Gəncəli qonağın Batabat təəssüratları

383

Mən Gəncə şəhərində yaşamağıma baxmayaraq, Naxçıvana-Şahbuza tez-tez üz tuturam. Xüsusilə də bu aylarda. Çünki həm qohumlarımın demək olar ki, çoxu Naxçıvanda yaşadığından onları görmək üçün gəlirəm, həm də burada istirahətimi yaxşı keçirmək üçün hər bir şərait var.  Ailə üzvlərimlə birlikdə Batabat yaylağında dincəlirik. Bu yerin təbiətinə vurğunuq. Çox rahat, abad yollardan, səliqəli küçələrdən, müasir tikili evlərdən keçə-keçə Batabata gəlirik. Yol boyunca sıralanan ağacların meyvəsindən dadırıq. Batabata gəlməyimizin səbəbləri çoxdur. Ən əsası isə “Zorbulaq”, “Üzən ada”, ”Fərhad evi”,  Şahbuz Dövlət Təbiət Qoruğu, Batabat Astrofizika Rəsədxanasının ərazisi bizim üçün maraqlıdır. Adını çəkdiyimiz yerlərdə insanın ağlına gəlməyən bütün gözəlliklər var.

Şahbuz Dövlət Təbiət Qoruğu Batabat yaylağının təkrarsız təbiət mənzərələrinin, o cümlədən flora və faunasının qorunub gələcək nəsillərə çatdırılmasında mühüm vasitədir. Qoruğun florası, faunası çox zəngin və rəngarəngdir. Bu ərazidə nadir hesab edilən və böyük elmi maraq doğuran bir sıra qiymətli ağac və kol bitkiləri tanıdım. Zorbulağın damarda qanı donduran suyu var. Bu da bulağın özünəxas gözəlliyidir. Hər dəfə gələndə Astrofizika Rəsədxanasında da oluram. Batabat, eyni zamanda, min bir adda dərman bitkiləri, gül-çiçəyi ilə zəngindir. Buranın həm də zəngin qida əhəmiyyətli bitkiləri var. Əvəlik, ələyəz, dikcə, yarpız, qırxbuğum mənim ət yeməklərindən üstün bildiyim təamlardır. Onların yığım vaxtı keçsə də, sağ olsun qohumlarımızı, payımızı ayırıb saxlayırlar. Buranın lavaşını çox xoşlayıram. Çox ləzzətli və xoş ətirli iyi var. Ona görə də yaşadığım şəhərə geri dönərkən rayon mərkəzindəki çörək istehsalı müəssisəsində bişirilən lavaşdan alıb aparıram. Ümumiyyətlə, istirahətimizi mənalı keçirib geri dönən zaman əliboş qayıtmırıq, Şahbuzun təbii nemətlərindən alırıq. Təbii nemətləri bol olan yurdumda hər bir şeyin qiyməti həm də büdcəmizə uyğundur.

Qeyd etməliyəm ki, Batabatla yanaşı, Ağbulaq kəndində də olduq. Kənddə hər bir turistin asudə vaxtının səmərəli təşkili üçün geniş imkanlar var. Kəndin təbiəti, suyu, havası çox xoşdur. Təmizliyinə, səliqə-sahmanına da söz ola bilməz. İnsanları çox qoçaqdır. Onların işlək olması, gözəl evlər tikməsi, meyvə bağları, yaşıllıq zolaqları salmaları məndə xoş təəssürat yaratdı. Bir kəndin bu qədər yaşıllığa qərq olması, biz turistlərin burada mənalı istirahət etməyimizə öz təsirini göstərir. Uca bir yerdə İstirahət Mərkəzinin salınması buradan kəndin bütün gözəlliklərini seyr etməyə imkan verir. Mərkəzin xaricində və daxilində yaradılan şərait inanıram ki, mənim kimi hər bir turistin ürəyincədir. Buraya üz tutan qonaqlar çox mehribanlıqla qarşılanır. Yeməklər təbii nemətlərdən hazırlanır. Gələn illərdə də qismət olarsa, yenə də istirahətimi ürəyimcə keçirmək üçün Şahbuza üz tutacağam.

Eltac Şirinov

  Gəncə şəhər sakini

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: