf işi olmalıdır. Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir və o, böyük zəhmət hesabına yetişdirilir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin  mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, taxıl zəmilərində yanğın təhlükəsizliyini təmin etmək üçün aşağıda qeyd olunanlara ciddi əməl edilməsi tövsiyə olunur:

  • taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri, torpaq mülkiyyətçiləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunması üçün əhali arasında maarifləndirmə işləri aparmalıdırlar;
  • biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır;
  • taxıl zəmisinin yaxınlığında tonqal qalamaq, gecə vaxtı maşınların yanacaqla doldurulmasına yol vermək olmaz;
  • zəmilərin yaxınlığında uşaqların kibritlə oynamasına, odla dəcəllik etməsinə yol verilməməlidir;
  • tezalışan məhsullar, o cümlədən yanacaq və sürtgü materialları yerə tökülməməlidir.

Taxıl yığımı zamanı yanğın baş verərsə nə etməli

  • kombaynda və ya taxılı daşıyan avtomobillərdə baş verən yanğını təcili olaraq söndürmək və texnikanı taxıl zəmisindən çıxarmaq lazımdır;
  • dərhal iş dayandırılmalı, ilkin yanğınsöndürmə vasitələri ilə, eləcə də yanan yerə torpaq atmaqla yanğını söndürməyə çalışmaq lazımdır;
  • əgər yanğının qarşısını almaq mümkün olmadıqda, dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və ya “101” xidmətinə zəng etməklə yanğından mühafizə bölmələrini köməyə çağırmaq lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: