Zeynəddində çiyələk əkininə maraq böyükdür

251

Üzü yaya gedən günlərdir, havalar istiləşdikcə  bir birindən  ləziz, dadlı meyvə və tərəvəzlər  yetişir .  Bazar və  marketlərdə  üstünlük təşkil edən  mövsüm  meyvələri  sırasında çiylək də var. Mövsümün bəlkə də elən ən sevilən meyvəsi də elə çiyələkdir. İstər dadı və ətri , istərsə də cəlbedici görünüşü olan bu  giləmeyvəni  hər kəs sevir.

Sağlamlıq baxımından da  son dərəcə faydalı olan çiyələk qan təmizləyici xüsusiyyətə malikdir, diş ətlərini gücləndirər,ağız qoxusunu aradan qaldırar,sakitləşdirici təsiriylə, təzyiqi aşağı salmağı da təmin edir.

Muxtar Respublikamızda isə çiyələk daha çox  Babək rayonun Zeynəddin kəndində əkilir. Ümumiyətlə desək  Muxtar Respublikamızda bu kənd həmişə  meyvələri  ilə şöhrət tapıb  .  Burada yetişən  meyvələr ,bu torpaqda bitən bar-bəhər Naxçıvanda adı ilə tanınır.

Zeynəddin göycəsi, badamı, alması , armudu ,heyvası ,  üzümü, ətirli çiyələyi   bazar  və marketlərdə piştaxtaları bəzəyib, alıcısı da başının üstündə…Təbii ki,  yetişən bu  bar-bəhər bu torpaqda çalışan insanların torpağa tökdükləri  tərin və qabarlı əllərin məhsuludur. Sərin bir yaz  səhərində  yolumuzu   bu kəndə  saldıq.  Kəndin  insanı valeh edən yamyaşıl  hüsnü  necə deyərlər qəlbimizi vəcdə gətirdi.

İlin günün bu çağında Zeynəddində  elə bir həyət tapmaq olmaz ki orada çiyələk sahəsi olmasın. Kənddə qadınlı kişili hər kəsin çiyələk əkininə marağı böyükdür.

Sakinlər çiyələyi həm çöl,həm də həyətyanı sahələrdə  əkirlər Biz  də  Əlləddin Əliyevin  çiyələk sahəsində olduq .  Kol dibindən qızaran çiyələklər göz oxşayırdı , bir necəsinin dadına baxdıqdan sonra  təsərrüfatçı ilə söhbət etdik.  O, deyir ki,çiyələyi  biz güzəranımızı yaxşılaşdırmaq üçün əkirik, məhsuldar ,gəlirli bitkidir , torpağa şırım üsulu ilə əkilir. Suya tələbkardır, həftədə bir dəfə suvarılmalıdır. Aprel may aylarında alaqdan təmizlənən çiyələk sahələrinə  mineral gübrələr verilməlidir. Birinci il əkilən  çiyələk sahələrindən 3 il ardıcıl məhsul əldə etmək mümkündür. Əkdiyimiz çiyələk viktoriya çiyələyidir may ayından başlayaraq  oktyabr ayınadək məhsul verir. Son illərdə Qazaxıstandan çiyələyin yeni bir növünü qara çiyələyi də gətirib əkmişik . Çiyələk yetişdirilməsi ən asan olan  bitkilərdəndir.  Bu dadlı giləmeyvədən hazırlanan siroplar, kompotlar , mürəbbələr  də  can dərmanıdır.

Bağbanın  bu sahədən  əldə etdiyi  yaxşı gəlir ,eləcə də   bu gün aqrar sahənin inkişafına göstərilən diqqət və qayğı , Muxtar Respublikamızda Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı istiqamətində qəbul edilən dövlət proqramları  onu  bu  işə daha da həvəsləndirib. Gələcəkdə çiyələk sahəsini  genişləndirməyi qarşısına məqsəd qoyub İndi bazarda Zeynəddin çiyələyinə   tələbat də çoxdur , qiymətinə gəldikdə isə 2-3 manata alıcılara təklif olunur.

Torpağın mineral tərkibindəndir, ya içdiyi sudan, amma Zeynəddinin bağlarında bitən  meyvələrin dadı başqadır. Bal kimi şirin üzümü,ətirli şaftalısı, badamı, hamının çox  sevdiyi çiyələyi, sulu göycəsi mövsümündə  Naxçıvan bazarlarında piştaxtaların yaraşığı,süfrələrin bəzəyidir.

 

Türkanə Əmoyeva

“Şərqin səhəri” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: