Uğurun açarı özümüzdədir

577

İlin bu mövsümündə yaşanan ən həyəcanlı məqamlardan biri də  təbii ki, abituriyentlərin ali məktəblərə sənəd verərək tələbə adı qazanması  ilə bağlıdır. 11 illik orta təhsildən sonra gələcək arzularını ali təhsil almaqda və hər hansı bir sahədə peşəkar kimi yetişməkdə görən  gənclər  öz arzularına çatmaq istəyirlər. Amma bu anlar heç də həyəcansız olmur. Bu ərəfədə, yəni ali məktəblərə qəbul olunmaq üçün imtahanqabağı məqamda  gənclər hansı psixoloji gərginlik yaşayır və bu həyəcan onların imtahanlardakı davranışına necə təsir edir, bunun baş verməməsi üçün hansı addımlar atılmalıdır?- bununla bağlı “İstedad- XXI əsr” kurslarının direktor müavini, gənc müəllim və pedaqoq Arzu Abdullayevlə həmsöhbət olduq. Arzu Abdullayev NUHÇIXAN-ın sullarına belə cavab verdi.

-Arzu müəllim, təbii ki, hər bir abituriyent imtahandan uğurla  çıxmaq istəyir. Sizcə imtahanda müvəffəqiyyət qazanmağın sirri nədir?

-Çox sağ olun. Mən bir şeyi qeyd edim ki, məktəbli, tələbə, kursant, sürücü–kimliyindən asılı olmayaraq hər kəs həyatında heç olmasa bir dəfə də olsa imtahana girib. Odur ki, imtahan həyəcanı heç kimə yad deyil. İmtahan nə qədər əhəmiyyətlidirsə, həyəcan da bir o qədər çoxdur. Həyatımızda çox böyük əhəmiyyət kəsb edən imtahanlar da var. Məsələn, Ali məktəblərə qəbul imtahanı. Növbəti təhsil ilinin sonu, qəbul imtahanına sayılı günlərin qalması, eyni zamanda havaların istinməsi gərginliyi daha da artırır.  Belə ki, may ayından etibarən imtahanlara start verilir və bu həyəcan iyulun sonunadək davam edəcək. İmtahanqabağı stress, depressiyalar, yorğunluq bu dövrdə abituriyentlərin üzləşdiyi əsas problemlərdəndir.  Çiyinlərinə düşən bu gərginliyi götürməyə gənclərin yalnız özləri qadir olsalar da, bu sahədə onlara yardım etmək və köməklik göstərmək də mühüm məsələdir. Abituriyent imtahana qədər olan vaxtda özünə inam hissini və enerjini itirməməli, imtahanın uğurlu keçəcəyinə özünü yönəltməli, depressiyaya düşməməlidir. Əgər imtahan verən şəxs özünə inamlı deyilsə və tez həyəcanlanırsa, bu ona biliyini toplamağa, diqqətini cəmləməyə mane olacaq.

-Arzu müəllim,  bəs onda nə etməli, imtahan öncəsi stressdən uzaq durmağın yolları sizcə hansılardır?

-Statistikaya görə, abituriyentlərin 96 faizi imtahan zamanı stress altında olur və bu stress hətta yetərincə biliyi olanların belə yaxşı nəticə göstərmələrinin qarşısını alır. Əslində onlarda bu həyəcanı yaradan da “görəsən qəbul ola biləcəyəmmi?”, “valideynlərimə nə deyəcəyəm?”, “qohumlar haqqımda nə fikirləşəcək?” kimi düşüncələrdir.  İmtahan günləri yaxınlaşdıqca valideynlər də stress keçirməkdə övladlarından geri qalmırlar və onların gərginliyi imtahana hazırlaşan abituriyentin də həyəcanına həyəcan qatır. Mütəxəssislər hesab edir ki, belə insanlara özünütəlqin və autotreninq məsləhət görülür. Həmçinin idman hərəkətləri, təmiz havada gəzinti ilə də özlərini sakitləşdirə bilərlər. Səhər gimnastikası fiziki və zehni gərginliyi aradan qaldırmaq üçün çox faydalı, imtahanqabağı mərhələdə isə xüsusilə vacibdir. Gecə çox gec saatlara qədər oxumaq  düzgün deyil. Beyinin yaxşı işləməsi üçün yaxşı yatmaq, istirahət etmək lazımdır. Psixoloqlar abituriyentlər üçün gecə tez yatıb səhər tez durmağı, həmçinin  günorta da 1 saat yatmağı məsləhət görür. Yatmazdan əvvəl ən çətin materialı təkrar etmək lazımdır, çünki beyin təkcə oxuyarkən işləmir, o yatarkən, yəni sakit şəraitdə qəbul etdiyi informasiyaları seçir, uzunmüddətli hafizəyə ötürür. Deməli, materialın mənimsənilməsi  hətta yuxuda da davam edir.

İmtahan hazırlığının əsasında vaxtın düzgün bölünməsi durur. Saatlarla fasiləsiz oxumaq məsləhət deyil. İstirahətə vaxt ayırmaq mütləqdir. Effektli istirahət üçün sərgiyə baxmaq, muzeyə, teatra getmək, musiqi dinləmək də faydalıdır. Əlbəttə ki, istirahətdən sonra diqqətinizi mərkəzləşdirmək çətin olacaq. Amma 10 dəqiqədən sonra diqqətiniz ixtiyaridən qeyri-ixtiyariyə keçəcək, nəticədə, beyniniz informasiyanı daha yaxşı qəbul edəcək.

–  Bəs onda  imtahanqabağı nələrə diqqət edilməlidir ?                            

– Mütəxəssislər hesab edir ki, abituriyentlər imtahandan bir neçə gün öncə ciddi hazırlıqları dayandırmalı, evdə imtahan, onun gedişi, nəticəsinin necə olacağı barədə söhbətləri etməməlidir. Abituriyent imtahandan öncəki 1-2 günü ancaq istirahətə və bu zamanadək aldığı biliklərin sistemləşdirilməsinə sərf etməlidir. Bundan əlavə, imtahandan öncəki axşam yatmazdan əvvəl müxtəlif sakitləşdirici otlardan çay dəmləyib içməli, gecəni rahat yatmalıdır. Çünki beyin istirahət etdikdə imtahanda insanın toparlanması və köklənməsi asanlaşır.

-Arzu müəllim, imtahan həyəcanı deyilən bir məfhum var. Bəs ondan necə xilas olmalıyıq?

– Təbii , bu hal olub və həmişə olacaqdır. Amma o da var ki,  imtahan yaxınlaşdıqca abituriyentdən əvvəl valideynlər həyacanlanmağa başlayır və bunu açıq şəkildə övladlarına hiss etdirirlər. Təbii ki, valideynlərin həyəcanları başa düşüləndir, amma onlar çalışmalıdırlar ki, bu həyəcanı uşaqlarına hiss etdirməsinlər. Əgər bu situasiyalar olmasa abituriyentlərdə şiddətli həyəcan yaranmaz və öz həyəcanlarını  rahat bir şəkildə yox edə bilərlər. Yaxşı olar ki, abituriyentlər qarşılarına bir hədəf qoysunlar və hədəflərinə doğru məqsədyönlülük nümayiş etdirsinlər. İmtahan vərdişinə yiyələnmək üçün praktik imtahanlarda  və sınaq imtahanlarında özlərini sınasınlar. Ancaq nəzərə alsınlar ki, sınaq imtahanlarında əldə etdikləri nəticə sonuncu nəticə deyil. Özlərində nə arxayınlıq, nə də inamsızlıq hissi yaratmasınlar. Bu məsələdə də valideynlər daha çox təsiretmək imkanına sahibdirlər. İmtahan öncəsi bir neçə gün istirahətlərini düzgün şəkildə qurub, yuxu rejiminə diqqət yetirsinlər. Bacardıqları qədər təbiətlə təmasda olsunlar. Bütün bunlar beynin sakitləşməsinə və dincələməsinə şərait yaradır.

– Sizin dediklərinizdən belə bir məntiqi nəticə çıxır ki, uğurun açarı özümüzdədir

-Əlbəttə, mən bir şeyi qeyd edim. Məşhur Harvard universitetinin tələbələrini motivasiya etmək üçün istifadə olunan 10 fəlsəfi fikir var. Onlar imtahan qabağı bu qaydalara ciddi şəkldə riayət etməyə çalışırlar. Amma bu qaydalar  nəinki imtahanlara hazırlaşan tələbələr üçün, həm də həyatda uğura hədəflənən digər insanlara da olduqca faydalı olacaq.  Məncə, bunları bilmək və onlara riayət etmək hamı üçün maraqlı olar. Onlar aşığadıakılardır:

  1. Əlbəttə əgər sən indi yatsan, sənin xəyalın yuxuda sənə görünəcək, amma sən yuxunu deyil, oxumağı seçsən onda sən bu xəyalı həyata gerçəkləşdirə biləcəksən.
  2. “Hər şey artıq çox gecdir” deyə fikirləşdiyin anda, əslində hələ çox tezdir və hər şey hələ qabaqdadır.
  3. Təhsilə görə çəkilən əzab müvəqqəti, biliksizliyə görə verilən əzab isə əbədidir.
  4. Təhsil daşımalı olduğun yük deyil, bu sənin göstərdiyin səylərdir.
  5. Gərginlik və əzmkarlıq həm də həzzə çevrilə bilər.
  6. Yalnız hər şeyi daha tez edən adam və yalnız həqiqətən səy göstərən adam, həqiqətən də öz uğurundan zövq ala biləcək.
  7. Hər şeydə uğur qazanmaq heç də hər kəsə müyəssər olmur. Amma uğur yalnız özünütəkmilləşdirmə və qətiyyət ilə əldə edilir.
  8. Vaxt uçur.
  9. Bu gün bir də təkrar olmayacaq, ötən gün bir də geri qayıtmayacaq.
  10. Hətta indi də sənin düşmənlərin acgözlüklə kitabları vərəqləyirlər.

Yəni bunları diqqətlə oxuyan və onlara əməl edən hər kəs imtahanqabağı özünə təsəlli verə və həyat həqiətlərini dərk edə bilər. Amma yenə də hər şey insanın qazandığı bilik və savaddan asılıdır.

-Çox sağ olun, Arzu müəllim. Biz də inanırıq ki, bu söhbətimiz istər imtahana  hazırlaşan gənclər, istərsə də onların valideynləri üçün faydalı olacaq.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: